• şənbə, 08 Noyabr, 23:59
  • Baku Bakı 16°C

Zəfərdən güc alan ordu

08.11.25 17:15 213
Zəfərdən güc alan ordu

Azadlıq meydanında Qələbənin beşinci ildönümünə həsr olunmuş möhtəşəm Hərbi parad keçirilib. Paradda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif də iştirak ediblər.

Noyabrın 8-də Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif paradda iştirak ediblər.

Ümummilli Lider Heydər Əliyevin və qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə raport verib.

Türkiyə və Pakistan liderlərinə təşəkkür

Paradda çıxış edən Prezident İlham Əliyev bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İkinci Qarabağ müharibəsinin ilk saatlarından başlayaraq, Azərbaycana, Azərbaycan xalqına, Azərbaycan Ordusuna öz dəstəyini göstərirdi. “Onun bizə verdiyi siyasi və mənəvi dəstək bizə güc verirdi, bizi ruhlandırırdı”, - deyə dövlət başçısı əlavə edib. Onun sözlərinə görə, müharibədən və şanlı Zəfərimizdən bir il sonra tarixi Şuşa şəhərində Türkiyə və Azərbaycan prezidentləri Şuşa Bəyannaməsini imzalayaraq əlaqələrimizi ən yüksək zirvəyə - müttəfiqlik səviyyəsinə qaldırmışlar. Dövlət başçısı qeyd edib: “Bu gün bizim hərbi paradda Türkiyə hərbçilərinin iştirakı bizim birliyimizin növbəti təzahürüdür”.

Prezident İlham Əliyev paradda Pakistan Baş nazirinin iştirakını da xüsusi vurğulayıb. “Pakistan dövləti və xalqı 44 günlük Vətən müharibəsi zamanı Azərbaycana dəstək və həmrəylik göstərmişdir”, - deyən Prezident vurğulayıb: “Bu gün ilk dəfə olaraq Azadlıq meydanında Pakistan hərbçiləri də bizimlə bərabər iştirak edirlər. Bu, üç ölkənin - Azərbaycan, Türkiyə, Pakistan xalqlarının, ordularının birliyinin təzahürüdür”.

“Azərbaycan heç vaxt işğalla barışmaq fikrində deyildi”

Çıxışına davam edən Prezident İlham Əliyevin sözlərinə görə, 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti nəticəsində torpaqlarımızın təxminən 20 faizi işğal altına düşmüşdü. Bir milyon Azərbaycan vətəndaşı qaçqın-köçkün vəziyyətinə salınmışdı: “Xalqımıza qarşı hərbi cinayətlər törədilib. Etnik təmizləmə siyasəti aparılırdı. Bu, bizim iradəmizi sındırmadı. Azərbaycan heç vaxt işğalla barışmaq fikrində deyildi. Sülh danışıqları apararkən hər zaman bəyan edirdik ki, əgər bu danışıqlar nəticə verməsə, Azərbaycan istənilən yollarla, o cümlədən hərbi yolla öz tarixi, əzəli torpaqlarını azad edəcək. Uzun müddət davam edən danışıqların nəticəsi sıfır olmuşdu. Səbəbi o idi ki, Ermənistan öz xoşu ilə bir qarış torpaq azad etmək fikrində deyildi. Ermənistanın arxasında duran bəzi dövlətlər isə onlara siyasi-iqtisadi və hərbi dəstək göstərərək onlarla həmrəy idi. Onların fikri əzəli Qarabağ torpağımızı Azərbaycandan qoparıb Ermənistana birləşdirmək idi. Bizim isə siyasətimiz ərazi bütövlüyümüzü, suverenliyimizi tam bərpa etməkdən ibarət idi".
Prezident bildirib ki, biz iqtisadi müstəqillik qazanmışıq və bu gün Azərbaycan iqtisadi cəhətdən heç bir ölkədən asılı deyil. Bu, bizə daha böyük siyasi güc verirdi. “Biz müstəqil siyasət aparan ölkə idik və bu amillər digər amillərlə bərabər bizi şanlı Zəfərə yaxınlaşdırırdı”, - deyə dövlətimizin başçısı əlavə edib.

Prezident qeyd edib ki, gənc nəsil Vətənə sevgi ruhunda tərbiyə edilib: “Bizim gənclərimiz 44 gün ərzində öz sinələrini qabağa verərək, güllə altına gedərək tarixi torpaqlarımızı işğalçılardan azad etdilər. Vətənpərvərlik, mənəvi keyfiyyətlərimiz şanlı Zəfərimizin əsas amillərindən biridir”.

“İstintaq təcridxanasında Azərbaycan çayını içirlər” 

Prezident İlham Əliyev xatırladıb ki, İkinci Qarabağ müharibəsindən əvvəl Ermənistanda onların tanklarının Bakı küçələrində olacağını, özlərinin isə Bakıda çay içəcəklərini deyirdilər: "Əslində, onların bu arzuları gerçəkləşdi, onu biz gerçəkləşdirdik. Hərbi Qənimətlər Parkında erməni tankları var, erməni cinayətkarlar isə Bakıda istintaq təcridxanasında Azərbaycan çayını içirlər".

Qarabağ və Şərqi Zəngəzur dirçəlir

Dövlət başçısı qeyd edib ki, biz enerji və nəqliyyat layihələrini uğurla həyata keçirərək, bir çox ölkələr üçün, böyük coğrafiya üçün əvəzolunmaz ölkəyə çevrildik. Bütün bu amillərlə bərabər, ordu quruculuğu hər zaman prioritet məsələ olaraq qalırdı.
Dövlət başçısı bildirib ki, biz bütün dünyaya güclü dövlət və müzəffər xalq kimi özümüzü göstərmişik: "44 gün ərzində döyüş meydanında 300-dən çox şəhər və kənd düşmənlərdən azad edilib. Biz düşməni qova-qova irəli gedirdik. Nəhayət 8 noyabrda alınmaz qala sayılan Şuşa şəhəri erməni işğalından azad edilib. Biz dağlardan, çaylardan, dərələrdən keçərək şanlı zəfərə doğru gedirdik. Şuşanın düz beş il bundan öncə azad edilməsi Ermənistan ordusunun belini qırdı. Bir gün sonra Ermənistan rəsmən təslim olaraq kapitulyasiyaya imza atdı. Beləliklə, biz ərazi bütövlüyümüzü, tarixi ədaləti, beynəlxalq hüququ və milli ləyaqətimizi özümüz bərpa etdik".

Prezident onu da bildirib ki, bu gün Qarabağ və Şərqi Zəngəzur dirçəlir. Bu gün “Böyük Qayıdış” Proqramı icra edilir. “Məktəblər, xəstəxanalar, sənaye müəssisələri, elektrik stansiyaları, su anbarları, evlər tikilir. Artıq 60 mindən çox insan azad edilmiş torpaqlarda yaşayır, çalışır və təhsil alır”, - deyən dövlətimizin başçısı bütün bu tarixi nailiyyətlər münasibətilə xalqımızı bir daha təbrik edib.

“Zəfərimiz mübarək olsun”

Daha sonra çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəfər Günümüzün 5-ci ildönümündə bizlərlə bərabər olmaqdan böyük bəxtiyarlıq duyduğunu deyib:

“İlham Əliyev qardaşıma dəvəti üçün minnətdarlığımı çatdırıram. Sizlərə Türkiyədəki qardaşlarınızın salamlarını gətirdim. Sizlərə 86 milyonun ən səmimi məhəbbətlərini gətirdim. Bu qürur günümüzdə hazırda Türk Dövlətləri Təşkilatındakı qardaşlarımız da bizimlə eyni coşqunu yaşayır. Zəfərimiz mübarək olsun”.

Türk dünyası üçün də böyük bir qürur mənbəyi

“Bu böyük Zəfərin memarı və lideri olan İlham Əliyev qardaşımı səmimi-qəlbdən təbrik edir, uğurlarının daimi olmasını diləyirəm”, - deyən Rəcəb Tayyib Ərdoğan bildirib ki, Qarabağın azad edilməsi təkcə Azərbaycan üçün deyil, Türk dünyası üçün də böyük bir qürur mənbəyidir.

Onun sözlərinə görə, bu gün birlikdə 30 illik işğalı sonlandıran möhtəşəm və mükəmməl bir Zəfərin beşinci ildönümünü qeyd edirik: “Vətən müharibəsinin bütün şəhidlərini, Azərbaycanın igid övladlarını bir daha rəhmətlə anıram. Rəbbim şəhidlərimizin ruhlarını şad, məkanlarını inşallah cənnət eləsin”.

“Qarabağın hər qarışında hüzur var, inkişaf var”

Türkiyə Prezidenti qeyd edib ki, Azərbaycan Ordusunun Qarabağ torpağında atdığı hər addım, müstəqillik və ləyaqət uğrunda tökülən hər damla qan Türk dünyasının tarixində şərəf nişanəsi kimi ortaq tariximizə qızıl hərflərlə yazılıb: “İlham qardaşımın liderliyi altında Azərbaycan Ordusu Qarabağı işğaldan qurtararaq, könüllərdəki 30 illik yanğını da söndürdü. Allaha şükürlər olsun, bu gün Laçından Şuşaya, Zəngilandan Xankəndiyə, Xocalıdan Füzuliyə qədər Qarabağın hər qarışında hüzur var, inkişaf var, barış, rifah və azadlıq var”.

“Bu gün ürəyim fəxarət hissi ilə dolur”

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif də ürəyinin fərəh hissi ilə dolu olduğunu bildirib: “Bu gün ürəyim fəxarət hissi ilə dolur. Çünki mən burada böyük həvəslə və vətənpərvərlik eşqi ilə möhtəşəm hadisəni qeyd edən güclü Azərbaycan xalqını görürəm”. 

Məhəmməd Şahbaz Şərif bildirib ki, torpaqlarının azadlığı uğrunda bütün mübarizə dövründə Pakistan qardaş Azərbaycanın yanında bir qaya kimi dayandı, bundan sonra da belə olacaq. Baş nazir deyib ki, Azərbaycanın Qarabağdakı Qələbəsi suverenlik və öz müqəddəratı uğrunda vuruşan bütün xalqlar üçün ədalətin möhtəşəm təntənəsi, ümid yeri oldu.
“Məcburi köçkün ailələrin Qarabağa, öz yurdlarına qayıdışını görmək ilhamlandırıcıdır. Əziz qardaşım cənab Prezident, bu, Sizin Azərbaycan xalqının rifahı və tərəqqisinə olan şəxsi güclü sadiqliyinizin böyük rəmzidir”, - deyən Pakistan Baş naziri deyib: “Qarabağın incisi Şuşada, Xankəndidə, Füzulidə, Laçında və azad edilmiş bütün digər ərazilərdə yenidənqurmanın bu cür inanılmaz sürəti tam fenomenal xarakter daşıyır”.

Qoşun növlərinin və hərbi texnikanın keçidi

Dövlət başçılarının çıxışlarından sonra Hərbi parad başlayıb. Hərbi parada müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi, “Zəfər” və “Qarabağ” ordenli general-polkovnik Kərim Vəliyev komandanlıq edib.
Silahlı Qüvvələrimizin şəxsi heyəti Azərbaycan Respublikasının Dövlət Bayrağı altında tribunaya doğru irəliləyib. Dövlət Bayrağının ardınca Azərbaycan Ordusunun və hərbi əməliyyatlarda xüsusilə fərqlənən birləşmələrin Döyüş bayraqları Azadlıq meydanına gətirilib. 

Hərbi paradda ilk dəfə ən müasir qoşun növü olan insansız sistem qoşunlarının parad heyəti keçib. Parad heyətinə "Vətənə xidmətə görə" ordenli polkovnik Adəm Hüseynov başçılıq edib.

Yeni hərbi texnikalar ilk dəfə nümayiş olunub

Daha sonra hərbi texnikaların keçidi olub. Paradda Azərbaycanın əldə etdiyi yeni hərbi texnikalar ilk dəfə nümayiş olunub. Bunların sırasında "Vaşaq" xüsusi əməliyyat vasitələri və "Kobra-2" zirehli tibbi təxliyyə texnikası,  "Kayra" kamikadze tipli suüstu dəniz vasitəsi, "Hero-120" sərbəst uçan döyüş sursatları, "SkyStriker Block 4" sərbəst uçan döyüş sursatları, uzaq məsafəli hədəfləri yüksək dəqiqliklə məhv edən, 370 mm çaplı və 200 kiloqramlıq qəlpəli-fuqas döyüş başlığına malik "Predator Hawk" silahı, yeni beşinci nəsil "IceBreaker" qanadlı raket kompleksi və digərlərinin adlarını qeyd edə bilərik.  
Hərbi texnikaların keçidindən sonra Hərbi Dəniz Qüvvələrinin və Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin döyüş gəmiləri və katerləri Hərbi parad üçün Xəzər dənizinin sahil sularında yüksək döyüş hazırlığı nümayiş etdirib. Bundan sonra Azadlıq meydanı üzərində Azərbaycan və Türkiyə pilotlarının iştirakı ilə Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələrinin və helikopterlərin uçuşu olub.

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "F-16" qırıcı təyyarələri və "Bayraktar Akıncı" PUA-sı Bakı səmasında uçuş həyata keçirib.

Azərbaycan tərəfindən silahlanmaya yeni qəbul edilmiş "JF-17" çoxməqsədli qırıcı təyyarələr də paradda ilk dəfə nümayiş olunub.

Hərbi paradda İL-76 hərbi nəqliyyat və silahlanmaya yeni qəbul edilmiş C-27J hərbi yük təyyarələrinin nümayişi də diqqət çəkib. Üçlü uçuşu polkovnik leytenant Zəfər Fərhadov, "Rəşadət" ordenli polkovnik Ruslan Ələkbərov və "Qarabağ" ordenli polkovnik Vüqar Salahov idarə edib.

 

banner

Oxşar Xəbərlər