Azərbaycanın geosiyasi çəkisi artır
Dünyanın müxtəlif qütblərini və regionlarını təmsil edən bir çox ölkələr Bakının idarə etdiyi gəminin sərnişinləri olmağa can atırlar. Çünki Azərbaycanın ali rəhbərliyinin uzaqgörən siyasəti bu gəminin mənzil başına təhlükəsiz və vaxtında çatmasına zəmanət verən ən mühüm amildir.
Son illərdə beynəlxalq səviyyədə yaşanan gərginliklər, müharibələr fonunda dünyanın iqtisadi və siyasi düzəni ciddi transformasiyaya məruz qalır. Bu dəyişikliklər nəticəsində bir sıra regionların strateji əhəmiyyəti artır. Xüsusilə beynəlxalq əhəmiyyətli ticarət bağlantıları, logistika və tranzit xətləri yenidən formalaşdırılır. Təhlükəsizlik, davamlılıq və etibarlılıq prinsipləri bu məsələdə daha böyük önəm daşımağa başlayır.
Bakıya artan marağı şərtləndirən amillər
Beynəlxalq konfiqurasiyanın yenidən şəkilləndirilməsində Azərbaycan amili müxtəlif qütblər üçün özünü daha qabarıq şəkildə büruzə verməyə başlayıb. Strateji mövqeyimiz, şimal-cənub, şərq-qərb marşrutlarında əsas söz sahibi olmağımız, dünyanın müxtəlif qütbləri ilə uzun illərin təcrübəsinə əsaslanan etibarlı və dayanıqlı tərəfdaşlıq münasibətlərinin qurulması, həyata keçirdiyimiz meqalayihələr rəsmi Bakıya artan marağı şərtləndirən əsas amillərdir.
İntensivləşən səfərlər
Məhz bunun nəticəsidir ki, Bakı ilə diplomatik təmaslar intensivləşib. Son günlərdə istər regional, istərsə də daha geniş coğrafiyaya təmsil olunan dövlətlərin rəsmi nümayəndələrinin Azərbaycana səfərləri artıb. Bu görüşlər nəticəsində aparılan müzakirələrin mahiyyətinə nəzər saldıqda bütün tərəflərin istəklərində ikitərəfli əməkdaşlığın genişləndirilməsi ilə yanaşı, Azərbaycanın beynəlxalq daşımalar, enerji təhlükəsizliyi və qarşılıqlı investisiyalar sahəsindəki imkanlarından yararlanmaq məqsədləri açıq şəkildə görünür.
ABŞ-dən gələn qonaq
Məsələn, noyabrın 22-də Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik naziri Markveyn Mullini qəbul edib. Görüşdə Bakı-Vaşinqton münasibətlərinin mövcud durumundan razılıq ifadə olunmaqla yanaşı, regional sülh gündəliyi, Orta Dəhlizin əsas seqmentlərindən biri olan Zəngəzur dəhlizi - TRIPP layihəsinin əhəmiyyətinə də toxunulub. Bu dəhlizin tam şəkildə işə düşməsinin Azərbaycanla Ermənistan, eyni zamanda, regionlar arasında bağlantıların və iqtisadi-ticari əlaqələrin inkişafına töhfə verəcəyi vurğulanıb. Səfəri maraqlı edən məqam Ermənistan ərazisində TRIPP layihəsinin başlandığının rəsmən elan edilməsi ilə eyni vaxta təsadüf etməsidir.
Avropanın iki nəhəngindən Azərbaycan vurğusu
Bir müddət əvvəl Avropanın iki böyük iqtisadiyyat nəhəngi, Almaniya və İtaliyanın xarici işlər nazirləri Yohan David Vadeful və Antonio Tayani də ayrı-ayrılıqda Bakıya səfər etdilər. Prezident İlham Əliyevlə görüşlərdə bir daha Azərbaycanın Avropa üçün strateji əhəmiyyəti vurğulandı. Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin Brüssel üçün strateji istiqamətlərdən biri olduğu qeyd edildi. Bundan əlavə, həm Almaniya, həm də İtaliya Cənubi Qafqazda əsas tərəfdaşlarının məhz Bakı olduğunu bəyan etdilər. Bu bəyanat bölgəmizdə yaradılan yeni reallıqların dünyanın ən güclü dövlətləri tərəfindən qəbul olunmasının əyani sübutu kimi dəyərləndirilir.
Litva ilə imzalanan Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə
Bakıya təşrif buyuran digər bir qonaq - Litvanın xarici işlər naziri Kestutis Budrisin də azərbaycanlı tərəfdaşları ilə apardığı müzakirələr diqqət çəkdi. Qeyd edək ki, Litva 2027-ci il yanvarın 1-dən Avropa İttifaqı Şurasına sədrlik edəcək. Səfər məhz bu baxımdan mühüm əhəmiyyəti ilə seçildi. Qarşıdakı bir il ərzində Avropa İttifaqı-Azərbaycan münasibətlərini məhz Litva kurasiya edəcək. Kestutis Budris səfər çərçivəsində mətbuata açıqlamasında bildirib ki, Azərbaycan Mərkəzi Asiya ilə Aİ-ni birləşdirən, yüklərin Avropaya daşınmasını təmin edən və ittifaqın enerji təchizatı mənbələrinin şaxələndirilməsinə töhfə verən əsas ölkədir. Bu açıqlamadan da göründüyü kimi, Aİ-nin Şərq strategiyasında Azərbaycan çox mühüm strateji əhəmiyyətə malikdir. Kestutis Budrisin Bakı ziyarəti zamanı Azərbaycanla Litva arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə də imzalanıb. Bu addım Azərbaycan-Litva münasibətlərində mühüm mərhələ olmaqla, ikitərəfli əməkdaşlığın gücləndirilməsi və siyasi, iqtisadi, ticarət, enerji, nəqliyyat, bağlantılar və qarşılıqlı maraq doğuran digər sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi üçün yeni çərçivə yaradır.
Region ölkələri də pay almaq istəyir
Bakının təşəbbüskarı və əsas söz sahiblərindən biri olduğu beynəlxalq əhəmiyyətli strateji halqada region ölkələri də yaxından iştirak etmək və yeni reallıqlardan pay almaq istəyir. Bu sırada uzun illər Azərbaycanla qurduğu strateji tərəfdaşlığın bəhrəsini görən Gürcüstan ön plana çıxır. Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvilinin də bugünlərdə Azərbaycana reallaşan səfərində əsas müzakirə mövzularından biri məhz Orta Dəhliz, tranzit və logistika sahəsində əməkdaşlıq olub. Bakı-Tbilisi əməkdaşlığında maraqlı məqam odur ki, bu gün Gürcüstanın Avropa və ABŞ ilə münasibətlərində soyuqluq yaşanır. Tbilisi bu istiqamətdə Azərbaycanın sahib olduğu imkanlardan yararlanmaq üçün səy göstərir. Elə TRIPP layihəsi ilə bağlı qarşı tərəfin açıqlamalarında bunu açıq şəkildə görmək mümkündür. Maka Boçorişvili bildirib ki, regional nəqliyyat əlaqəliliyinin gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edən TRIPP təşəbbüsü vacib layihədir.
Yatırım üçün üz tutanlar
Bu gün Azərbaycanın beynəlxalq miqyasda diplomatik və iqtisadi fəallığını şərtləndirən mühüm amillərdən biri də investisiya imkanlarının genişlənməsidir. Bakı özünün maliyyə imkanlarından istifadə edərək bir çox dövlətlərin iqtisadiyyatına çoxmilyonlu sərmayələr yatırır. Monteneqronun Baş naziri Miloyko Spayiçin noyabrın 24-də Bakıya gəlişini diqqət mərkəzinə salan əsas amillərdən biri də məhz budur. Prezident İlham Əliyevlə görüşündə Baş nazir özü də etiraf edib ki, Azərbaycanın Monteneqroya yatırdığı böyük sərmayələr ölkə iqtisadiyyatına müsbət təsir göstərir. Görüşdə Azərbaycanın Monteneqroda həyata keçirdiyi investisiya layihələrinin gələcəkdə genişləndirilməsi üçün imkanların olduğu da qeyd edilib.
Orta güc statusu
Göründüyü kimi, Azərbaycan bu gün həm regional, həm də beynəlxalq miqyasda iqtisadi əlaqələr, tranzit bağlantılar, enerji təminatı, təhlükəsizlik sahəsində mühüm rola malik orta güc statusuna malikdir. Dünyanın müxtəlif qütblərini və regionlarını təmsil edən bir çox ölkələr isə rəsmi Bakının idarə etdiyi gəminin sərnişinləri olmağa can atırlar. Çünki illərin təcrübəsi və Azərbaycanın ali rəhbərliyinin uzaqgörən siyasəti bu gəminin mənzil başına təhlükəsiz və vaxtında çatmasına zəmanət verən ən mühüm amildir.
Azad Əliyev