Strateji tərəfdaşlığın yeni üfüqləri
Prezident İlham Əliyev Vyetnam Sosialist Respublikasına səfər edib. Keçirilən görüşlərdə iki ölkə arasındakı münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi xüsusi qeyd edilib.
Prezident İlham Əliyev noyabrın 20-də Vyetnam Sosialist Respublikasına səfər edib. Dövlət başçısı Hanoyda Vyetnam Sosialist Respublikasın qurucusu Ho Şi Minin məqbərəsini ziyarət edib. Prezident İlham Əliyev Ho Şi Minin xatirəsinə ehtiramını bildirib, məqbərənin önünə əklil qoyub. Dövlət başçısı həmçinin “İnqilab şəhidləri” abidəsini ziyarət edib.
Baş nazir Le Minh Hunqla görüş
Səfər çərçivəsində Prezident İlham Əliyevin Vyetnam Sosialist Respublikasının Baş naziri Le Minh Hunq ilə görüşü olub.
Baş nazir Le Minh Hunq bildirib ki, 2025-ci ilin mayında Baş katib, Prezident To Lamın Azərbaycana tarixi dövlət səfəri və ikitərəfli əlaqələrimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi əməkdaşlığımızın yeni zirvələrə çatması və daha əhəmiyyətli, səmərəli olması üçün bir sıra imkanlar yaradıb: “Hər iki ölkənin bərpaolunan enerji - külək, Günəş enerjisi, ticarət, daşınmaz əmlak və turizm şirkətləri fəaliyyətə başlayıb. Hökumətlərimiz müdafiə, təhlükəsizlik, enerji kimi sahələrdə bütün potensial imkanlarımızı konkret nəticələrə çevirmək, xalqlarımız üçün praktiki faydaları təmin etmək məqsədilə hər zaman çiyin-çiyinə çalışır”.
“Münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib”
Prezident İlham Əliyev bildirib ki, münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib: “Cənab Prezidentin keçənilki səfəri bizim əlaqələrimizin inkişafı baxımından həlledici olmuşdur. O, məni nəzakətlə ölkəsinə dəvət etdi və mən də dəvəti böyük məmnuniyyət hissi ilə qəbul etdim və bir ildən sonra ölkənizdə səfərdəyəm.
Siz ikitərəfli gündəliyimizin çox önəmli məsələlərinə toxundunuz. Münasibətlərimizin tarixi boyunca ölkələrimiz arasında yüksəksəviyyəli həmrəylik və dostluq mövcud olub. Siz Vyetnam Prezidentinin 1959-cu ildə Azərbaycana səfərini qeyd etdiniz. Prezident Ho Şi Min əziz qonaq kimi qarşılanmışdı. Azərbaycan xalqı sizin müstəqillik və azadlıq uğrunda mübarizənizi, xalqınızın işğal dövründə göstərdiyi qəhrəmanlığı qətiyyətlə dəstəkləyib. 2020-ci ildə ərazimizin işğaldan azad edilməsi uğrunda müharibə zamanı biz Vyetnam xalqı və Hökuməti tərəfindən eyni həmrəyliyi gördük, siz bizə güclü dəstək göstərdiniz, o cümlədən BMT Təhlükəsizlik Şurasında.
Sosial-iqtisadi sahəyə gəlincə, müsbət dinamika müşahidə edirik. Lakin əlbəttə, əldə olunan nəticələrlə kifayətlənə bilmərik. Buna baxmayaraq, Sizin qeyd etdiyiniz kimi, hazırda üzərində iş gedən çoxlu önəmli layihələrimiz var, o cümlədən enerji təhlükəsizliyi və daşınmaz əmlak sahələrində”.
Azərbaycanın neft məhsullarının Vyetnama ixracı
Prezident İlham Əliyev 2026-cı ilin oktyabrında Vyetnamın Vitse-prezidenti Vo Thi An Suanın AQEM-in Bakıda keçirilən Zirvə Görüşündə iştirak etmək üçün ölkəmizə səfərini xatırladaraq, onunla apardığı müzakirələrin əhəmiyyətini qeyd edib.
Baş nazir Le Minh Hunq Azərbaycanda tezliklə Vyetnamın səfirliyinin açılacağını bildirib.
Baş nazir vyetnamlı mütəxəssislərin Azərbaycanda neft sahəsində təhsil aldıqlarını xatırladıb, həmin şəxslərin bu gün də Vyetnamın inkişafında mühüm rol oynadıqlarını deyib. Söhbət zamanı enerji sahəsində əməkdaşlığa toxunulub, xüsusilə Azərbaycanın neft məhsullarının Vyetnama və Vyetnam ərazisindən region ölkələrinə ixrac imkanları, birgə istehsal sahələri ilə bağlı məsələlər müzakirə olunub. Baş nazir Azərbaycanın regionda önəmli mövqeyə malik ölkə olduğunu vurğulayıb. Bu xüsusda Vyetnamın Azərbaycanın dəstəyi ilə region ölkələri ilə əməkdaşlığının inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparıldı.
Parlamentlər arasında müsbət və nəticəyönümlü dialoq
Səfər çərçivəsində Prezident İlham Əliyev Vyetnam Sosialist Respublikasının Milli Assambleyasının sədri Çan Tan Man ilə də görüşüb.
Prezident İlham Əliyev ölkələrimizin parlamentləri arasında dialoqun həmişə çox müsbət və nəticəyönümlü olduğunu vurğulayaraq, Azərbaycan Milli Məclisi və Vyetnam Milli Assambleyası sədrlərinin görüşünün parlamentlərarası əməkdaşlığın genişləndirilməsi baxımından rolunu qeyd edib.
Qoşulmama Hərəkatının parlamentlərarası platformasının Azərbaycanın təşəbbüsü ilə yaradıldığını xatırladan dövlət başçısı bu xüsusda iki ölkənin parlament strukturları arasında əməkdaşlığı vurğulayıb.
Azərbaycanın Orta Dəhlizin həm vaxt, həm də təhlükəsizlik baxımından beynəlxalq daşımalarda mühüm tranzit marşrutu olduğunu deyən dövlət başçısı bunun Vyetnam şirkətlərinə də daşımalar üçün əlverişli imkanlar yaratdığını bildirib.
Söhbət zamanı ölkələrimizin beynəlxalq təsisatlar, o cümlədən BMT, Qoşulmama Hərəkatı, AQEM çərçivəsində uğurlu əməkdaşlıq etdikləri vurğulanıb.