• şənbə, 21 Noyabr, 19:34
  • Baku Bakı 14°C

BMT-dən Azərbaycana yüksək qiymət 

21.11.26 02:25 86
BMT-dən Azərbaycana yüksək qiymət 

BMT-nin Elektron Hökumətin İnkişafı İndeksi (EHİİ) üzrə 2026-cı il hesabatı açıqlanıb. Hesabata əsasən Azərbaycan siyahıda 38-ci yerə yüksəlib.

Azərbaycan BMT-nin Elektron Hökumətin İnkişafı İndeksi (EHİİ) üzrə 2026-cı il hesabatında 38-ci yerə yüksəlib. Bu, ölkənin rəqəmsal transformasiya sahəsində əldə etdiyi nəticələrin beynəlxalq səviyyədə qiymətləndirilməsi baxımından mühüm amildir.

Rəqəmsal həllərin tətbiqinin genişlənməsinin göstəricisi

2024-cü ildə 74-cü sırada qərarlaşmış ölkənin cəmi 2 ildə 36 pillə irəliləməsi dövlət xidmətlərinin rəqəmsallaşdırılması, elektron platformaların genişləndirilməsi və idarəetmədə texnoloji həllərin tətbiqi istiqamətində həyata keçirilən tədbirlərin nəticəsidir. Xüsusilə Onlayn Xidmətlər İndeksi üzrə 11-ci mövqeyə yüksəliş rəqəmsal dövlət xidmətlərinin inkişafında əldə olunan irəliləyişin miqyasını göstərir.

Azərbaycanın rəqəmsal hökumət sahəsində beynəlxalq mövqeyinin yaxşılaşması son illərdə bu istiqamətdə aparılan islahatların nəticələrinin daha aydın görünməsinə şərait yaradır. BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin hazırladığı Elektron Hökumətin İnkişafı İndeksində (EHİİ) ölkəmizin 36 pillə irəliləyərək 38-ci yerdə qərarlaşması təkcə reytinq göstəricisinin dəyişməsi deyil, eyni zamanda dövlət idarəçiliyində rəqəmsal həllərin tətbiqinin genişlənməsinin göstəricisidir.
Hesabata əsasən, Azərbaycanın ümumi EHİİ göstəricisi 0,8847 bal təşkil edib. Bu, 2024-cü ildə qeydə alınmış 0,7607 balla müqayisədə 16,3 %-lik artım deməkdir. Beləliklə, Azərbaycan "Çox yüksək EHİİ" kateqoriyasında mövqeyini daha da gücləndirib və Avstriya, Yaponiya, Kanada, İsrail kimi ölkələrin daxil olduğu V3 altqrupuna yüksəlib.

Onlayn xidmətlər üzrə ilk onluğun bir addımlığında

Hesabatda Azərbaycanın ən nəzərəçarpan irəliləyişi Onlayn Xidmətlər İndeksi (OSI) üzrə qeydə alınıb. Ölkəmiz bu göstəricidə 2024-cü ildəki 67-ci yerdən 56 pillə irəliləyərək 11-ci mövqeyə yüksəlib. Bu nəticə ümumi reytinqdəki yüksəlişin əsas hərəkətverici qüvvələrindən biri kimi qiymətləndirilə bilər.

Maraqlı məqam odur ki, Azərbaycan onlayn xidmətlərin inkişaf səviyyəsinə görə bir sıra inkişaf etmiş ölkələri də qabaqlayıb. Belə ki, Azərbaycan bu göstərici üzrə Böyük Britaniya, İslandiya, ABŞ, Kanada, Norveç və Avstraliya kimi dövlətlərdən daha yüksək mövqedə qərarlaşıb. Xidmətlərin təqdim edilməsi altindeksi üzrə 10-cu yerin Estoniya ilə bölüşdürülməsi də diqqət çəkən nəticələrdəndir.

Cənubi Qafqazda rəqəmsal hökumət üzrə lider

BMT-nin Elektron Hökumətin İnkişafı İndeksi üzrə Azərbaycanın əldə etdiyi nəticə ölkənin təkcə qlobal miqyasda deyil, regional səviyyədə də mövqeyini əhəmiyyətli dərəcədə gücləndirdiyini göstərir. Belə ki, Azərbaycan 2026-cı il hesabatında Cənubi Qafqaz ölkələri arasında ilk sırada qərarlaşıb. Ermənistanın 55-ci, Gürcüstanın isə 58-ci yerdə olması Azərbaycanın rəqəmsal hökumətin inkişafı sahəsində regionda lider mövqeyini təsdiqləyir.

Bu nəticə Azərbaycanın dövlət xidmətlərinin rəqəmsallaşdırılması, elektron idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi və rəqəmsal infrastrukturun inkişafı istiqamətində həyata keçirdiyi tədbirlərin regional müqayisədə də üstün nəticələr verdiyini nümayiş etdirir.

Rəqəmsal transformasiyanın institusional əsasları

Son illərdə rəqəmsal transformasiya dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. 
Prezident İlham Əliyevin sədrliyi ilə "Azərbaycanın yeni rəqəmsal arxitekturası" adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirənin keçirilməsi bu istiqamətdə siyasi iradənin, məsələyə sistemli yanaşmanın göstəricisidir. Rəqəmsal İnkişaf Konsepsiyası, həmçinin "Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı" kimi sənədlər qarşıdakı dövr üçün əsas prioritetlərin müəyyənləşdirilməsi baxımından əhəmiyyət daşıyır.

Bu istiqamətdə koordinasiyanın təmin olunmasında Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Rəqəmsal İnkişaf Şurasının fəaliyyəti də əhəmiyyətlidir. Rəqəmsal transformasiya müxtəlif dövlət qurumlarının səlahiyyət və fəaliyyət sahələrini əhatə etdiyindən, vahid yanaşmanın təmin edilməsi, qərarların uzlaşdırılması və təşəbbüslərin icrasına nəzarət xüsusi önəm daşıyır. 

İnsan kapitalı və telekommunikasiya infrastrukturu 

BMT-nin Elektron Hökumətin İnkişafı İndeksi yalnız onlayn xidmətlərin vəziyyətini qiymətləndirmir. İndeksin digər iki əsas komponenti Telekommunikasiya İnfrastrukturu İndeksi (TII) və İnsan Kapitalı İndeksidir (HCI). Bu yanaşma rəqəmsal hökumətin inkişafının kompleks xarakter daşıdığını göstərir.

Telekommunikasiya infrastrukturu elektron xidmətlərin əlçatanlığı üçün əsas şərtlərdən biridir. İnternetə çıxış imkanlarının genişliyi, rabitə infrastrukturunun keyfiyyəti və texnoloji imkanlar dövlət xidmətlərinin rəqəmsal mühitdə fasiləsiz təqdim olunmasına birbaşa təsir göstərir. Xüsusilə regionlarda yaşayan əhalinin elektron xidmətlərdən istifadə imkanlarının artırılması rəqəmsal transformasiyanın inklüziv xarakter daşıması baxımından vacibdir.

Əldə olunan nəticələrin davamlılığı əsas hədəf olacaq

Azərbaycanın EHİİ üzrə 38-ci yerə yüksəlməsi ölkənin rəqəmsal inkişaf gündəliyində mühüm nailiyyətdir. Xüsusilə Onlayn Xidmətlər İndeksi üzrə 11-ci mövqe dövlət xidmətlərinin rəqəmsallaşdırılması sahəsində əldə olunan nəticələrin miqyasını nümayiş etdirir. Bununla belə, beynəlxalq reytinqdə yüksəliş qarşıdakı dövr üçün işlərin başa çatması deyil, daha yüksək hədəflərə çatmaq üçün əlavə imkanların yaranması kimi qiymətləndirilməlidir.

Növbəti mərhələdə əsas diqqətin rəqəmsal xidmətlərin keyfiyyətinin artırılmasına, onların bütün əhali qrupları üçün əlçatanlığına, dövlət qurumları arasında məlumat mübadiləsinin daha da genişləndirilməsinə və proaktiv xidmət modelinin inkişafına yönəldilməsi vacibdir. Eyni zamanda, telekommunikasiya infrastrukturunun təkmilləşdirilməsi, insan kapitalına investisiyaların artırılması, rəqəmsal savadlılığın yüksəldilməsi və kibertəhlükəsizlik mexanizmlərinin gücləndirilməsi əldə olunan nəticələrin davamlılığını təmin edə bilər.

Bir sözlə, Azərbaycanın BMT-nin Elektron Hökumətin İnkişafı İndeksində 36 pillə irəliləməsi rəqəmsal transformasiyanın artıq ayrı-ayrı elektron xidmətlərin tətbiqindən daha geniş mərhələyə keçdiyini göstərir. 

Sənan Ağamalızadə, Report

banner

Oxşar Xəbərlər