• şənbə, 21 Noyabr, 19:34
  • Baku Bakı 14°C

Frankofoniya sammiti parçalanma astanasında

21.11.26 02:57 94
Frankofoniya sammiti parçalanma astanasında

Pnompendə keçirilən 20-ci Frankofoniya sammiti bir daha göstərdi ki, ortaq dil və mədəniyyət dəyərləri dövlətlər arasında siyasi maraqların uzlaşdırılması üçün həmişə kifayət etmir. Eyni təşkilatda təmsil olunan ölkələr fərqli mövqelər tuta bilirlər.

Beynəlxalq Frankofoniya Təşkilatının (OIF) noyabrın 15-də başlayan 20-ci sammiti Afrika qitəsindəki siyasi ziddiyyətlərin beynəlxalq platformalara necə daşındığını bir daha nümayiş etdirib. Kambocanın paytaxtı Pnompendə keçirilən sammitdə Fransa Prezidenti Emmanuel Makronun birlik və konsensus çağırışları, əslində, təşkilat daxilində dərinləşən fikir ayrılıqlarının və xüsusilə Konqo Demokratik Respublikası ilə Ruanda arasında yaranmış qarşıdurmanın fonunda səslənib. Sammitin əsas müzakirə mövzularından biri OIF-in baş katibi vəzifəsinə yeni namizədin seçilməsi olub. Lakin bu məsələ sadəcə təşkilati rəhbərliyin müəyyənləşdirilməsi ilə məhdudlaşmayıb. Seçki prosesi iki Afrika ölkəsi - Konqo Demokratik Respublikası və Ruanda arasında mövcud olan siyasi gərginliyin növbəti müstəviyə daşınmasına səbəb olub. Nəticədə Frankofoniya sammiti ortaq dəyərlərin deyil, siyasi rəqabətin və diplomatik hesablaşmaların ön plana çıxdığı platformaya çevrilib. 

Makronun birlik çağırışı 

Fransa Prezidenti Emmanuel Makron sammitin açılışında Frankofoniya ölkələrini dialoqa, həmrəyliyə və konsensusa çağırıb. Onun bu çıxışı təsadüfi xarakter daşımırdı. Çünki təşkilatın rəhbərliyinə namizədlik məsələsi ətrafında yaranmış fikir ayrılığı artıq üzv dövlətlər arasında ciddi diplomatik gərginliyə çevrilmişdi. Xüsusilə Konqo Demokratik Respublikasının Ruandanın namizədi Luiz Muşikivabonun yenidən baş katib seçilməsinə qarşı çıxması vəziyyəti daha da mürəkkəbləşdirib. 2018-ci ildən Frankofoniya Təşkilatına rəhbərlik edən Ruanda nümayəndəsi Luiz Muşikivabo üçüncü müddətə namizədliyini irəli sürüb. Lakin Kinşasa onun yenidən seçilməsini qəbul etmədiyini açıqlayıb. Konqo tərəfi hətta bu qərar qəbul olunacağı təqdirdə təşkilatı tərk edə biləcəyi ilə bağlı xəbərdarlıq edib. Bu təhdidin arxasında ciddi siyasi və demoqrafik amillər dayanır. Belə ki, Konqo Demokratik Respublikası Fransadan sonra dünyada fransızdilli əhalinin sayına görə ikinci yerdədir. Ölkədə təxminən 57,3 milyon fransızdilli insanın yaşadığı bildirilir. Belə bir dövlətin təşkilatdan ayrılması Frankofoniya üçün həm siyasi, həm də nüfuz baxımından ciddi zərbə olardı. 

Konqo-Ruanda qarşıdurmasının pərdəarxası

İki ölkə arasında xüsusilə Konqonun şərqindəki təhlükəsizlik vəziyyəti ilə bağlı ciddi fikir ayrılıqları mövcuddur.
Konqo hakimiyyəti Ruandanı ölkənin şərq əyalətlərində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verməkdə ittiham edir. Kinşasanın iddialarına görə, Ruandanın bu qruplaşmaya yardımı Konqonun ərazi bütövlüyünə və suverenliyinə təhdid yaradır. Kiqali isə bu ittihamları rədd edir. M23 qruplaşmasının fəaliyyəti Konqonun şərqində uzun illərdir davam edən silahlı münaqişənin əsas elementlərindən biridir. Bölgə zəngin təbii sərvətlərə, xüsusilə kobalt, koltan və digər strateji minerallara malikdir. Bu resurslar uğrunda rəqabət, etnik ziddiyyətlər, sərhəd təhlükəsizliyi və regional güc mübarizəsi münaqişənin daha mürəkkəb xarakter almasına səbəb olur.

Belə bir şəraitdə Konqo rəhbərliyinin Ruanda nümayəndəsinin Frankofoniya Təşkilatının rəhbərliyində qalmasına qarşı çıxması təkcə təşkilati seçim məsələsi deyil. Bu addım Kinşasanın Kiqaliyə qarşı diplomatik təzyiq vasitələrindən biri kimi də qiymətləndirilə bilər.

Konqo Prezidenti Feliks Tşisekedinin mövqeyi göstərir ki, ölkəsi regional təhlükəsizliklə bağlı narazılıqlarını beynəlxalq platformalarda da gündəmə gətirmək niyyətindədir. Ruanda Prezidenti Pol Kaqamenin isə Muşikivabonun namizədliyindən geri çəkilməməsi iki ölkə arasında qarşıdurmanın diplomatik müstəvidə də davam etdiyini göstərir. 

Dörd namizəd, fərqli siyasi maraqlar

Frankofoniya Təşkilatının 2027–2030-cu illəri əhatə edəcək yeni rəhbərliyi uğrunda mübarizədə dörd namizəd iştirak edib: Luiz Muşikivabo 2018-ci ildən təşkilatın baş katibi, Ruandanın namizədi, Juliana Lumumba - Konqo Demokratik Respublikasının namizədi, ölkənin müstəqillik tarixinin simalarından biri Patris Lumumbanın qızı, Dacian Çoloş - Rumıniyanın keçmiş baş naziri və Avropa İttifaqının sabiq komissarı. Kumba Ba - Mavritaniyanın keçmiş naziri olub. Namizədlər arasında mübarizə təşkilatın gələcək siyasi istiqaməti baxımından da əhəmiyyətlidir. Ruanda mövcud rəhbərliyin fəaliyyətinin davam etdirilməsində maraqlıdır. Konqo isə Muşikivabonun yenidən seçilməsinin qarşısını almağa çalışır. Maraqlı məqam ondan ibarətdir ki, Konqo tərəfi əvvəlcə öz namizədi Juliana Lumumbanı irəli sürsə də, sonradan konsensus əldə olunması naminə onun namizədliyini geri götürməyə və Rumıniyanın keçmiş baş naziri Dacian Çoloşun namizədliyini dəstəkləməyə hazır olduğunu bildirib. Lakin bunun üçün Ruandanın da öz namizədindən imtina etməsi tələb olunub. Beləliklə, təşkilatın rəhbərliyi uğrunda mübarizə Afrika ölkələrinin regional maraqlarını aşaraq Avropa dövlətlərinin də diplomatik gündəminə daxil olub. 

Frankofoniyanın gələcəyi üçün təhlükəli presedent

Frankofoniya Təşkilatında baş verənlər qurumun son illərdə üzləşdiyi ilk ciddi böhran deyil. Təşkilatın Afrika qitəsindəki nüfuzunun zəifləməsi, üzv dövlətlər arasında siyasi fikir ayrılıqlarının artması və Fransanın təsir imkanlarının müzakirə mövzusuna çevrilməsi mövcud vəziyyəti daha da mürəkkəbləşdirir. Xüsusilə Burkina-Faso, Mali və Nigerin 2025-ci ildə təşkilatdan ayrılması Frankofoniyanın Afrika istiqamətində mövqelərinə ciddi təsir göstərib. İndi isə Konqo Demokratik Respublikasının mümkün ayrılma xəbərdarlığı təşkilat üçün növbəti sınaqdır. Burada başqa bir mühüm məsələ də var. Frankofoniya ənənəvi olaraq rəhbərliyin müəyyənləşdirilməsində konsensus prinsipinə üstünlük verir. Lakin tərəflər arasında razılıq əldə olunmadığı təqdirdə 2022-ci ildə qəbul edilmiş qaydalara əsasən sadə səs çoxluğu ilə seçim mexanizmi tətbiq oluna bilər. Bu isə təşkilat daxilində siyasi qarşıdurmanı daha da dərinləşdirə bilər. 

Pnompendə keçirilən 20-ci Frankofoniya sammiti bir daha göstərdi ki, ortaq dil və mədəniyyət dəyərləri dövlətlər arasında siyasi maraqların uzlaşdırılması üçün həmişə kifayət etmir. Eyni təşkilatda təmsil olunan ölkələr regional təhlükəsizlik, iqtisadi maraqlar, beynəlxalq nüfuz və siyasi liderlik məsələlərində fərqli mövqelər tuta bilirlər.

Azər Nuriyev

 

banner

Oxşar Xəbərlər