Türkiyə-Azərbaycan birliyi sarsılmazdır
Ərdoğan-Əliyev danışıqlarının yekunu, tərəflərin tarixi strateji müttəfiqlik bəyannaməsinin imzalandığı Şuşadan dünyaya verdiyi mesajlar iki ölkə arasındakı qardaşlıq bağlarının sarsılmaz olduğunu bir daha ortaya qoydu.
Bakı və Ankara arasındakı münasibətlərdə müşahidə edilən dalğalanmalar nəhayət ki, arxada qaldı. İki ölkənin ali rəhbərliyinin təşəbbüsü öz əllərinə alaraq proseslərə məqamında müdaxilə etmələri Azərbaycan-Türkiyə birliyinin güclənməsindən narahat olan, yaşananları bir fürsət olaraq görənlərə tutarlı cavab oldu.
Şuşadan dünyaya verilən mesajlar
Bu baxımdan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər günündə Azərbaycana səfəri, Şuşanı, Xankəndini ziyarət etməsi, həmçinin azərbaycanlı həmkarı İlham Əliyevlə dövlətlərarası münasibətlərin mövcud durumunu, gələcək perspektivlərini əhatə edən gündəmə dair müzakirələri diqqət çəkir. Ərdoğan-Əliyev danışıqlarının yekunu, tərəflərin tarixi strateji müttəfiqlik bəyannaməsinin imzalandığı Şuşadan dünyaya verdiyi mesajlar iki ölkə arasındakı əlaqələrin sarsılmaz olduğunu bir daha ortaya qoydu. Bu vurğu dövlət başçılarının mətbuata birgə bəyanatında dominantlıq təşkil etdi.
“Onların arzuları onların gözlərində qalacaq”
Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsində Türkiyə dövlətinin və ali rəhbərliyinin Azərbaycana siyasi və mənəvi dəstəyini ön plana çəkərək bildirdi ki, həmin günlərdəki “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” bəyanatı heç vaxt unudulmayacaq. Dövlət başçısı bir daha “Dünyada bizim qədər bir-birinə bağlı olan xalqlar da yoxdur, dövlətlər də yoxdur” bəyanatını təkrarladı. Azərbaycan Prezidenti Bakı-Ankara münasibətlərinin əsasında dayanan ortaq dəyərləri də qeyd edib:
“Bizi birləşdirən ortaq tarixdir, etnik köklərdir, dilimizdir, ədəbiyyatımızdır, mənəvi dəyərlərimizdir. Bu, böyük sərvətdir və bu sərvət üzərində, bu güclü təməl üzərində bu gün dövlətlərarası münasibətlər də inkişaf edir. Bizim birliyimiz, qardaşlığımız sarsılmazdır. Bunu sarsıtmaq istəyənlər isə öz arzularına heç vaxt çatmayacaqlar. Onların arzuları onların gözlərində qalacaq. Biz - iki xalq, ilk növbədə, iki lider bu sərvəti qoruyuruq və heç kimə imkan vermərik ki, bizim aramıza girsin, yaxud da öz şəxsi maraqları naminə bizim birliyimizə, qardaşlığımıza, həmrəyliyimizə kölgə salsın”. Dövlət başçısı bir daha qeyd edib ki, “Türkiyə-Azərbaycan birliyi əbədidir və sarsılmazdır”.
“Birliyimiz daim sarsılmaz olacaq”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da Azərbaycan-Türkiyə strateji müttəfiqliyi ilə bağlı bəyanatı diqqət çəkdi. Qardaş ölkənin Prezidenti bildirdi ki, bu Şanlı Zəfər Azərbaycanın haqlı mübarizəsinin ən gözəl nümunəsi və bütün Türk coğrafiyasının qürur mənbəyi olmaqda davam edir:
“Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər tarixin müxtəlif sınaqlarından keçərək bugünkü yüksək səviyyəyə çatmışdır. “Bir millət, iki dövlət” şüarı ilə tərif etdiyimiz bu könül birliyi ortaq keçmişimizdən aldığı güclə sabahlarımıza işıq tutan sönməz bir məşəldir. Qardaşlığımız ortaq dilin, tarixin və mədəniyyətin daha çox fövqündədir. Bakının sevincini Ankaranın sevinci, Şuşanın qürurunu bütün millətimizin qüruru bilməyimiz bundan irəli gəlir. 2021-ci il iyunun 15-də Şuşada imzaladığımız Bəyannamə nəticəsində müttəfiqlik münasibətləri ilə möhkəmləndirdiyimiz bu qardaşlığımızı zəiflətmək istəyənlər dünən olduğu kimi bu gün də, sabah da hədəflərinə əsla çata bilməyəcəklər. Allahın izni ilə birliyimiz daim sarsılmaz olacaqdır”.
Bölgəmizdə sülh və sabitliyin təməli
Hər iki Prezidentin Şuşadan dünyaya bəyan etdiyi birlik, bərabərlik və strateji müttəfiqliyimizin sarsılmazlığı bir daha Türkiyə-Azərbaycan münasibətlərinin təməl prinsiplərinin nə dərəcədə sağlam olduğunu göstərdi. Bərabərhüquqluluq, müstəqil xarici siyasətə hörmət, fikir ayrılıqlarının bu çərçivədə qarşılıqlı dialoq ilə müzakirəsi, ən çətin anlarda belə dövlətin ali rəhbərliklərinin müxtəlif məsələləri masaya yatırmaq iradəsi Bakı-Ankara əməkdaşlığının diplomatik münasibətlər çərçivəsini aşaraq tamamilə fərqli müstəviyə keçdiyinin əyani sübutudur. “Bir millət, iki dövlət” prinsipinə əsaslanan qardaşlıq bağlarının aşa bilməyəcəyi maneə yoxdur. Bu gün Cənubi Qafqaz da daxil olmaqla, çox böyük coğrafiyada sülh, əməkdaşlıq və sabitliyin təmin olunmasında Azərbaycan-Türkiyə müttəfiqliyi sözün əsl mənasında əsas indikator rolunu oynayır.
COP31-in Liderlər Sammitində iştirak
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakı səfərinin ardından çox qısa müddətdə Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəri də qeyd olunanların sübutudur. Xatırladaq ki, noyabrın 11-də Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti keçirilib. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər. Türkiyə Prezidenti çıxışında əvvəlki COP sədrliklərinin təcrübələrini bölüşdüklərinə görə Azərbaycana və Braziliyaya təşəkkürünü bildirib.
Azərbaycanın COP29-a ev sahibliyi zamanı əldə etdiyi zəngin təcrübəni qardaş Türkiyə ilə bölüşməsi, bu məsələdə Ankaraya hərtərəfli dəstək nümayiş etdirməsi də strateji müttəfiqliyimizin tək ikitərəfli yox, həm də beynəlxalq miqyaslı olduğunun başqa bir təzahürüdür.
Azad Əliyev