• şənbə, 07 Noyabr, 15:32
  • Baku Bakı 17°C

Prezident və birinci xanım Zəngilan və Cəbrayılda 

07.11.26 04:35 87
Prezident və birinci xanım Zəngilan və Cəbrayılda 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva səfər çərçivəsində bir sıra yaşayış məntəqələri və obyektlərin açılışında iştirak ediblər.  

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan və Cəbrayıl rayonlarına səfər ediblər. Səfər çərçivəsində bir sıra yaşayış məntəqələri və obyektlərin açılışı reallaşıb.  

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Sonra dövlət başçısı və birinci xanım burada Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərlə görüşüblər.

“Sülh şəraitində yaşayan xalqımız da qurub-yaradır”

Görüşdə çıxış edən Prezident İlham Əliyev deyib ki, altı il bundan əvvəl şanlı Ordumuz düşməni torpaqlarımızdan qovaraq haqq-ədaləti bərpa etdi: “Artıq 6 il ərzində biz quruculuq işləri ilə məşğuluq. Yeni salınan kəndlər, şəhərlər, köçkünlərin doğma torpaqlara qayıtması - yəni biz bu məsələlərlə məşğuluq və deyə bilərəm ki, bütün Azərbaycan xalqı bu fikirlə yaşayır. Uzun illər ağır şəraitdə yaşamış köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi, ilk növbədə, əlbəttə ki, köçkün şəklində, köçkün şəraitində yaşayan insanlar üçün. Amma siz də bilirsiniz ki, hər bir vətənpərvər insan sizin tezliklə doğma diyara qayıtmağınızı arzulayırdı.

Bu gün biz demək olar ki, müntəzəm olaraq yeni gözəl kəndlər, şəhərlər salırıq, sıfırdan qururuq. Çünki mənfur düşmən bizim bütün şəhər və kəndlərimizi yerlə-yeksan etmişdi, o cümlədən Cahangirbəyli, Soltanlı kəndlərini də tam dağıtmışdı. Bu gün bu iki kəndə təqribən 700-ə yaxın ailə qayıdır. Sizin üçün gözəl evlər tikilib. Əminəm ki, siz bu şəraitdən səmərəli şəkildə istifadə edəcəksiniz. Əsas məsələ odur ki, artıq köçkünlük həyatı arxada qalır.

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. Bu Zəfər bizim qəlbimizdə əbədi yaşayacaq. Xalqımız və gələcək nəsillər bu Zəfərlə daim fəxr edəcəklər. Çünki biz ədaləti bərpa etdik, öz ləyaqətimizi bərpa etdik və döyüş meydanında qan tökərək öz haqqımızı bərpa etdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların əziz xatirəsi daim qəlbimizdə yaşayacaq. Əminəm, onların yaxınları bilirlər ki, onların qanı yerdə qalmayıb. Onların qisası döyüş meydanda alınıb və bu gün onların əziz xatirəsinə ən böyük hörmət əlaməti bax, Qarabağın, Şərqi Zəngəzurun belə gözəl dirçəldilməsidir.

Biz müharibədə Qələbə qazanmışıq. Sülh şəraitində yaşayan xalqımız da qurub-yaradır. Ermənilər 30 il bu torpaqları viran qoymuşdular, bir daşı daş üstə qoyulmamışdır. Biz isə cəmi altı il ərzində 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq, onlar üçün mümkün olan ən gözəl şərait yaratmışıq.

Sizi həm Zəfər Günü münasibətilə, həm də doğma torpaqlarınıza qayıtmağınız münasibətilə təbrik edirəm, sizə cansağlığı arzulayıram”.

Prezident İlham Əliyev sakinlərə mənzillərin açarlarını təqdim edib.

Soltanlı kəndində 420 fərdi ev inşa edilib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər.

Soltanlı kəndi 1993-cü ildə Ermənistan tərəfindən işğal edilmişdi. İşğal dövrünədək əhali əsasən pambıqçılıq, taxılçılıq, baramaçılıq, üzümçülük və heyvandarlıqla məşğul olub. Azərbaycan Silahlı Qüvvələri 2020-ci il oktyabrın 19-da kəndi işğaldan azad edib.

Ümumi sahəsi 108,5 hektar olan Soltanlı kəndində 420 fərdi ev inşa edilib. Evlər 2, 3, 4, 5 otaqlıdır və müasir kommunikasiya şəbəkəsi - su, işıq, qaz, Günəş panelləri, yüksəksürətli internetlə təmin olunub. Kənddaxili yollara asfalt döşənib. Layihə üzrə Soltanlı kəndində ikimərtəbəli inzibati bina, uşaq bağçası, həkim-tibb məntəqəsi, həmçinin çoxfunksiyalı bina tikilib. Kənddə aptek, market, dərzi, gözəllik salonu və digər xidmət mərkəzləri üçün nəzərdə tutulmuş bir və ikimərtəbəli hissələrdən ibarət olmaqla çoxfunksiyalı bina inşa edilib.

Kənddə inşa olunmuş 140 yerlik körpələr evi-uşaq bağçasında balacaların rahatlığının təmin olunmasına xüsusi diqqət yetirilib. Bağçada metodika, kompüter, oyun, musiqi otaqları, yeməkxana uşaqların ixtiyarına veriləcək.

300 nəfər daimi işlə təmin ediləcək

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunda “Sunbeverage” MMC-nin alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər. 

Bildirildi ki, Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılan bu müəssisədə qazlı və qazsız sular, soyuq çay, meyvə tərkibli, vitaminli və azkalorili içkilər istehsal olunacaq. Ərazisi 10 hektar olan müəssisənin illik istehsal gücü 150 min tondur. Məhsulların daxili bazarla yanaşı, xarici bazarlara ixracı nəzərdə tutulur. Burada İtaliya istehsalı olan müasir avadanlıq quraşdırılıb. İstehsal prosesi suyun təmizlənməsi, şərbət hazırlanması, qarışdırma, qazlaşdırma, məhsulun plastik butulka və şəffaf qida qablarına doldurulması, qapaqlanması, etiketlənməsi və qablaşdırılması mərhələlərini əhatə edir.

Layihənin ümumi dəyəri 70 milyon manatdır. Maliyyələşmədə özəl vəsaitlə və bank kreditləri ilə yanaşı, İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondunun (ABİF) dəstəyi ilə 5 milyon manat məbləğində güzəştli kreditdən, həmçinin əlavə 5 milyon manat kredit üzrə zəmanət və faiz subsidiyası mexanizmindən istifadə edilib. Burada 300 nəfər daimi işlə təmin ediləcək.

Qeyd edək ki, müəssisə Şərqi Zəngəzur iqtisadi rayonunda qida sənayesinin inkişafına töhfə verməklə yanaşı, əhalinin məşğulluğunun təmin edilməsində də böyük rol oynayır. Eyni zamanda, bu layihənin reallaşması ölkəmizin ixrac potensialının artırılmasına öz töhfəsini verir.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında da iştirak ediblər.

 

banner

Oxşar Xəbərlər