Qarabağın yaşıl gündəliyi
Azərbaycan işğaldan azad edilmiş ərazilərdə yalnız quruculuq işləri aparılmır. Bununla paralel olaraq bu ərazilərin işğal dövründə məruz qaldığı ekoloji fəsadların da kompleks həlli həyata keçirilir, tarixi yaddaşımızla bağlı qərarlar qəbul olunur.
İşğaldan azad edilmiş ərazilərin bərpası tək sosial-iqtisadi, mədəni infrastrukturun yaradılması prosesi ilə yekunlaşmır. Dövlətin ali rəhbərliyinin xüsusi diqqət və qayğısı nəticəsində bu ərazilərin işğal dövründə məruz qaldığı ekoloji fəsadların da kompleks həlli həyata keçirilir, tarixi yaddaşımızla bağlı qərarlar qəbul olunur.
Bir milli park, bir qoruq
Bugünlərdə Prezident İlham Əliyev tərəfindən imzalanmış sərəncamla Qarabağ Milli Parkı yaradılıb. Sərəncamda Azərbaycan Respublikasının Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları tarixən zəngin və özünəməxsus təbii irsə malik olduğu bildirilib: "Ermənistan Respublikası tərəfindən işğal altında saxlanıldığı müddət ərzində bu ərazilərdə bioloji müxtəlifliyə ciddi ziyan vurulub, Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı Siyahısı”na daxil edilmiş nadir bitki və heyvan növləri məhv edilib. Bütün bunlar bütövlükdə regionda ekoloji tarazlığın pozulmasına gətirib çıxarıb”.
Dövlət başçısının digər sərəncamı ilə isə, “Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradılıb. Sərəncama əsasən, Nazirlər Kabineti üç ay müddətində yeni qoruğun əsasnaməsini təsdiq etməli, sərhədlərini və mühafizə zonasını müəyyən etməli, ərazisinin xüsusi rejimini müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, maddi-texniki təminatı ilə bağlı zəruri tədbirlər görməli, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
Ekoloji tarazlığın, təbii ekosistemlərin bərpası
Qeyd edək ki, Vətən müharibəsindən ötən müddət ərzində işğaldan azad edilmiş ərazilərin ekoloji tarazlığının, o cümlədən təbii ekosistemlərinin və zəngin biomüxtəlifliyinin bərpası, xüsusi mühafizə olunan təbiət ərazilərinin yenidən qurulması, regionun təmiz ətraf mühit və “yaşıl artım” zonasına çevrilməsi istiqamətində tədbirlər həyata keçirilib. Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunun inzibati ərazisində Azərbaycan Respublikasının Bəsitçay Dövlət Təbiət Qoruğunun və Qarabağ iqtisadi rayonuna daxil olan Şuşa və Xocalı rayonlarının inzibati ərazilərində Azərbaycan Respublikasının Daşaltı Dövlət Təbiət Yasaqlığının fəaliyyəti Böyük Qayıdış çərçivəsində bərpa edilib.
Müalicəvi, istirahət turizmi və ekoturizm
Ekspertlərin qənaətincə, istər Qarabağ Milli Parkı, istərsə də “Azıx-Tağlar Arxeoloji Parkı”nın yaradılması ilə bağlı qərarlara həm də regionun uzunmüddətli sosial-iqtisadi inkişaf modelinin tərkib hissəsi kimi yanaşmaq mümkündür. Məlum sərəncamlarla bölgənin sahib olduğu zəngin təbii və mədəni imkanları səfərbər edərək burada müalicəvi turizm, istirahət turizmi və ekoturizm kimi istiqamətlərin sürətli inkişafına nail olmaq mümkündür. Qarabağ Milli Parkının ərazisinə daxil olan Şuşa, Laçın, Kəlbəcər və digər rayonların sahib olduqları imkanlar bu məqsədi reallaşdırmaq üçün əlverişli mühit yaradır.
Digər tərəfdən məlum sərəncamlar Böyük Qayıdış çərçivəsində öz doğma yurdlarına qayıdan sakinlərin məşğulluq problemlərinin həllinə də müsbət təsir göstərəcək. Turizm potensialının inkişafı həm də əlavə və sabit iş yerlərinin yaradılması deməkdir. Həmçinin son illərdə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən infrastruktur layihələri, yollar və hava limanlarının inşası qarşıya qoyulan hədəflərə maksimum nail olmaq imkanları yaradır.
Milli Parkın yaradılması nəticəsində turizmin müxtəlif istiqamətlərinin inkişafı həm də əlavə dəyər zəncirinin formalaşdırılması deməkdir. Burada ekoloji bələdçilik, kənd və ailə tipli yerləşdirmə, yerli qida məhsulları, sənətkarlıq, nəqliyyat xidmətləri, təbiət müşahidəsi və digər kiçik sahibkarlıq fəaliyyətləri üzrə imkanları qeyd edə bilərik.
Yaşıl gündəliyin tərkib hissəsi
Bundan əlavə, regionun ekoloji müxtəlifliyinin bərpası, qorunması və məruz qaldığı ekosidin nəticələrinin aradan qaldırılması da başlıca prioritetlərdəndir. Tarixi qələbəmizdən keçən müddətdə sözügedən istiqamətdə reallaşdırılan ekoloji tədbirlərin, vacib qərarların ilkin müsbət nəticələrini artıq görməkdəyik. İndi isə bu tədbirlər daha kompleks yanaşma ortaya qoyulmaqla reallaşdırılacaq. Bu, həm də Azərbaycanın prioritet elan etdiyi yaşıl gündəliyin əsas istiqamətlərindəndir.
Xatırladaq ki, Qarabağ Milli Parkına Ağdərə rayonundan 44 min 773,79 hektar, Xocalı rayonundan 24 min 597,8 hektar, Kəlbəcər rayonundan 13 min 514,98 hektar, Şuşa rayonundan 5314,34 hektar və Laçın rayonundan 217,09 hektar dövlət torpağı daxil edilib. Milli Parkın ümumi sahəsi 88 min 418 hektardır.
F.Abasoğlu