• bazar, 18 Oktyabr, 01:58
  • Baku Bakı 20°C

Azərbaycanın Qlobal Cənub strategiyası

17.10.26 03:26 197
Azərbaycanın Qlobal Cənub strategiyası

Yeni platformalar çərçivəsində qurulan əlaqələrlə Azərbaycan öz məhsullarının Asiya, Afrika və Latın Amerikası bazarlarına çıxarılması imkanlarını genişləndirə bilər. Buraya logistika, enerji, qarşılıqlı sərmayələr, texnologiya və digər sahələr üzrə əməkdaşlıq perspektivləri də aiddir. 

Azərbaycanın əldə etdiyi orta güc statusu rəsmi Bakının iqtisadi-siyasi əməkdaşlıq coğrafiyasının da genişlənməsini şərtləndirir. Əvvəlki dövrlərdən fərqli olaraq, Azərbaycan tək regional və yaxın geosiyasi məkanda yerləşən ölkələrlə deyil, həm də daha böyük miqyasda yerləşən ölkələrlə əməkdaşlıq kursuna önəm verməkdədir. Bu proses artıq prioritet istiqamət kimi nəzərdən keçirilir. 

Qlobal Cənub ölkələri ilə münasibətlər prioritetdir

Bugünlərdə Qlobal Cənub ölkələrinin təmsilçiləri -  Kamboca Krallığının Baş naziri Hun Manet və Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin Azərbaycana rəsmi səfərlərinə də bu prizmadan yanaşılmalıdır. Qeyd edək ki, hər iki ölkənin rəhbərləri səfər çərçivəsində Prezident İlham Əliyevlə görüşüblər. Dövlətlərarası və beynəlxalq səviyyədə əməkdaşlıq imkanlarını müzakirə ediblər. Tərəflərin prioritet istiqamət olaraq müəyyənləşdirdikləri sahələr mətbuata birgə bəyanatlar zamanı dövlət rəhbərləri tərəfindən elan edilib.  

Çoxtərəfli müstəvidə qarşılıqlı fəaliyyət

Prezident İlham Əliyev Kamboca Krallığının Baş naziri Hun Manet ilə müzakirələrin yekunu olaraq bildirib ki, hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq edir, bir-birini dəstəkləyir. “Əlbəttə, ticarət və sərmayə qoyuluşu sahələrində hansı işləri görə biləcəyimizi də müəyyənləşdirməliyik. Biz bu imkanları geniş müzakirə etdik, ticarət və investisiya əməkdaşlığımızın praktiki aspektləri ilə məşğul olacaq birgə işçi qrupu yaratdıq. Beləliklə, imkanlar çoxdur. Yeganə maneə məsafə ola bilər. Lakin müasir dünyada bu, böyük problem deyil. Digər məsələ məlumat çatışmazlığıdır və biz bu boşluğu aradan qaldırmalıyıq”, - Prezident İlham Əliyev bildirib.

Hun Manet isə bəyan edib ki, dünyada vəziyyətin getdikcə mürəkkəbləşdiyi bir şəraitdə regionlar və ölkələr arasında qarşılıqlı fəaliyyət, xüsusilə beynəlxalq arenada daha böyük əhəmiyyət kəsb edir. Bu baxımdan Kambocanın və Azərbaycanın ikitərəfli əməkdaşlığı gücləndirmək əzmi çoxtərəfli müstəvidə qarşılıqlı fəaliyyətimizin inkişafına da töhfə verəcək.

Azərbaycanlı iş adamlarına çağırış

Eyni yanaşma Laos Prezidenti Thonqlun Sisulit ilə görüşdə də ortaya qoyulub. Tərəflərin mətbuata birgə bəyanatı zamanı Prezident İlham Əliyev siyasi əlaqələrin uzun illərdir uğurla inkişaf etdiyini deyib. “Biz eyni mənzərəni iqtisadi sahədə də görmək istərdik. Bu gün fikir mübadiləsi əsnasında hər iki tərəf eyni mövqe bildirdi ki, bugünkü ticarət dövriyyəmiz, əlbəttə, bizim nə potensialımızı əks etdirir, nə də niyyətimizi. Ona görə müvafiq göstərişlər verildi ki, iqtisadi sahədə, o cümlədən ticarət dövriyyəsi sahəsində əməkdaşlıq intensivləşsin”, - dövlət başçısı vurğulayıb. 

Laos Prezidenti Thonqlun Sisulit qeyd edib ki, gələcəkdə Azərbaycanın iş adamlarının ölkəsinə daha çox investisiya yatıracağına əmindir. “Ticarətin, turizmin həcmi, mədəniyyət sahəsində mübadilələr artacaq”, - deyə o bildirib.  

Qoşulmama Hərəkatına, COP29-a sədrlik

Qeyd edək ki, son illərdə beynəlxalq münasibətlər sistemində Qlobal Cənub ölkələrinin siyasi-iqtisadi çəkisi artmaqdadır. Beynəlxalq gündəmin ərzaq, enerji təhlükəsizliyi, bağlantılar, texnologiyaların inkişafı, iqlim dəyişmələrinə qarşı mübarizə və sair prioritet mövzuları ilə bağlı Qlobal Cənub ölkələrinin fəallığı genişlənir. Bu məsələlər Azərbaycan üçün də prioritet təşkil edir. Ölkəmizin 2019–2023-cü illərdə Qoşulmama Hərəkatına sədrliyi, 2024-cü ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi, 2025-ci ildə Bakıda Qlobal Cənub QHT Platformasının təsis konfransının keçirilməsi rəsmi Bakının qeyd olunan istiqamətdə diplomatik fəallığının prioritet olduğunu göstərir.

Beynəlxalq təşkilatlar çərçivəsində göstərilən dəstək

Hazırda hər bir ölkənin diplomatik çəkisi və gücü həm də beynəlxalq səviyyədə əldə etdiyi dəstəklə, etimadla da ölçülür. Bu gün Azərbaycan ali rəhbərliyinin ortaya qoyduğu yanaşmalar, rəsmi Bakının qlobal gündəmlə bağlı atdığı addımlar beynəlxalq təşkilatlar çərçivəsində ölkəmizin artan nüfuzunu şərtləndirən başlıca amillərdəndir. Qlobal Cənub ölkələri ilə bu istiqamətdə fəaliyyətin koordinasiya olunması, əməkdaşlığın genişləndirilməsi isə BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq platformalarda rəsmi Bakı üçün əhəmiyyətli imkanlar yaradır. Azərbaycan üçün belə platformalarda iştirak həm ikitərəfli münasibətlərin möhkəmləndirilməsi, həm də beynəlxalq məsələlər üzrə tərəfdaşlarla ortaq mövqelərin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Siyasi müstəvidən iqtisadi əlaqələrə keçid

Təbii ki, siyasi və diplomatik münasibətlərlə bərabər Azərbaycan qeyd olunan istiqamətdə iqtisadi əlaqələrin də genişləndirilməsində, qarşılıqlı investisiyaların yatırılmasında maraqlıdır. Bu yanaşma bütün tərəflərin milli maraqlarına uyğundur. Ölkəmiz xüsusilə qeyri-neft-qaz sahəsi üzrə əməkdaşlıq imkanlarının genişləndirilməsinə xüsusi diqqət ayırır. Bu platformalar çərçivəsində qurulan əlaqələr həm də Azərbaycan kənd təsərrüfatı, emal olunmuş ərzaq məhsullarının, kimya sənayesi məhsullarının və digər qeyri-neft mallarının Asiya, Afrika və Latın Amerikası bazarlarına çıxarılması imkanlarını genişləndirə bilər. Buraya logistika, enerji, qarşılıqlı sərmayələr, texnologiya və digər sahələr üzrə əməkdaşlıq perspektivləri də aiddir. 

Beləliklə, Azərbaycanın Qlobal Cənub ölkələri ilə əməkdaşlığı uzun illər ərzində qurulan müsbət siyasi münasibətlərin qarşılıqlı maraqlara əsaslanan iqtisadi əlaqələrin inkişafı ilə dəstəklənməsini təşviq edir. 

Azad Əliyev

banner

Oxşar Xəbərlər