• şənbə, 28 Noyabr, 04:38
  • Baku Bakı 9°C

Mərkəzi Asiyadan Hind okeanına

28.11.26 03:10 32
Mərkəzi Asiyadan Hind okeanına

Qazaxıstan, Özbəkistan, Əfqanıstan və Pakistanı birləşdirməsi nəzərdə tutulan Mərkəzi Asiya - Cənubi Asiya dəmir yolu layihəsi xüsusi diqqət çəkir. Layihənin reallaşması Mərkəzi Asiyanın dənizə çıxışı olmayan ölkələri üçün yeni iqtisadi imkanlar yaradır.

Avrasiya məkanında nəqliyyat-kommunikasiya marşrutları uğrunda rəqabət yeni mərhələyə qədəm qoyur. Qlobal ticarət yollarının şaxələndirilməsi, alternativ logistika imkanlarının yaradılması və dəniz limanlarına daha əlverişli çıxışın təmin edilməsi dövlətlərin iqtisadi və geosiyasi prioritetləri sırasında xüsusi yer tutur. Bu baxımdan Qazaxıstan, Özbəkistan, Əfqanıstan və Pakistanı birləşdirməsi nəzərdə tutulan Mərkəzi Asiya - Cənubi Asiya (CASA) dəmir yolu layihəsi xüsusi diqqət çəkir. Layihənin reallaşması Mərkəzi Asiyanın dənizə çıxışı olmayan ölkələri üçün yeni iqtisadi imkanlar yaratmaqla yanaşı, regionun beynəlxalq nəqliyyat sistemində mövqelərini də əhəmiyyətli dərəcədə gücləndirə bilər. Eyni zamanda, Əfqanıstanın tranzit ölkəyə çevrilməsi, Pakistanın dəniz limanlarının regional ticarətdə rolunun artması və Körfəz ölkələrinin infrastruktur layihələrinə investisiya imkanlarının genişlənməsi CASA təşəbbüsünü daha geniş geosiyasi müstəviyə çıxarır.

Yeni nəqliyyat dəhlizinin formalaşması

Layihənin əsas məqsədi region ölkələrinin beynəlxalq bazarlara çıxış imkanlarını genişləndirmək, yükdaşımaların həcmini artırmaq və Pakistanın dəniz limanlarına alternativ quru nəqliyyat marşrutu formalaşdırmaqdır. 2026-cı il sentyabrın 30-da Qazaxıstan, Özbəkistan və Birləşmiş Ərəb Əmirliklərinin müvafiq qurumları CASA layihəsi üzrə əməkdaşlıq haqqında memorandum imzalayıblar. Razılaşmaya əsasən, tərəflər dəmir yolu infrastrukturunun yaradılmasının texniki-iqtisadi əsaslandırılmasını, maliyyələşmə imkanlarını və layihənin həyata keçirilməsi üçün zəruri şərtləri araşdıracaqlar. Bu sənəd layihənin praktiki inkişafı baxımından mühüm mərhələ hesab olunsa da, hələlik tikintinin başlanması barədə yekun qərar qəbul edilməyib. Bununla belə, Qazaxıstan və Özbəkistanın təşəbbüsə qoşulması, BƏƏ-nin isə investisiya və logistika təcrübəsi ilə prosesdə iştirak etməsi layihənin regional əhəmiyyətini artırır. Mərkəzi Asiya dövlətlərinin qarşılaşdığı əsas problemlərdən biri beynəlxalq dəniz nəqliyyatı sisteminə birbaşa çıxışın olmamasıdır. Bu vəziyyət ixrac və idxal əməliyyatlarının xərclərinə, məhsulların çatdırılma müddətinə və xarici bazarlarda rəqabət qabiliyyətinə təsir göstərir. Xüsusilə Qazaxıstan və Özbəkistan üçün yeni cənub marşrutunun yaradılması iqtisadi baxımdan mühüm əhəmiyyət daşıyır. Hazırda bu ölkələr öz məhsullarını dünya bazarlarına çatdırmaq üçün müxtəlif tranzit marşrutlarından istifadə edirlər. Lakin alternativ yolların mövcudluğu nəqliyyat sisteminin dayanıqlılığını artırır, ayrı-ayrı marşrutlardan asılılığı azaldır və logistika xərclərinin optimallaşdırılmasına şərait yaradır. CASA layihəsinin reallaşması ilə Mərkəzi Asiya ölkələri Pakistanın Kəraçi, Qvadar və digər dəniz limanlarına çıxış əldə edə bilərlər. 

Beləliklə, regionun istehsal və ixrac potensialının Hind okeanı istiqamətində genişləndirilməsi üçün yeni imkan yaranacaq. Qazaxıstan üçün bu marşrut taxıl, un, kənd təsərrüfatı məhsulları, sənaye malları və digər ixrac məhsullarının Cənubi Asiya bazarlarına daşınmasını asanlaşdıra bilər. Özbəkistan isə həm özünün, həm də qonşu dövlətlərin yüklərinin beynəlxalq bazarlara çatdırılmasında mühüm tranzit mövqe qazanacaq.

Əfqanıstan regional nəqliyyat qovşağına çevrilə bilər

CASA layihəsinin ən mühüm xüsusiyyətlərindən biri marşrutun Əfqanıstan ərazisindən keçməsidir. Uzun illər münaqişələr və siyasi qeyri-sabitlik səbəbindən regional iqtisadi proseslərdən kənarda qalan bu ölkə dəmir yolu layihəsinin həyata keçirilməsi ilə Mərkəzi və Cənubi Asiya arasında mühüm tranzit məkanına çevrilmək imkanı əldə edə bilər. Əfqanıstanın coğrafi mövqeyi ona regionun müxtəlif iqtisadi mərkəzlərini birləşdirmək üçün əlverişli üstünlük verir. Lakin bu potensialın reallaşması üçün nəqliyyat infrastrukturunun inkişafı, sərhəd-keçid prosedurlarının sadələşdirilməsi, təhlükəsizliyin təmin olunması və qonşu dövlətlərlə davamlı iqtisadi əməkdaşlığın qurulması vacibdir. Dəmir yolu xəttinin çəkilməsi Əfqanıstanda yeni iş yerlərinin yaradılmasına, yerli iqtisadi fəallığın artmasına, tranzit gəlirlərinin əldə edilməsinə və xarici investisiyaların cəlbinə şərait yarada bilər. Eyni zamanda, ölkənin regional iqtisadi sistemə inteqrasiyası siyasi və iqtisadi sabitliyin möhkəmlənməsinə də töhfə verəcək. Bununla belə, Əfqanıstan ərazisində təhlükəsizlik məsələləri, Pakistanla münasibətlər və sərhədlərdə yarana biləcək problemlər layihənin gələcəyinə birbaşa təsir göstərəcək amillərdir.

Birləşmiş Ərəb Əmirliklərinin iştirakı

CASA layihəsində Birləşmiş Ərəb Əmirliklərinin iştirakı ayrıca diqqətə layiqdir. Çünki BƏƏ son illərdə beynəlxalq nəqliyyat, logistika, liman idarəçiliyi və infrastruktur investisiyaları sahəsində fəallığını artırır. Əbu-Dabinin layihəyə qoşulması Mərkəzi Asiya ilə Körfəz ölkələri arasında iqtisadi əlaqələrin genişləndirilməsi baxımından da əhəmiyyətlidir. 
Burada əsas məsələ siyasi razılaşmaların konkret iqtisadi öhdəliklərə çevrilməsidir. Çünki belə miqyaslı dəmir yolu layihələrinin həyata keçirilməsi böyük maliyyə vəsaiti, uzunmüddətli investisiya təminatı və iştirakçı dövlətlər arasında koordinasiyalı fəaliyyət tələb edir.

10 milyon ton yükdaşıma potensialı

CASA layihəsinin iqtisadi perspektivlərini müəyyənləşdirən əsas göstəricilərdən biri mümkün yükdaşıma həcmidir. Qazaxıstan tərəfinin açıqlamalarında Mərkəzi Asiya-Əfqanıstan-Pakistan istiqamətində formalaşdırılması nəzərdə tutulan dəhlizin ildə 10 milyon tona qədər yük daşıya biləcəyi bildirilir. Bu göstərici layihənin regionun beynəlxalq ticarətində hansı miqyasda rol oynaya biləcəyini nümayiş etdirir. Lakin həmin rəqəm hazırkı daşınma həcmi deyil, nəzərdə tutulan dəhlizin perspektiv imkanlarına dair proqnozdur. Digər tərəfdən, dəmir yolunun iqtisadi səmərəliliyi yalnız onun texniki imkanlarından asılı olmayacaq. Sabit yük bazasının formalaşdırılması, vahid tranzit tariflərinin müəyyənləşdirilməsi, gömrük prosedurlarının uzlaşdırılması və sərhədlərdə fasiləsiz hərəkətin təmin olunması da həlledici əhəmiyyət daşıyacaq.
Beləliklə, CASA müxtəlif nəqliyyat istiqamətlərini bir-birinə qarşı qoymaqdan daha çox, onların tamamlayıcı şəkildə inkişafı üçün yeni imkan yaradır.

Azər Nuriyev

banner

Oxşar Xəbərlər