• şənbə, 21 Noyabr, 19:34
  • Baku Bakı 14°C

Avropanın Şərqə açılan qapısı

21.11.26 03:54 86
Avropanın Şərqə açılan qapısı

Almaniyanın XİN başçısının ölkəmizə səfəri Avropanın strateji gündəmində Cənubi Qafqaz-Mərkəzi Asiya xəttinin getdikcə daha prioritet mahiyyət daşıdığını göstərir. Bu xətdə əsas söz sahibi isə məhz Azərbaycandır.

“Avropa Siyasi Birliyi”nin noyabrın 12-də Dublində keçirilən Zirvə Toplantısının ardından Avropa İttifaqının əsas iqtisadi lokomotivi sayılan Almaniyanın xarici işlər naziri Yohan David Vadeful Azərbaycana səfər etdi. Bu səfər bir daha rəsmi Bakının Avropa ilə əməkdaşlıq gündəliyinin intensivliyini, çoxşaxəliliyini və ölkəmizin "köhnə qitə" üçün nə dərəcədə əhəmiyyətli olduğunu ortaya qoydu. 

Qeyd edək ki, səfər çərçivəsində Yohan David Vadeful Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb. Söhbət zamanı bu ilin iyulunda dövlət başçısının Almaniyaya rəsmi səfəri, səfər çərçivəsində keçirilən görüşlər və aparılan səmərəli müzakirələr məmnunluqla xatırlanıb. Həmin səfər zamanı imzalanmış "Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə", həmçinin Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasına və fəaliyyətinə dair Birgə Bəyannamənin ikitərəfli əməkdaşlığın möhkəmlənməsində roluna toxunulub. Görüşdə iki ölkə arasında münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb, siyasi, iqtisadi, sərmayələr, biznes, ənənəvi və alternativ enerji, bağlantılar, nəqliyyat, logistika, turizm və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib.

“Azərbaycan Almaniyanın strateji tərəfdaşıdır”

Almaniyanın XİN başçısının görüşünün detalları, ikitərəfli əməkdaşlıqda üzərində xüsusilə dayanılan məqamlar isə Yohan David Vadefulun azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşündən sonra birgə mətbuat konfransında açıqlanıb. 
C.Bayramov Bakı-Berlin əlaqələrini dostluğa, beynəlxalq hüquqa əsaslanan münasibətlər kimi xarakterizə edib. Onun sözlərinə görə, Azərbaycan və Almaniyanın xarici işlər nazirləri Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər.

İkitərəfli əməkdaşlıqda Almaniyanın gündəmini isə elə Yohan David Vadefulun özü açıqlayıb. O, sülh gündəliyi ilə bağlı baş verənləri təkcə iki ölkənin hökumətləri üçün deyil, həm də Avropa üçün münaqişələrə son qoymağın, kompromislər tapmağın və beynəlxalq hüquqa əməl olunmasını təmin etməyin mümkün olduğunu nümayiş etdirmək nöqteyi-nəzərindən tarixi fürsət adlandırıb.

Yohan Vadeful Azərbaycanı Almaniyanın strateji tərəfdaşı adlandırıb.

Enerji təchizatı müzakirələri

Bu gün Azərbaycanın Avropanın düşdüyü çətin durumda enerji təchizatı məsələsində önəminin artdığını istər Dublin sammiti, istərsə də son aylarda Bakıya reallaşan səfərlər bir daha təsdiqləyir. Bu məsələ Bakı-Berlin gündəmində də əsas xətlərdən biridir.  

Rəsmi bəyanatlarda da vurğulandığı kimi, enerji təchizatı məsələsi Almaniyanın Azərbaycanla əməkdaşlığının əsas istiqamətlərindən biridir. "Azərbaycan - bizim enerji iqtisadiyyatımızın əvəzolunmaz dayağıdır və biz bu sahədə uğurlu, etibarlı əməkdaşlığa görə təşəkkür edirik. Hesab edirəm ki, indi biz bu əməkdaşlığı konkret olaraq genişləndirməliyik. Biz bu məsələni müzakirə etdik", - Y.Vadeful bildirib.

Mərkəzi Asiya xəttində əsas dayanacaq

Bundan əlavə, Avropanın Mərkəzi Asiyaya artan marağı fonunda da Azərbaycanın geosiyasi və strateji mövqeyi, imkanları ön plana çıxır. Cənubi Qafqazın artan strateji əhəmiyyəti fonunda rəsmi Bakının razılığı olmadan Şərq istiqamətində hər hansı addımın atılmasının qeyri-mümkünlüyü hər kəsə aydındır. Bölgədə Azərbaycanın yaratdığı yeni reallıqlar nəticəsində sülh və sabitliyin hökm sürməsini isə Avropa fürsətlər pəncərəsi kimi görür. “Bütün Cənubi Qafqaz Avropa üçün imkanlar regionudur”, - Yohan Vadeful bildirir. Onun sözlərinə görə, Azərbaycanın burada aparıcı rol oynaması yaxşı haldır. Azərbaycan Avropa ilə Mərkəzi Asiya arasında əlaqələrin təmin edilməsində Almaniya və Avropanın mühüm tərəfdaşıdır.
Y.Vadeful Brüsseldən yeni qayıtdığını və orada Avropa Komissiyasının sədri Ursula fon der Lyayenlə danışıqlar apardığını deyib: "Ursula fon der Lyayen də Avropa Komissiyasının konkret nəticələrin əldə edilməsində və regionla intensiv əməkdaşlıqda son dərəcə maraqlı olduğunu təsdiqləyib".

İqtisadi əməkdaşlıq ön planda

Qeyd edək ki, gələn il Azərbaycan-Almaniya diplomatik münasibətlərinin 35 illiyi qeyd olunacaq. Bu illər ərzində ikitərəfli münasibətlərin hüquqi bazasını təşkil edən 80 müxtəlif sənəd, saziş imzalanıb, 10 sənəd üzrə isə hazırda işlər aparılır.
İqtisadi əlaqələrə gəldikdə isə, Azərbaycanda 280 alman şirkəti qeydiyyatdan keçib, onlardan 210-u aktiv fəaliyyət göstərir. Almaniyadan Azərbaycana 950 milyon, Azərbaycandan Almaniyaya 670 milyon dollar məbləğində investisiya yatırılıb. Maraqlı məqam odur ki, bu yatırım daha çox qeyri-neft sektoruna edilib. Yaxın zamanlarda iki ölkə arasında növbəti biznes şurası da keçiriləcək.

Almaniyadan Azərbaycana ötən il 24 mindən çox turist gəlib, bu ilin ilk 10 ayında isə bu say artıq 25 mini keçib.
Beləliklə, Almaniyanın XİN başçısının ölkəmizə səfəri Avropanın strateji gündəmində Cənubi Qafqaz-Mərkəzi Asiya xəttinin getdikcə daha prioritet mahiyyət daşıdığını göstərir. Bu xətdə əsas söz sahibinin məhz Azərbaycan olması strateji əməkdaşlıq konfiqurasiyanın Bakı ilə razılaşmadan qeyri-mümkünlüyünü bir daha təsdiqləyir. Bu baxımdan, almaniyalı diplomatın bölgəyə səfərini məhz Azərbaycandan başlaması heç də təsadüfi deyil. 

Azad Əliyev

banner

Oxşar Xəbərlər