• şənbə, 28 Noyabr, 04:38
  • Baku Bakı 9°C

Bakıda Estoniyanın səfirliyi açıldı

28.11.26 00:45 54
Bakıda Estoniyanın səfirliyi açıldı

Azərbaycanla Estoniya arasında münasibətlər dinamik şəkildə genişlənir. Estoniyanın xarici işlər naziri Marqus Tsahknanın Azərbaycana səfəri çərçivəsində əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. 

Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Azərbaycana səfər edib. Səfər çərçivəsində bu ölkənin Bakıdakı səfirliyinin açılışı mərasimi keçirilib. 

Prezident İlham Əliyevlə görüş

Marqus Tsahknanı Prezident İlham Əliyev də qəbul edib. Azərbaycanla Estoniya arasında münasibətlərin dinamik şəkildə genişləndiyini deyən Prezident İlham Əliyev hökumət nümayəndələri arasında görüşlərin keçirilməsinin yaxşı nəticələr verəcəyinə ümidvarlığını bildirib, müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin əlaqələrimizin inkişafı baxımından roluna toxunub və əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb.

Dövlət başçısı Azərbaycan-Avropa İttifaqı münasibətlərinin də uğurla inkişaf etdiyini deyib, bu il Avropa İttifaqı rəhbərliyinin ölkəmizə səfərlərini və Dublin Sammiti çərçivəsində keçirilmiş görüşləri xatırladıb.

Prezident İlham Əliyev ölkələrimiz arasında tərəfdaşlığın irəli aparılması üçün məsələləri müzakirə etmək baxımından Estoniyanın xarici işlər nazirinin səfərinin uğurlu olacağına ümidvarlığını ifadə edib.

Qəbula görə minnətdarlığını bildirən Marqus Tsahkna Azərbaycanın sürətli inkişafının şəxsən şahidi olduğunu deyib, ölkəmizin regionda önəmli rol oynadığını vurğulayıb.

Azərbaycan-Estoniya münasibətlərində mühüm mərhələ

Səfər çərçivəsində Bakıda Estoniya səfirliyinin rəsmi açılış mərasimi də keçirilib. Mərasimdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da iştirak edib. Nazirlər səfirliyin açılmasını Azərbaycan-Estoniya münasibətlərində mühüm mərhələ adlandırıblar.

Daha sonra nazirlər arasında ikitərəfli müzakirələr aparılıb. Tərəflər mətbuata bəyanatla çıxış ediblər. 

Səkkiz sənəd üzərində iş aparılır

Ceyhun Bayramov Marqus Tshakna ilə brifinqdə deyib ki, Azərbaycan və Estoniya arasında 16 sənəd mövcuddur, səkkiz sənəd üzərində isə iş aparılır, yaxın gələcəkdə onların da müsbət inkişafı olacaq. O, iki ölkə arasında ticarət dövriyyəsinin daha da arta biləcəyini vurğulayıb: "Azərbaycandan Estoniyaya ötən il 32 milyon ABŞ dolları həcmində, Estoniyadan Azərbaycana isə 25 milyon investisiya yatırılıb".

XİN başçısı həmkarı ilə danışıqlarda iki ölkə arasında beynəlxalq platformalarda qarşılıqlı dəstək barədə fikir mübadiləsi aparıldığını da vurğulayıb: "Estoniya Avropa İttifaqının çox önəmli və fəal üzvüdür. Görüşümüz zamanı Avropa İttifaqı-Azərbaycan münasibətləri də müzakirə edildi, müxtəlif ölçülü danışıqlar və dialoqlar barədə fikir mübadiləsi aparıldı. Üzv ölkə olaraq, Estoniya Avropa İttifaqı ilə Azərbaycanın münasibətlərinə töhfə verə bilər və təbii ki bizim də bu çərçivədə öz gözləntilərimiz var".

C.Bayramov ikitərəfli əlaqələrin digər istiqamətlərinə toxunaraq Azərbaycandan Estoniyada 200 tələbənin təhsil aldığını, həmçinin ötən il bu ölkədən Azərbaycana 2000-ə yaxın turistin gəldiyini bildirib

Ticarət dəhlizləri, energetika və investisiyalar 

Öz növbəsində Marqus Tsahkna qeyd edib ki, Estoniya ticarət, energetika, investisiyalar və rəqəmsallaşma sahələrində Azərbaycanla və bütövlükdə regionla əməkdaşlığın genişləndirilməsində maraqlıdır: 

"Biz Azərbaycanı energetika sahəsində təcrübə qazanmaq, həmçinin qlobal ticarət və iqtisadiyyatdakı dəyişikliklərlə əlaqədar yaranan yeni perspektivləri araşdırmaq üçün böyük bir fürsət kimi görürük. Söhbət xüsusilə Şərq - Qərb Orta Dəhlizindən gedir".

Nazirin sözlərinə görə, Estoniya Avropa İttifaqının üzvü kimi qlobal məsələlərin müzakirəsində fəal iştirak edir və müxtəlif tərəfdaşlarla iqtisadi əlaqələrin inkişafında maraqlıdır. "Avropa İttifaqı Hindistan, Mərkəzi Amerika ölkələri və digər tərəfdaşlarla münasibətləri, o cümlədən azad ticarət sahəsində əlaqələri fəal şəkildə inkişaf etdirir. Bu proseslər qlobal iqtisadiyyata təsir göstərir. Biz həm Azərbaycan, həm də bütövlükdə regionla əməkdaşlığı genişləndirmək istəyirik. Bizim üçün ticarət dəhlizləri, energetika və investisiyalar vacibdir. Estoniya Aİ-yə üzvlüyün verdiyi imkanlardan istifadə etməyə hazırdır. Biz həm ikitərəfli səviyyədə, həm də Avropa İttifaqı çərçivəsində əməkdaşlıqda maraqlıyıq", - nazir qeyd edib.

 

banner

Oxşar Xəbərlər