• bazar, 18 Oktyabr, 01:58
  • Baku Bakı 20°C

Daha iki il AQEM-ə sədrlik edəcəyik

17.10.26 04:51 214
Daha iki il AQEM-ə sədrlik edəcəyik

Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 7-ci Zirvə Görüşü keçirilib. Azərbaycanın sədrliyinin daha iki il müddətinə uzadılması təklifi yekdilliklə dəstəklənib.


Oktyabrın 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü keçirilib. Tədbirdə çıxış edən Prezident İlham Əliyev bir sıra mühüm mövzulara toxunub.  

Azərbaycan birləşdirici mərkəz kimi

Prezident qeyd edib ki, coğrafi olaraq Asiya ilə Avropanın kəsişməsində yerləşən Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır. Ölkəmizin ikitərəfli və çoxtərəfli formatlar çərçivəsində bir çox dövlətlərlə siyasi, iqtisadi, nəqliyyat, enerji, humanitar sahələrdə əməkdaşlığı öz növbəsində regionumuzda təhlükəsizlik sistemini möhkəmləndirir: “Azərbaycan davamlı olaraq bərabərhüquqluluq, daxili işlərə qarışmama, ölkələrin ərazi bütövlüyünün və suverenliyinin üstünlüyünə əsaslanan müstəqil xarici siyasət həyata keçirir. Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların və seçici yanaşmaların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal və əsaslandırılmış şəkildə çıxış edir”.

Anaxronizm və atavizmin iki nümunəsi

Keçmiş münaqişəyə də toxunan Preziden İlham Əliyev bildirib ki, Ermənistanın əvvəlki rəhbərliyi - Ermənistanın hər üç keçmiş prezidenti və onların tərəfdarları layiq olduqları cəzanı almayıblar. Ermənistanın hazırkı rəhbərliyi 2018-ci ildən etibarən sələflərinin cinayətkar siyasətini davam etdirib: “Ermənistanın hazırkı Baş naziri 2019-cu ildə o vaxt işğal altında olan Xankəndidə, Qarabağda bəyan etmişdir ki, “Qarabağ Ermənistandır və nöqtə”. Həmin dövrdə Ermənistanın müdafiə naziri Azərbaycanı yeni ərazilər uğrunda yeni müharibə ilə təhdid edirdi. Bütün bu hədsiz həyasızlığa beynəlxalq, dırnaqarası beynəlxalq ictimaiyyət göz yumurdu. Heç kim Ermənistanı işğala, hərbi cinayətlərə, etnik təmizləməyə və qətliama, Azərbaycan xalqının dini müqəddəs yerlərinin təhqir edilməsinə görə qınamadı. BMT-nin Təhlükəsizlik Şurası qəbul etdiyi qətnamələrin icrasında təkid etmədi, ATƏT laqeyd qaldı.

Beynəlxalq münasibətlərdə anaxronizm və atavizmin iki nümunəsi olan Avropa Parlamenti və Avropa Şurası davamlı təcavüz qurbanı olan Azərbaycanı hədəfə alırdı və təcavüzkar Ermənistanı həvəsləndirirdi”.

Bakıdan beynəlxalq qətnamələrin icrası ilə bağlı çağırış

Dövlət başçısı vurğulayıb ki, BMT-nin Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatlarının qəbul etdiyi qərar və qətnamələrin icrasını təmin edən mexanizmlər hazırlanmayana qədər müharibələr və münaqişələr davam edəcək, yeniləri meydana çıxacaq: “Əgər işğal, soyqırımı və etnik təmizləməyə görə Ermənistana vaxtında sanksiyalar tətbiq edilsəydi, Azərbaycan döyüş meydanında erməni faşizminin belini qırmağa məcbur qalmazdı. Təcavüzkarın cəzasız qalması onun həyasızlığının miqyasını yalnız daha da artırırdı.

Müharibə bizim seçimimiz olmayıb. Bizi müharibəyə Ermənistan məcbur edib. Onun arxasında dayanan havadarlar isə görünür ki, Azərbaycanın öz suverenliyini və beynəlxalq hüququ güc yolu ilə bərpa edəcəyini düşünmədilər. Amma onların hamısı yanıldı, yəqin onlar bizim qürurlu, azadlıqsevər, adət-ənənələrimiz və əxlaqi dəyərlərimizlə yaşayan xalqımızın xasiyyətini yaxşı tanımırdılar.

Biz müharibədə qalib gəldik, işğalçıları torpaqlarımızdan qovduq. Lakin 30 illik əzablar, soyqırımı, şəhər və kəndlərimizin dağıdılmasına görə onlardan qisas almadıq. Biz döyüş meydanında qisas aldıq və Ermənistana sülh təklif etdik. Burada da xalqımızın mənəvi keyfiyyətləri bir daha özünü büruzə verdi. Biz artıq məğlub vəziyyətdə olana zərbə endirməmişik. Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik. Biz sülh təklif etdik və bir ildən bir az çoxdur ki, sülh içində yaşayırıq. Bu sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır”.

“Hazırda AQEM institusional baxımdan daha güclüdür”

Prezident bəyan edib ki, Azərbaycan AQEM-ə iki il ərzində sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb və nəqliyyat, bağlantılar, rəqəmsallaşma, ətraf mühitin mühafizəsi, turizm, təhsil, elm və digər sahələrdə əməkdaşlığı fəal şəkildə təşviq edib: “Bütün üzv dövlətlərin yekdil dəstəyi ilə həyata keçirilmiş müxtəlif təşəbbüslərimiz nəticəsində hazırda AQEM institusional və hüquqi baxımdan daha güclüdür. Üzvlərinin sayı genişlənmişdir və öz coğrafi məkanında təhlükəsizliyin, iqtisadi rifahın və qarşılıqlı anlayışın təşviqi naminə dialoqu və qarşılıqlı fəaliyyəti inkişaf etdirmək üçün imkanları əhəmiyyətli dərəcədə möhkəmlənmişdir.

Fürsətdən istifadə edərək, Azərbaycanın AQEM-də sədrliyinin daha iki il müddətinə uzadılması təklifinə dəstək verdiklərinə görə bütün üzv dövlətlərə təşəkkürümü bildirirəm”.

Görüşün yüksək səviyyədə təşkilinə görə təşəkkür edən Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycanın təşkilata dinamik sədrliyini təqdir etdiklərini deyib. 

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan nümayəndəsinin AQEM-in Baş katibi vəzifəsinə namizədliyini və Azərbaycan tərəfinin bu təşkilatda sədrliyini 2028-ci ilə qədər davam etdirmək niyyətini dəstəklədiyini bildirib.

Qırğızıstan Prezidenti Sadır Japarov da ölkəsinin Azərbaycana lazımi dəstəyi göstərməyə və ümumi fəaliyyətə öz töhfəsini verməyə hazır olduğunu deyib.

İsrail Prezidenti İsxak Hersoq Azərbaycanın sədrliyi dövründə AQEM-i daha da canlandırdığını vurğulayıb. 
Çin Xalq Respublikasının xarici işlər naziri Vanq Yi də əldə etdiyi nailiyyətlərə görə Azərbaycanı təbrik edib. 

F.Abasoğlu

banner

Oxşar Xəbərlər