• bazar, 18 Oktyabr, 01:56
  • Baku Bakı 20°C

Satira siyasi gücə çevrilir

17.10.26 03:30 199
Satira siyasi gücə çevrilir

Hindistanda “Tarakanlar Partiyası”nın başlatdığı etirazlar genişlənməkdədir. Ali Məhkəmənin hakiminin işsiz gənclərlə bağlı “tarakanlar” ifadəsi işlətməsindən sonra fəallar bu sözü özlərinə simvol seçiblər. Təhqiramiz məna daşıya bilən ifadə etirazçıların müqavimət və geri çəkilməmək rəmzinə çevrilib.

Hindistanda gənclərin başlatdığı etiraz dalğası ölkənin gündəminin əsas mövzularından birinə çevrilib. Əvvəlcə işsizlik, təhsil sistemindəki problemlər və ali məktəblərə qəbul imtahanlarında yol verilən qanun pozuntularına etiraz kimi meydana çıxan hərəkat indi daha geniş siyasi müstəviyə keçib. Nümayişlərə bu yaxınlarda yaradılmış “Tarakanlar Partiyası” rəhbərlik edir. Partiya Hindistanın hakimiyyət strukturlarına qarşı narazılığın ifadə olunduğu platformalardan birinə çevrilib. Hərəkatın diqqətçəkən xüsusiyyəti onun qeyri-adi adında və yaranma tarixindədir. Sosial şəbəkələrdə satirik təşəbbüs kimi ortaya çıxan bu platforma qısa müddətdə tələbələrin, işsiz gənclərin və təhsil sistemindəki problemlərdən narazı olan insanların diqqətini cəlb edib. Etirazçılar artıq təhsil nazirinin istefasına da nail olublar. İndi isə Bharatiya Janata Partiyasının (BJP) hakimiyyətini hədəfə alıblar və Mərkəzi Seçki Komissiyasının rəhbəri Qaneş Kumarın vəzifəsindən uzaqlaşdırılmasını tələb edirlər. “Tarakanlar Partiyası”nın nümayəndələri və müxalifət liderləri iddia edirlər ki, Kumar seçici siyahılarında hökumətin maraqlarına uyğun dəyişikliklər edib.

Modinin populyarlığı şübhə altına alınır

KİV-in Daxili İşlər Nazirliyinin nümayəndələrinə istinadən yaydığı məlumata görə, Yeni Delhidə kütləvi etiraz aksiyalarının iştirakçılarından 2 mindən çox, Mumbayda isə 400 nəfər həbs edilib. Yeni Delhinin mərkəzi hissəsi polis tərəfindən bağlanıb, küçələrdə maneələr quraşdırılıb. Bir çox metro stansiyaları və bazarlar bağlanıb. Mobil rabitə xidməti də müvəqqəti dayandırılıb.

Amma belə görünür repressiya dalğası ilə gərginliyi azaltmaq mümkün olmayacaq. BJP uzun müddətdir ki, belə bir çağırışla üzləşməyib. Etirazçıların böyük əksəriyyətinin induslar olması vəziyyəti xüsusilə ciddi edir. Çünki hakim partiya ənənəvi olaraq məhz bu təbəqənin dəstəyinə arxalanır. BJP həm də ölkənin güclü və populyar lideri, Baş nazir Narendra Modinin partiyasıdır. İndi isə Modinin populyarlığı şübhə altına alınır və ciddi sınaqla üzləşir.

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı baş verənlərlə bağlı narahatlığını ifadə edib. Qurum bildirib ki, insanların sərbəst toplaşmaq və mitinq keçirmək hüquqlarına hörmət edilməlidir. Hindistanın Cenevrədəki BMT bölməsi yanında nümayəndəliyi Komissarlığın bəyanatını yersiz hesab edib və ölkənin daxili işlərinə müdaxilə kimi qiymətləndirib. 

Seçici hüquqları və siyasi məsuliyyət

Hazırda əsas məsələ Kumarın təşkil etdiyi seçici siyahılarının yenidən nəzərdən keçirilməsi zamanı qanun pozuntularına yol verilib-verilməməsinin dəqiqləşməsi olacaq. Əgər belə hallar baş veribsə, seçkilərin nəticələri də sual altına düşür. Söhbət ümumölkə seçkilərindən deyil, bir neçə ştat səviyyəsində keçirilən seçkilərdən gedir. Lakin bu da kifayət qədər böyük əhəmiyyət daşıyır. “The Indian Express” qəzetinin yaydığı məlumatlardan belə məlum olur ki, Seçki Komissiyasının üzvləri seçici siyahılarında aparılan dəyişikliklərə etirazlarını bildiriblər, lakin Kumar bu fikirləri nəzərə almayıb. Əsas müxalifət partiyası olan Hindistan Milli Konqresinin (HMK) parlament üzvlərinin sözlərinə görə, siyahılardan əsasən müsəlman olan miqrant seçicilər çıxarılıb. Əhalisi 1,4 milyard nəfərə çatan ölkədə belə seçicilərin sayı az deyil. Söhbət on milyonlarla insandan gedir.

Etirazlar davam edəcək

Hazırda “Tarakanlar Partiyası” etiraz aksiyalarını mümkün qədər çox şəhərə yaymağa çalışır. Partiyanın qurucusu Abiccit Dipkenin Mumbaya səfər etməsi də təsadüfi deyil. Delhiyə qayıdarkən o, hava limanında polis tərəfindən saxlanılıb. Lakin həbsdə qalması uzun çəkməyib. Oktyabrın 11-də Dipke azadlığa buraxılıb. O, mətbuata açıqlamasında bildirib ki, polis tərəfdarlarını qorxuda bilməyəcək və etirazlar davam edəcək.

Digər müxalifət partiyalarının fəalları, o cümlədən Hindistan Milli Konqresinin nümayəndələri də saxlanılıblar. Onların arasında Qərbi Benqal ştatının keçmiş baş naziri Mamata Banerci də var. HMK-nın lideri Rahul Qandi bildirib ki, onun partiyasının iştirakı ilə kütləvi nümayişlər bundan sonra da davam edəcək.

Hindistan Milli Konqresi etiraz fəallığından maksimum siyasi fayda götürməyə ümid edir. Partiyanın əsas məqsədi növbədənkənar parlament seçkilərinin keçirilməsinə nail olmaqdır. Hindistan parlamentinin aşağı palatası olan Lok Sabhaya növbəti seçkilər 2029-cu ildə keçirilməlidir.

“Tarakanlar Partiyası” diqqət mərkəzində

Hərəkata rəhbərlik edən və “Tarakanlar Partiyası” kimi tanınan “Cockroach Janta Party” (CJP) gənclərin narazılığını küçə aksiyalarına və daha geniş ictimai-siyasi müzakirələrə daşıyıb. 2026-cı ilin mayında Ali Məhkəmənin hakimi Surya Kantın işsiz gənclərlə bağlı “tarakanlar” ifadəsi işlətməsi barədə məlumatlar yayıldıqdan sonra fəallar bu sözü özlərinə simvol seçiblər. Beləliklə, təhqiramiz məna daşıya bilən ifadə etirazçıların müqavimət və geri çəkilməmək rəmzinə çevrilib. Hərəkatın təsisçisi Abhijeet Dipke sosial şəbəkələrdə və aksiyalarda bu simvoldan geniş istifadə edib. “Tarakanlar Partiyası”nın meydana çıxması Hindistan cəmiyyətində, xüsusilə də gənclər arasında uzun müddətdir yığılan narazılıqların ifadəsi kimi qiymətləndirilir. 

Azər Nuriyev

 

banner

Oxşar Xəbərlər