• şənbə, 31 Oktyabr, 05:01
  • Baku Bakı 17°C

U-15 dünya çempionatı başa çatdı

31.10.26 03:13 35
U-15 dünya çempionatı başa çatdı

Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib. Qaliblərin mükafatlandırılması mərasimində iştirak edib. 

Prezident İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib. Final görüşündə Çexiya və İspaniya komandaları üz-üzə gəliblər. Rəqibini 3:0 hesabı ilə məğlub edən İspaniya millisi FIFA U-15 ilk dünya çempionatı və festivalının qalibi olub. Dövlət başçısı qaliblərin mükafatlandırılması mərasimində iştirak edib.

Öncə turnir ərzində 1000-ə yaxın oyunu idarə edən hakimlərə xatirə hədiyyələri təqdim olunub. Sonra F Divizionunun qalibi Yeni Zelandiya, E Divizionunun qalibi Mərkəzi Afrika Respublikası, D Divizionunun qalibi Tacikistan, C Divizionunun qalibi Belarus, B Divizionunun qalibi Zambiya mükafatlandırılıb. Sonda ilk dəfə keçirilən U-15 dünya çempionatı və festivalının qalibi olan İspaniya yığmasına medallar və kubok təqdim edilib. 

Bağlanış mərasimi

Oyundan əvvəl FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib. Bağlanış şousu hər biri Azərbaycanın milli mədəniyyətini və idman ruhunu əks etdirən 8 səhnədən ibarət olub.

Şou zamanı uşağın 11 metrlik penalti zərbəsi ilə impuls yaratması, balet artistlərinin Xəzər dənizini canlandırması, Toğrul Nərimanbəyovun əsərinin rəqslərlə təqdim olunması və atlı fiqurun çıxışı nümayiş etdirilib.

Eyni zamanda, nağaraçıların Şəki Xan Sarayının naxışları ətrafında kompozisiyası, "Sarı Gəlin" sədaları altında milli rəqs, Azər Nəsibovun 189 nəfərlik xor ilə işıq dairələrindəki çıxışı və nəhayət, iştirakçıların meydanı tərk edərək çempionatın loqosu ilə tədbiri yekunlaşdırması tamaşaçılara təqdim olunub.

Qeyd edək ki, oktyabrın 24-də start götürən turnirdə dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak ediblər. Çempionat çərçivəsində 1000-ə yaxın oyun baş tutub.

Millimiz neçənci oldu?

Azərbaycanın U-15 millisi Bakıda keçirilən dünya çempionatında qrup mərhələsində Şərqi Timor (6:0), Andorra (1:0) və İsrailə (3:1) qalib gəlib, Avstraliya (1:3) və Haitiyə (0:4) uduzub. Qrupda 3-cü yeri tutan komandamız 65-96-cı yerlər uğrunda mübarizəni davam etdirib. Bu mərhələdə Çiliyə (1:3) məğlub olan millimiz Cəbəllütariq (5:1) və Mozambikə (4:1) qalib gəlib, Vyetnama (2:4) uduzub.

Azərbaycan yığması mundialda keçirdiyi 10 oyunun 5-də qalib gəlib, 5-də məğlub olub (Əfqanıstanla penaltilər seriyasında məğlubiyyət daxil olmaqla).

Famil Xəlilovun baş məşqçisi olduğu komanda 83-cü yer uğrunda görüşdə Əfqanıstanla qarşılaşıb. Hövsanda keçirilən matçın əsas vaxtı 3:3 hesabı ilə başa çatıb.  Penaltilər seriyasında 3:2 hesabı ilə qalib gələn Əfqanıstan millisi 83-cü, Azərbaycan isə 84-cü yeri tutub.

Yüksək səviyyədə təşkilatçılıq

Ölkəmizin təşkilatçılıq səviyyəsi də yüksək qiymətləndirilir. “15 yaşadək futbolçular arasında Beynəlxalq Futbol Federasiyasının dünya çempionatı və festivalı Bakıda çox yüksək səviyyədə təşkil olunub. Turnirin keçirilməsi üçün Azərbaycanda yaradılmış idman infrastrukturu xüsusilə diqqətəlayiqdir”, - bunu Rusiya Futbol İttifaqının baş katibi Maksim Mitrofanov TASS agentliyinə müsahibəsində deyib.

“İlk növbədə, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının rəhbərliyinə və ölkə rəhbərliyinə təşəkkür etmək istəyirəm. Çünki qısa müddətdə festivalın keçirilməsi üçün bu cür idman infrastrukturu yaradılıb”, – deyə o bildirib.

Maksim Mitrofanovun sözlərinə görə, 15 yaşadək futbolçular arasında FIFA-nın dünya çempionatı və festivalı ilk dəfə təşkil olunur. Bakıda inşa edilmiş idman kompleksi isə özünəməxsusluğu ilə seçilir.

Rusiya Futbol İttifaqının baş katibi vurğulayıb ki, Rusiya tərəfi bu cür infrastrukturun yaradılması sahəsində Azərbaycanın təcrübəsini diqqətlə öyrənmək niyyətindədir.Yarışın təşkili məsələsinə toxunan Mitrofanov bildirib ki, bu qədər çox komandanın və hakim briqadasının iştirak etdiyi turnirin keçirilməsi ciddi səylər tələb edir. 

 

banner

Oxşar Xəbərlər