• bazar, 22 Dekabr, 10:01
  • Baku Bakı 8°C

Zəfər yoluna işıq salan mayak - ANIM

11.05.24 04:50 3068
Zəfər yoluna işıq salan mayak - ANIM

Bütün həyatını Azərbaycanın inkişafına həsr edən, xilaskarlıq missiyasını sonadək yerinə yetirən Heydər Əliyevin zəngin dövlətçilik irsi sahib olduğumuz əvəzsiz sərvətdir.

Azərbaycan xalqı növbəti dəfə ümummilli lider Heydər Əliyevi 101-ci doğum günündə ehtiramla andı. Minlərlə insan Fəxri Xiyabana axın edərək müstəqil Azərbaycanın qurucusu olan ulu öndərə ehtiramını bildirdi. 

Milli mənlik, milli özünüdərk

Bütün həyatını Azərbaycanın inkişafına həsr edən, xilaskarlıq missiyasını sonadək yerinə yetirən Heydər Əliyevin zəngin dövlətçilik irsi sahib olduğumuz əvəzsiz sərvətdir. Onun ideyaları, baxışları işıqlı gələcəyə, yeni hədəflərə gedən yolda sönməyən mayakdır.
Hələ 1969-cu ildə ulu öndər ölkəyə ilk dəfə rəhbərlik etdiyi dövrdə inkişaf səviyyəsinə görə SSRİ-də ən geridə qalan bir respublikanı qabaqcıllar sırasına çıxarmaqla müasir, müstəqil Azərbaycanın uğurlu inkişafının təməllərini atırdı. Müxtəlif sənaye müəssisələrinin qurulması, aqrar sektorda aparılan islahatlar, Azərbaycan dilinin ilk dəfə rəsmi dil statusu qazanması, minlərlə gənc kadrın aparıcı ali təhsil müəssisələrinə göndərilməsi, Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılması və burada gənc azərbaycanlı zabitlərin yetişdirilməsi Heydər Əliyevin hələ Azərbaycana birinci dəfə rəhbərlik edərkən göstərdiyi xidmətlərin kiçik bir hissəsidir. Ulu öndər o zamandan etibarən Azərbaycanın mədəniyyət və incəsənət xadimlərinə, alimlərə xüsusi diqqət və qayğı nümayiş etdirirdi. Xalqın azadlığa, müstəqilliyə aparan yolda milli mənlik, milli özünüdərk şüurunun formalaşması üçün bu ziyalıların nə dərəcədə mühüm rol oynadığını gözəl bilən Heydər Əliyev onları SSRİ-nin repressiya dalğasından qorudu. 

Azərbaycan küllərindən yenidən doğdu

Müstəqilliyə aparan yolun təməllərinin hələ keçən əsrin 60-70-ci illərində atıldığını azadlıq mübarizəsi, birinci Qarabağ savaşı zamanı bir daha müşahidə etdik. Azərbaycanın ulu öndərlə yolları növbəti dəfə 1993-cü ildə kəsişdi. Heydər Əliyev ən ağır zamanda xalqının çağırışına tabe olaraq xilaskar missiyasını üzərinə götürərək bu dəfə batmaq təhlükəsi ilə üzləşən müstəqil Azərbaycanın sükanı arxasına keçdi. Onun zəngin idarəetmə təcrübəsi, uzaqgörən siyasəti və dəmir iradəsi sayəsində məhv olmaq, vətəndaş müharibəsi təhlükəsi ilə üzləşən Azərbaycan küllərindən yenidən doğdu. Sağlam təməllər üzərində güclü, müstəqil Azərbaycanın yenidən qurulmasına start verildi. Xalq ulu öndərin hakimiyyətə qayıdışı ilə yenidən nəfəs almağa, uğurlu gələcək haqqında xəyallar qurmağa başladı. 

Müdriklik və fədakarlıq nümunəsi

Ulu öndərin müstəqil Azərbaycana rəhbərlik etdiyi illər dövlətçilik tariximizdə siyasi ustalıq, dərin zəka, müdriklik, fədakarlıq və vətənpərvərlik nümunəsi kimi əksini tapdı. Bəs nə idi bu fəaliyyəti dövlətimiz, xalqımız üçün bu dərəcədə əhəmiyyətli edən məqamlar? Nəzər yetirək:

- Daxili ictimai-siyasi xaosa son qoyuldu, vətəndaş müharibəsinin qarşısı alındı, idarəetmədəki iflic vəziyyət ortadan qaldırıldı; 

- Müharibədən, işğaldan yorulmuş Azərbaycanı yenidən dirçəltmək üçün atəşkəs imzalandı, qanunsuz hərbi birləşmələr ləğv edilərək vahid və peşəkar ordu quruculuğu prosesinə start verildi;

- "Əsrin müqaviləsi"nə imza atılmaqla müasir Azərbaycanın iqtisadi inkişafının bazisini təşkil edən neft strategiyası hazırlandı. Bu müqavilə həm də Azərbaycanın müstəqil dövlət kimi beynəlxalq aləmdə bir aktor olaraq qəbulunun göstəricisi idi;

- İlk dəfə müstəqil Azərbaycanın Konstitusiyası qəbul edildi;

- Hiperinflyasiyanın qarşısı alındı, ölkədə iqtisadi vəziyyət sabitləşdirildi, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində mühüm qərarlar verildi;

- Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğu beynəlxalq ictimaiyyət tərəfindən birmənalı olaraq qəbul edildi;

- Dövlət dili, azərbaycançılıq ideologiyasının formalaşdırılması, dünya azərbaycanlılarının vahid amal ətrafında birləşməsi, vətənpərvər gəncliyin yetişdirilməsi, təhsil, səhiyyə, mədəniyyət sahələrinin inkişafı ilə bağlı çoxsaylı mühüm qərarlar verildi...

Bütün bunlar ömrünü Azərbaycanın inkişafına, onun müstəqilliyinin, suverenliyinin möhkəmlənməsinə həsr etməsi ilə fəxr etdiyini söyləyən Heydər Əliyev fenomeninin dövləti və xalqı qarşısındakı xidmətlərinin kiçik və ümumiləşdirilmiş bir hissəsidir.

Heydər Əliyevin ruhu şaddır

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə qələbədən-qələbəyə doğru əmin addımlarla irəliləyən müstəqil güclü dövlətimiz ulu öndərin görmək istədiyi, arzuladığı və reallaşması üçün ömrünün böyük hissəsini fəda etdiyi Azərbaycandır. İşğala son qoyan, ərazi bütövlüyü, suverenliyi, sərhədləri bütöv, qüdrətli Azərbaycan. Şuşasında, Kəlbəcərində, Laçınında, Ağdamında sürətli bərpa quruculuq işlərinin aparıldığını, illərlə el-oba həsrəti çəkən milyondan artıq qaçqın və məcburi köçkünümüzün öz doğma yurdlarına qayıdışını böyük qürur hissi ilə müşahidə edən ulu öndərin ruhu bu gün şaddır. Çünki onun qurub-yaratdığı, bizlərə əmanət etdiyi müstəqil Azərbaycan dövlətinin əmin əllərdə olduğunu bilir. Heydər Əliyev siyasəti, strategiyası, dövlətçilik fəlsəfəsi Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qarşısında yeni üfüqlər, hədəflər acır. Biz azərbaycançılıq məfkurəsini rəhbər tutaraq bu hədəflərə doğru inamla irəliləyirik. 

Azad Əliyev

 

banner

Oxşar Xəbərlər