• cümə axşamı, 02 yanvar, 15:46
  • Baku Bakı 11°C

Zəfər parkı, Qarabağ Universiteti...

30.12.24 01:45 395
Zəfər parkı, Qarabağ Universiteti...

Əjdaha ili ölkə daxilində mühüm hadisələrlə zəngin oldu. Zəfər parkının açılışı, Xankəndidə Qarabağ Universitetinin istifadəyə verilməsi, qanunvericilikdə geniş müzakirələrə yol açan dəyişikliklər bu olayların ən diqqətçəkənləridir. 

2024-cü il başa çatır. Geridə qoyduğumuz günlər fəxr etdiyimiz hadisələr, həyəcanlandığımız anlar və köks ötürdüklərimizlə yadda qaldı. İtirdik də, qazandıq da... Amma bu il də gələcək nəsillərin tarix kitablarında qalib Azərbaycanla bağlı rast gələcəyi hadisələr az olmadı.
Gəlin nəzər salaq, geridə qoyacağımız əjdaha ilində ölkəmizdə nələr baş verdi?

Müstəqillik tarixinin ən böyük büdcəsi

2024-ildə Azərbaycan müstəqillik tarixinin ən böyük dövlət büdcəsi təsdiqləndi. Belə ki, 2025-ci ilin dövlət büdcəsinin gəlirləri 38 milyard 356 milyon manat, xərcləri 41 milyard 407 milyon 600 min manat oldu. Dövlət büdcəsi ölkəmizin əsas hədəfləri və Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulan əsas prioritet vəzifələr nəzərə alınmaqla hazırlanıb. Prioritet istiqamətlər sırasında ölkənin hərbi-müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin gücləndirilməsi dayanır. 

Zəfər parkı istifadəyə verildi

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 8-də Bakıda Dövlət Bayrağı Meydanında Azərbaycanın üçrəngli bayrağını ucaldıb. Üçrəngli bayrağımız ölçüsünə görə “Ginnesin rekordlar kitabı”na düşüb. Həmçinin Prezidentin iştirakı ilə Bakıda Zəfər parkının açılışı olub. Park Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması və ictimaiyyətə nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə salınıb.

İlin bizi qürurlandıran əsas hadisələrindən biri 

İlin bizi qürurlandıran hadisələrindən bəhs edərkən, Qarabağ Universitetindən danışmasaq olmaz. Zəfər tariximizin qürurverici hadisələrindən biri də Qarabağ Universitetinin fəaliyyətə başlaması idi. Qarabağda ilk ali təhsil ocağı 1969-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi yaranıb, 1973-1988-ci illərdə ali təhsil müəssisəsi kimi fəaliyyət göstərib, ərazilərimizin işğalı dövründə isə fəaliyyətini dayandırıb. Prezident İlham Əliyevin 2023-cü il 28 noyabr tarixli Sərəncamına əsasən Xankəndi şəhərində Qarabağ Universitetinin yaradılması həm də strateji önəm daşıyır. Bu ali təhsil müəssisəsində yüksəkixtisaslı kadrların hazırlanması prosesi bölgənin inkişafında xüsusi rol oynayacaq. 2024-2025-ci tədris ili üzrə Qarabağ Universitetinə 1104 nəfər tələbə qəbul olub. Növbəti tədris ilində təxminən 1500-ə qədər tələbə qəbulu planlaşdırılır. Həmçinin 2024-cü ildə Cəbrayıl şəhərində Mehdi Mehdizadə adına 960 şagird yerlik tam orta məktəbin açılışı olub. Laçın rayonu Sus kənd 132 şagird yerlik tam orta məktəbi də 2024-cü ildə öz fəaliyyətinə başlayıb. Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli 624 yerlik tam orta məktəbi və Xocalı şəhər 132 şagird yerlik tam orta məktəbi də 2024-cü ildə istifadəyə verilən məktəblərin sırasında yer alır. 

Xocalıda Novruz bayramı

İlin ən çox gözlənilən və sevindirən hadisələrindən biri, martda Xankəndi və Xocalıda uzun illərdən sonra ilk dəfə Novruz bayramının qeyd edilməsi idi.
Xocalıda yanan Novruz tonqalının alovu bu il bütün ölkəni isitdi. Çünki 2024-cü ilin bayram tonqalı əvvəlki illərdəkindən daha gur idi.

Qanunvericilikdəki dəyişikliklər

2024-cü ilin yaddaqalan hadisələrdən biri də “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna təklif edilən dəyişikliklərdir. Yeni qaydalara görə, çağırış yaşı 35-dən 30-a endirilir. Milli Məclisdə qəbul edilən qanun layihəsi cəmiyyətdə geniş müzakirələrə səbəb olub. 

İlin yaddaqalan hadisələrini qeyd edərkən Ailə Məcəlləsinə edilən dəyişiklikdən danışmasaq olmaz. Ailə Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, qan qohumlarının nikaha daxil olması qadağan edilir. Həmçinin erkən nikahlarla bağlı 17 yaşda evliliyə icazə istisnası ləğv edilir. Layihədə nikah yaşının azaldılması ilə bağlı istisnanın ləğvi, 16 yaşına çatmayan şəxsin erkən evliliyinin təşkilinə, həmin yaşda olan şəxs barəsində evliliyə dair sövdələşməyə daxil olmağa, erkən evliliklə bağlı mərasimlərin keçirilməsinə və dini kəbin kəsməyə görə geniş subyektlər dairəsi üçün məsuliyyətin müəyyən edilməsi təklif olunub.

Minimum əməkhaqqı və təqaüdlər artırılır

İli yola saldığımız bu günlərdə Prezident İlham Əliyev "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" Sərəncam imzaladı, minimum əməkhaqqı, pensiyalar artırıldı. Sərəncama əsasən, minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilib. Nazirlər Kabinetinə isə əmək pensiyasının minimum məbləğinin 2025-ci il fevralın 1-dən 320 manata çatdırılmasına dair təkliflərini bir ay müddətində Prezidentə təqdim edilməsi tapşırılıb. Eyni zamanda hökumət sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı təkliflərini də üç ay müddətində dövlət başçısına təqdim etməlidir.

İtirdiklərimiz...

Geridə qoyduğumuz əjdaha ili bizi tək alovunda isitmədi, həm də yandırdı. Yeni ilin doqquzuncu günündə ölkə olaraq Respublika Perinatal Mərkəzində başlayan yanğınla sarsıldıq. Bakı şəhərinin Xətai rayonunun ərazisində yerləşən Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində yeddi yenidoğulmuş uşaq ölüb, dörd nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan dəyib. Bu hadisədən qısa müddət sonra isə Binəqədi rayonunun A.Kunanbayev küçəsi yaxınlığında yerləşən mebel sexində can itkisi ilə nəticələnən partlayışı da unutmuruq.

Aygün  Əziz

 

banner

Oxşar Xəbərlər