• şənbə, 20 Iyun, 07:49
  • Baku Bakı 26°C

Yeni reallıqlar və dəyişən münasibətlər

20.06.26 04:37 20
Yeni reallıqlar və dəyişən münasibətlər

Avropanın ümumi strateji maraqlarının təminində Azərbaycan amilinin rolu sürətlə artır. Bir vaxtlar rəsmi Bakıya təzyiq yolu seçənlər indi əməkdaşlıq üçün xahişlər edirlər. 

Bir müddət əvvəl Avropa Parlamentində Azərbaycanla bağlı dinləmələr zamanı çoxsaylı deputatların ölkəmizlə bağlı qurumun yol verdiyi səhvləri tənqid edən sərt çıxışlarının şahidi olduq. Bir anlıq belə bir təsəvvür yarandı ki, Vətən müharibəsindən keçən qısa müddətdə Azərbaycana qarşı onlarla qətnamə qəbul edən Avropa Parlamentinin, ən önəmlisi isə bu xətti yürüdən Qərb dövlətlərinin mövqelərində ciddi dönüş müşahidə olunmaqdadır. Bəs həqiqətən də belədirmi? Bu zamana qədər anti-Azərbaycan təbliğatın əsas ruporuna çevrilənlər, erməni lobbisinin maraqlarını və tələblərini sözsüz yerinə yetirənlər doğrudanmı həqiqəti görməyə başlayıblar? 

Siyasi gərginliklərin önünə keçən strateji xətt

Öncə ondan başlayaq ki, Azərbaycan-Avropa əlaqələri özünün çoxtərəfliliyi və davamlılığı ilə seçilir. Rəsmi Bakı siyasi müstəvidə müşahidə olunan fikir ayrılıqları, anlaşılmazlıqları iqtisadi sahədən kənar tutmağa çalışır. Məhz bu mövqe Azərbaycanın etibarlı və güvənilən strateji tərəfdaş statusunu şərtləndirən ən mühüm amillərdən biridir. Azərbaycan istənilən şərtlər daxilində beynəlxalq səviyyədə öz imzasına, öhdəliyinə daim əməl edib. Bu səbəbdən qarşılıqlı maraqların üstün tutulduğu və iqtisadi platformaya əsaslanan strateji xətt siyasi müstəvidə müşahidə edilən gərginliklərin bir addım önünə keçməyi bacarıb. 

Azərbaycan Prezidentinə edilən zənglər

Artıq biz Avropa dövlətlərinin ölkəmizə qarşı sərgilədikləri mövqelərdə bu üstünlüyü açıq şəkildə müşahidə edə bilirik. Bugünlərdə Prezident İlham Əliyev ilə Niderland Krallığının Baş naziri Rob Yetten arasında telefon danışığı olub. Bu barədə Prezidentin X sosial şəbəkə hesabında paylaşım edilib. “Bu gün Niderlandın Baş naziri Rob Yetten mənə telefon zəngi etdi. Siyasi dialoqumuzu və iqtisadi əməkdaşlığımızı daha da dərinləşdirmək barədə razılığa gəldik. Biz, həmçinin regional proseslər ətrafında fikir mübadiləsi apardıq və mən Niderlandın bölgədə dayanıqlı sülhə və sabitliyə verdiyi dəstəyə görə məmnunluğumu bildirdim”, - deyə Azərbaycan Prezidenti qeyd edib. 

Bu yerdə Fransa Prezidenti Emmanuel Makronun da Prezident İlham Əliyevə zəng edərək ikitərəfli münasibətlərdə müşahidə olunan dalğalanmaları sonlandırmaq istəyini bəyan etməsini xatırlatmaq yerinə düşər. 

Anti-Azərbaycan mövqeləri dəyişdirən səbəblər

Niderland və Fransa kimi dövlətlərin adını təsadüfən xatırlatmadıq. Uzun illər ərzində Avropa Parlamenti də daxil olmaqla, bir çox Qərb qurumlarının anti-Azərbaycan təbliğatının mərkəzində məhz bu iki dövlət dayanıb. İstər Niderland parlamenti, istərsə də Fransa Senatında keçmiş münaqişə ilə bağlı qəbul edilən qətnamələri xatırlatmaq kifayətdir. Hansı ki, tamamilə reallıqdan uzaq, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü şübhə altına alan, həqiqətlərin təhrif olunduğu bu qətnamələrin rəsmi Bakının mövqeyinə heç bir təsir etmək gücündə olmadığını dəfələrlə müşahidə etmişik. İndi isə vəziyyət sürətlə dəyişir. Mövcud beynəlxalq konyunkturada strateji maraqlar ön plana çıxır. Avropanın ümumi strateji maraqlarının təminində isə Azərbaycan amilinin rolu sürətlə artır. İstər enerji təhlükəsizliyi, istərsə də etibarlı beynəlxalq tranzit həlqəsinin əsas təşəbbüskarlarından biri kimi rəsmi Bakının mövqeyi hətta ölkəmizə qarşı təbliğatın mərkəzləri sayılan bu dövlətlər tərəfindən də qəbul olunmağa başlanılıb. 

“Bir çox Avropa siyasətçiləri Azərbaycanın əhəmiyyətini anlamırlar”

Bu məqamda rumıniyalı deputat, Avropa Parlamentinin üzvü Kristian Terheşin “Report”a müsahibəsi zamanı səsləndirdiyi fikirlər də diqqət çəkir. Avropa Parlamentinin üzvünün etirafları uzun illər ərzində aparılan çoxtərəfli və səssiz diplomatiya çərçivəsində Azərbaycanın bəyan etdiyi prinsiplərlə tamamilə üst-üstə düşür. K.Terheş bildirir ki, bir çox Avropa siyasətçiləri Azərbaycanın əhəmiyyətini və Cənubi Qafqazın reallıqlarını hələ də kifayət qədər anlamırlar: “Hər beş ildən bir Avropa Parlamentinin deputatlarının təxmini yarısı yenilənir. Regionu yaxşı bilən təcrübəli deputatlar gedir, onların yerinə isə çox vaxt regionun tarixi, çağırışları və strateji əhəmiyyəti barədə məhdud təsəvvürə malik yeni deputatlar gəlir. Ona görə də, Azərbaycanın və bütövlükdə regionun əhəmiyyətinin izah edilməsi daimi işdir.

Biz keçmişi dəyişə bilmərik, lakin diqqətimizi dialoqun, tərəfdaşlığın və etimadın bərpasına cəmləyə bilərik. Avropa Parlamenti deputatlarının Azərbaycanın Avropa, Avropanın da Azərbaycan üçün əhəmiyyətini daha yaxşı anlamaları vacibdir”.

“Hər iki tərəf çox şey qazana bilər”

Avropa Parlamentinin üzvü özü də etiraf edir ki, köhnə qitənin siyasi və iqtisadi cəhətdən ciddi dalğalanmalara məruz qaldığı indiki məqamda Azərbaycan bir sıra səbəblərə görə strateji cəhətdən əhəmiyyətlidir: “O, energetika, nəqliyyat əlaqələri sahəsində tərəfdaş və Avropa ilə Asiya arasında bir körpüdür. Ölkə unikal coğrafi mövqeyə malikdir və regional nəqliyyat və ticarət şəbəkələrində mühüm rol oynayır. Buna görə də, Aİ ilə Azərbaycan arasındakı münasibətlərə uzunmüddətli strategiya prizmasından baxmalıyıq. Hər iki tərəf sıx əməkdaşlıqdan çox şey qazana bilər”.

Bəli, Cənubi Qafqazda yaranan yeni reallıqlar məhz Azərbaycanın ali rəhbərliyinin qətiyyətli iradəsi və praqmatik siyasətinin nəticəsidir. Dünya üçün əhəmiyyəti artan bölgəmizdə özünün də maraqlarını qorumaq istəyən istənilən güc Azərbaycanın irəli sürdüyü və hamı üçün sərfəli olan əməkdaşlıq platformasına yönəlməlidir. 

Azad Əliyev 

banner

Oxşar Xəbərlər