• cümə axşamı, 28 mart, 18:32
  • Baku Bakı 13°C

"Yeni qanun layihəsi bu günün çağırışlarına cavab verir" - ŞƏRH

26.11.22 16:30 910
"Yeni qanun layihəsi bu günün çağırışlarına cavab verir" - ŞƏRH

“Siyasi partiyalar haqqında” ilk Qanun 30 il əvvəl qəbul olunub. O zaman ölkədə fərqli siyasi mühit mövcud idi. Bundan əlavə, siyasi partiyaların təsis edilməsi və fəaliyyət göstərməsi çox primitiv tələblər əsasında qurulmuşdu. Təbii ki, 30 il əvvəl partiyaların şəxsi maraqlar üzərində mübarizəyə qoşulması ölkənin siyasi mənzərəsində durğunluq müşahidə olunurdu. Buna baxmayaraq, qanun qəbul olunandan ötən 30 ildə ölkə böyük inkişaf yolu keçdi. Müstəqilliyimiz möhkəmləndi, dövlətçilik əsasları və yeni reallıqlar yarandı. Ölkənin həyatı tamamilə dəyişdi və Azərbaycan qalib ölkəyə çevrildi. Bu gün isə daha fəal siyasi mühitin formalaşması yeni reallığın çağırışıdır. Ölkədə keçirilən islahatlar həyatımızın hər bir sahəsini əhatə edir.

Kaspi.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Azər Badamov söyləyib.

Deputat qeyd edib ki, müstəqillik tariximizdə ilk dəfə parlamentdə müxalifət partiyaları təmsil olunmağa başladı. 44 günlük Vətən müharibəsində bəzi özünü dırnaqarası siyasi partiya adlandıranlar istisna olmaqla, digərləri birləşdi və “Dəmir yumruğ”a çevrilərək dövlətin milli maraqları uğrunda həmrəyliyə və birliyə qoşula biləcəyini sübut etdi. Məhz yaranmış yeni reallıq partiyalarla iqtidar arasında dialoq mühitini özündə ehtiva edən yeni siyasi konfiqurasiya formalaşdırdı. Bütün bunlar nəzərə alınaraq “Siyasi partiyalar haqqında” yeni qanunun hazırlanması aktuallaşdı. Parlamentdə təmsil olunan siyasi partiyaların nümayəndələri bu yeni çağırışı nəzərə alaraq Milli Məclisin sədrinə “Siyasi partiyalar haqqında” yeni qanunun hazırlanması ilə bağlı müraciət etdi. Təbii ki, bu müraciət nəzərə alındı və Milli Məclisin sədri müvafiq komitələrin rəhbərlərinə belə bir qanun layihəsinin hazırlanması ilə bağlı tapşırıq verdi. Beləliklə, qanun layihəsi hazırlandı.

“Cari il noyabrın 23-də Milli Məclisdə təmsil olunan siyasi partiyaların nümayəndələri və 3 komitənin üzvləri “Siyasi partiyalar haqqında” qanun layihəsini birinci oxunuşda müzakirəsini apardı. Qanun layihəsinin ilkin variantı bir neçə ay əvvəl Milli Məclisin səhifəsində ictimai müzakirələrə buraxılmışdı. O cümlədən siyasi partiyaların və QHT rəhbərlərinin iştirakı ilə ictimai dinləmələr də keçirildi. Müzakirələr zamanı layihənin bir çox maddələrinin tələblərində yumşalmalar edilməklə siyasi partiyaların fəaliyyətinin daha əlçatan şəkildə qurulmasına imkan verəcək bir qanunun yaradılması ilə bağlı təkliflər olundu. İctimai müzakirələr zamanı 47 siyasi partiyadan 250-dən çox təklif daxil oldu. Təbii ki, ictimai dinləmələr zamanı səsləndirilən səmərəli təkliflər qanun layihəsinin Milli Məclisin üç komitəsinin birgə müzakirəsinə təqdim olunmuş qanun layihəsində nəzərə alındı. Əvvəlcə qeyd etmək istəyirəm ki, ölkə həyatı üçün vacib bu qanun layihəsinin ictimai müzakirəyə verilməsi və səsləndirilən təkliflərin nəzərə alınması Milli Məclisin ictimaiyyət üçün açıq olduğunu bir daha göstərdi. Təbii ki, belə bir müzakirələrin aparılması ölkəmizin hər bir sahəsini əhatə edən geniş islahatların real həyatda ifadəsi kimi qeyd edilə bilər”, - deyə A.Badamov vurğulayıb.

Deputat bildirib ki, ictimai müzakirələr zamanı verilmiş təkliflər əsasında 18 maddədə 45 dəyişiklik edildi. Bu dəyişikliklər əsasən aşağıdakıları özündə ehtiva etdi: “Siyasi partiya 2 dəfə ardıcıl şəkildə seçkidə iştirak etmədikdə fəaliyyətinə xitam verilməsi tələbi ləğv olundu. Partiyanın təsisçiləri üçün 20 il Azərbaycanda yaşamaq tələbi çıxarıldı. Təsisçilərin sayı da 200-dən 50 nəfərə endirildi. Siyasi partiyanın qeydiyyatdan keçirilməsi üçün 10 min üzvü kvotası 5 minə endirildi. Həm də siyasi partiyaların marağına uyğun sənədlərin toplanması, səhvlərin düzəldilməsi və digər məsələlərlə bağlı müddətlər iki dəfəyə qədər uzadıldı. Yəni ayrı-ayrılıqda götürdükdə təqdim olunmuş qanun layihəsində çoxlu dəyişikliklər edildi və mükəmməl bir qanun layihəsi Milli Məclisin komitələrinin müzakirəsinə təqdim olundu. Müzakirələr zamanı deputatlar tərəfindən yenə bir sıra yeni təkliflər də səsləndirildi. Təbii ki, bütün təkliflər yenidən təhlil olunacaq və qanun layihəsinin keyfiyyətinin daha da yaxşılaşmasına təsir edəcək səmərəli təkliflər nəzərə alınacaq”.

O əlavə edib ki, yeni qanun layihəsi bu günün çağırışlarına cavab verir və mükəmməldir. Bu qanun layihəsi qəbul olunandan sonra ölkədə siyasi mühitin aktivliyinin yeni bir mərhələsi açılacaq. Məqsəd isə daha demokratik cəmiyyətin yaranmasına töhfə verməkdir. Yeni tələblər də ölkəmizin inkişafına və dövlət müstəqilliyinin daha da möhkəmlənməsinə töhfə verəcək.

banner

Oxşar Xəbərlər