çərşənbə, 06 Iyul, 22:53

Baku Bakı 26°C

Yeni prezident, yeni hədəflər: Türkiyəyə düşmən gözü ilə baxmaqdan əl çəkilməzsə…

icon 760 icon 16 may 2022 | 09:48 Yeni prezident, yeni hədəflər: Türkiyəyə düşmən gözü ilə baxmaqdan əl çəkilməzsə…

Şeyx Xəlifənin uzun müddət xəstəlikdən sonra vəfat etməsi Birləşmiş Ərəb Əmirliklərində çox qısa zamanda yeni prezidentin seçilməsi ilə nəticələndi. Bu Birləşmiş Ərəb Əmirliklərində ən nüfuzlu və ən güclü - sözün bütün mənalarında - şəxs, dövlət xadimi hesab edilən Şeyx Məhəmməd bin Zayed Əl Nahyan idi. Yeni seçilmiş prezidenti qısa olaraq MBZ də adlandırırlar. Onun rəsmi prezident seçilməsi formal səciyyə daşıyırdı. Əslinə baxdıqda Məhəmməd bin Zayed Əmirlikləri uzun müddət idi qeyri-rəsmi olaraq idarə edirdi. 

MBZ-nin 61 yaşı var. BƏƏ-nin indiki səviyyədə inkişaf etməsi və regionda nüfuzlu beynəlxalq aktorlardan hesab olunmasında onun xidməti yüksəkdir. Ölkənin silahlı qüvvələri indiki prezidentin ciddi səyi sayəsində yüksək texnoloji qüvvə halına gəlib. MBZ eyni zamanda, iqtisadi sahədə atdığı addımlarla neft gəlirindən məqsədyönlü şəkildə istifadə edərək ölkəni böyük biznes imperiyası və nüfuzlu beynəlxalq müttəfiqə çevrilməsinin mümkünlüyünü sübut etmişdir. 2010-cu illərdən bu vaxta qədər faktiki olaraq ölkəyə rəhbərlik yeni seçilmiş prezidentin əlində idi.

Beləliklə, Məhəmməd bin Zayedin prezident seçilməsi ilə BƏƏ-nin xarici siyasətində ciddi dəyişiklik olmayacağını proqnozlaşdıranlar məhz onun uzun müddətdən bəri ölkənin idarə olunmasında oynadığı roldan çıxış edərək bunu söyləyirlər. Həqiqətən, Əmirliklərin xarici siyasətində 2010-cu ildən başlayaraq ciddi dəyişikliklər özünü göstərir. Bu dəyişikliklərdən ən ciddisi Amerika Birləşmiş Ştatları ilə münasibətlərdir. 2011-ci ildə Amerika Birləşmiş Ştatlarının Misir prezidenti Hüsni Mübarəki taleyin ümidinə buraxdıqdan sonra bu dövlətə qarşı münasibət köklü şəkildə dəyişdi. İndi BƏƏ-nin də daxil olduğu ərəb ölkələri ABŞ-a arxalanmaqdan əl çəkmək istiqamətində hərəkata başladılar. Bu hərəkatın önündə ölkə olaraq Birləşmiş Ərəb Əmirlikləri və nüfuzlu dövlət xadimi olan Məhəmməd bin Zayed dururdu. O, zamanında Amerika Birləşmiş Ştatları prezidenti Barak Obamanı ərəb ölkələrində baş qaldıran iğtişaşları dəstəkləməməyə çağırırdı. Nümayişçilərin dəstəklənməsi Körfəz dövlətləri və dinastiyalar üçün çox təhlükəli ola bilərdi. Bu təhlükə Amerikanın Yaxın və Orta Şərq siyasətinə də təsirsiz ötüşməyəcəkdi.

MBZ 2013-cü ildə Misirdə Müsəlman qardaşlarının nümayəndəsi olan prezident Məhəmməd Morsiyə qarşı inqilabı dəstəklədi, Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmanın (MBS) hakimiyyətin bir addımlığına çatmasına yardım etdi.

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampla bu iki gənc liderin (MBZ və MBS) çox yaxın münasibətləri sayəsində İran İslam Respublikasına qarşı maksimum  təzyiq kompaniyası, qonşu Qətərin Müsəlman qardaşları hərəkatını dəstəklədiyinə görə baykot olunması prosesi və Yəməndə İranmeylli Husilərin hakimiyyətdən uzaqlaşdırılması üçün üzücü müharibə başladı.

Amerika Birləşmiş Ştatları və Səudiyyə Ərəbistanı Krallığı ilə münasibətlərin BƏƏ-nin xarici siyasətində əsas istiqamət hesab olunmasına baxmayaraq, dövlət və biznes maraqları tələb etdikdə MBZ bu iki dövlətə qarşı addım atmaqdan belə çəkinmir. Rusiya-Ukrayna müharibəsi zamanı BƏƏ-nin BMT-nin Rusiyanın işğalını pisləyən qərarına qoşulmaması, neft hasilatının artırılması barədə Baydenin çağırışına məhəl verməməsi Vaşinqtonla münasibətlərin məcrasının dəyişməsinə səbəb oldu.

Liviyada Xəlifə Haftarın silahlı birləşmələrini dəstəkləmək haqqında Amerikanın xahişlərinə də Abu Dabidə diqqət yetirilmədi.

BƏƏ Yəməndə gedən müharibənin nəticəsiz olduğunu hiss edərək Səudiyyə Ərəbistanının istəklərinin əksinə olsa da qoşunlarını 100-dən artıq vətəndaşının öldüyü bu müharibədən geri çəkdi. Bu addım iki ölkə arasında münasibətləri gərginləşməsinə səbəb oldu.

Səudiyyəli jurnalisti Camal Qaşıqçının İstanbulda vəhşicəsinə qətlə yetirilməsi Birləşmiş Ərəb Əmirliklərində də etirazla qarşılandı. Bu məsələ ilə əlaqədar MBS lə MBZ arasında ciddi narazılığın olması barədə məlumatlar var.

Faktiki olaraq prezidentlik kürsüsünə əyləşdikdən sonra da Məhəmməd bin Zayedin əvvəlki siyasi kursu davam etdirəcəyi proqnozlaşdırılır. Amma regionda və bütün dünyada son dövrlər baş verən proseslərə adekvat cavab vermək üçün onun da ənənəvi kursda müəyyən dəyişiklik etməsi tələb olunacaq. Bu tələblər sırasında Türkiyə ilə münasibətlərin normallaşdırılması istiqamətində addım atılması da var. Bu zərurəti başa düşüb Türkiyəyə düşmən gözü ilə baxmaqdan əl çəkərsə bu bütün region ölkələrinin mənafeyinə xidmət edəcək.

Politoloq Əlimusa İbrahimov