• şənbə, 13 Sentyabr, 06:09
  • Baku Bakı 17°C

Yaponiya siyasi dəyişikliklər astanasında 

13.09.25 03:35 64
Yaponiya siyasi dəyişikliklər astanasında 

Baş nazir postu uğrunda gələcək yarışın favoritləri sırasında keçmiş baş nazirin oğlu Şindziro Koidzumi və son dərəcə sağçı görüşlərə sahib olan qadın Sanae Takaitinin adı daha çox hallanır. İşiba hökumətində iqtisadiyyat və xarici işlər naziri kimi yüksək postlar tutan 64 yaşlı Takaiti LDP sədri seçiləcəyi təqdirdə, Yaponiya tarixində ilk qadın baş nazir olacaq.

Yaponiya Baş naziri Şigeru İşibanın istefa qərarı həm ölkədə, həm də regionda ciddi rezonans doğurub. Bu xəbər ölkənin milli valyutasının - ienin məzənnəsindən tutmuş, regional məsələlərə də təsir edib. Şigeru İşiba sentyabrın 7-də hakim koalisiyanın seçkilərdə ağrılı məğlubiyyətlərinə görə məsuliyyəti öz üzərinə götürərək vəzifəsindən getdiyini bildirib. O, vəzifədə bir ildən az - 2024-cü il oktyabrın 1-dən etibarən olub. 68 yaşlı siyasətçi lideri olduğu Liberal Demokrat Partiyasına (LDP) yeni liderin seçilməsi üçün təcili seçkilər keçirməyi tapşırıb. Seçkilər başa çatanadək İşiba hökumət başçısı vəzifəsini icra edəcək. 

Vaşinqtonla tarif razılaşması

Baş nazirin sözlərinə görə, istefa qərarı birbaşa Vaşinqtonla Donald Trampın administrasiyasının tarif siyasəti ilə bağlı razılaşmaların tamamlanması ilə əlaqədardır. Ötən həftə Yaponiya və ABŞ Tokionun 550 milyard dollar həcmində investisiyaları müqabilində ABŞ rüsumlarının tədricən azaldılması barədə razılığa gəliblər. İşibanın sözlərinə görə, yeni saziş Yaponiya avtomobil sənayesinə ciddi zərbə vuran məhdudiyyətləri aradan qaldırıb. İyul ayında ABŞ və Yaponiya ABŞ-yə idxal olunan mallara 15% rüsum tətbiq edilməsini nəzərdə tutan ticarət sazişi imzalayıb. Tramp bu sazişi indiyə qədər imzalanmış ən böyük saziş adlandırıb. Saziş ərəfəsində Tramp Yaponiyadan gələn bütün mallara 25% ümumi tarif tətbiq ediləcəyini elan etmişdi. 

Partiyadaxili gərginlik

Baş nazirin istefa qərarı müxtəlif amillərlə əlaqələndirilir. Əsas səbəblər sırasında xalq arasında onun sədri olduğu partiyanın nüfuzunun düşməsi də var. Bir məsələni də qeyd edək ki, Baş nazirin istefası xəbəri həm də regionda Çinin artan hərbi nüfuzu fonunda baş verir. Çin bu yaxınlarda yapon işğalçıları üzərində qələbənin 80 illiyini hərbi paradla qeyd edib. 
İşiba hakimiyyətə gəldikdən sonra uğursuz fəaliyyətdə günahlandırılır. Hətta bildirilir ki, İşiba bütün seçkiləri uduzub. Nəticədə LDP öz tərəfdaşı ilə birlikdə çoxluğu itirib, azlıq hökuməti yaratmaq və müxalifətlə əməkdaşlıq etmək məcburiyyətində qalıb. Bu, müstəqil qərarlar qəbul etmək və liberal-demokratlara lazım olan kursu həyata keçirmək imkanını kəskin şəkildə zəiflədib. Məhz buna görə İşiba kəskin tənqid edilirdi. Partiyanı kim idarə etsə də, o, ciddi çağırışla üzləşəcək: LDP-nin reytinqi azalmaqda davam edir və hazırda 30% ətrafındadır. Belə bir vəziyyətdə növbədənkənar seçkilər LDP-nin mövqelərini bərpa etməsinə çətin ki, kömək etsin. Lakin bu vəziyyət ölkənin iqtisadi problemləri fonunda populyarlıq qazanan sağçı populist "Sanseito" partiyası timsalında rəqibləri gücləndirə bilər. Bu o deməkdir ki, yeni Baş nazir istənilən halda müxalifətdə dayaq axtarmalı olacaq: onların səsləri olmadan parlamentdən təşəbbüsləri keçirmək mümkün olmayacaq. Beləliklə, hökumətin yeni başçısı yenə də böyük ehtimalla LDP üzvü olacaq. Buna baxmayaraq, LDP-dəki daxili böhran o qədər kəskin xarakter alıb ki, onun bütün yüksək vəzifəli şəxsləri İşibanın nümunəsini izləyərək, vəzifələrindən getməyi qərara alıblar.

Növbəti baş nazir kim olacaq?

Baş nazir postu uğrunda gələcək yarışın favoritlərinə gəlincə, indi İşibaya bərabər fiqur görünmür. Mətbuat keçmiş baş nazirin oğlu Şindziro Koidzumi və son dərəcə sağçı görüşlərə sahib olan qadın Sanae Takaiti haqqında yazır. İşiba hökumətində iqtisadiyyat və xarici işlər naziri kimi yüksək postlar tutan 64 yaşlı Takaiti LDP sədri seçiləcəyi təqdirdə, Yaponiya tarixində ilk qadın baş nazir olacaq. Bundan başqa, Şindziro Koidzumi, Yoşimasa Hayaşi, Yoşihiko Noda və Yuiçiro Tamaki də iddialı namizədlər sırasındadırlar. Qeyd edək ki, Sanae Takaiti son seçkilərdə Şigeru İşiba ilə ikinci tura qalmış, istefaya hazırlaşan baş nazirə 21 səs fərqlə (215-194) məğlub olmuşdu.

Bundan əlavə, Yaponiyanın sabiq xarici işlər naziri Toşimitsu Moteqi İşibanın istefa qərarından sonra hakim LDP-nin liderlik yarışında iştirak edəcəyini açıqlayıb. LDP-nin də sabiq baş katibi olan Moteqi partiyasında və hökumətdə qazandığı təcrübədən istifadə edərək, ölkəsinə fayda vermək istədiyini bildirib. 

Göründüyü kimi, Yaponiya Baş nazirinin istefası və onun ətrafında maraqlı proseslər yaşanır. 

Azər Nuriyev 

 

banner

Oxşar Xəbərlər