• şənbə, 12 Sentyabr, 07:30
  • Baku Bakı 19°C

Xəzərdə yeni pilotsuz güc

12.09.26 04:40 29
Xəzərdə yeni pilotsuz güc

Azərbaycan Hərbi Hava Qüvvələrinin balansında olan pilotsuz uçuş aparatları, kamikadze dronların uğurlu tətbiqindən sonra bu təcrübəni dəniz qüvvələrində də tətbiq edir. Bu modern təchizat siyasəti sistemli işin nəticəsi olaraq meydana çıxır. 

Azərbaycanın Hərbi Dəniz Qüvvələrinin (HDQ) maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı addımları geniş rezonans doğurub. Bu, rəsmi Bakının son illərdə həyata keçirdiyi Silahlı Qüvvələrin müasir çağırışlara uyğun modernləşdirilməsi siyasətinin davamlı xarakter daşıdığının göstəricisi kimi dəyərləndirilir. 

İnsansız dəniz vasitələri praktiki sınaqdan keçirilib

Xatırladaq ki, bir neçə gün əvvəl Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar. Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən "MİRAS Hərbi-Sənaye Şirkəti" MMC-nin və "DEARSAN Gəmi İnşaat Sənaye" AŞ-nin birgə istehsalat sahəsində qabaqcıl texnoloji innovasiyaların tətbiqi ilə hazırlanan SALVO (SİDV) silahlı insansız dəniz vasitələri, KAYRA (KİDV) kamikadze insansız dəniz vasitələrinin təyinatı və taktiki-texniki xüsusiyyətləri barədə məlumat verilib. Dövlət başçısı və birinci xanım istehsalat sahəsində görülən işlərlə tanış olublar. Daha sonra burada istehsal olunan insansız dəniz vasitələri praktiki sınaqdan keçirilib.

Genişlənən hərbi-texniki əməkdaşlıq coğrafiyası

Hazırda dünyada yaşanan gərginliklər fonunda dövlətlərin hərbi potensialı, Silahlı Qüvvələrinin maddi-texniki təchizatı və peşəkarlığı ən çox diqqət yetirilən sahələrdən biridir. Azərbaycanın həm şimal, həm də cənub sərhədlərində müharibələrin davam etməsi, Ermənistan amili və digər məqamlar rəsmi Bakının da hərbi sahəni prioritet elan etməsini şərtləndirən başlıca amillərdir. Bu siyasətin tərkib hissəsi olaraq, Azərbaycanın ali rəhbərliyinin iradəsi ilə ölkəmizin müdafiə, hərbi-texniki əməkdaşlıq coğrafiyası da sürətlə genişlənir. Türkiyə, İsrail kimi ənənəvi hərbi tərəfdaşlıqlar fonunda son illərdə Çin, Pakistan, İtaliya, Serbiya, Slovakiya, Böyük Britaniya və digər dövlətlərlə də müdafiə sahəsində qarşılıqlı maraqlara uyğun əməkdaşlıq modelləri formalaşdırılıb. Bu əməkdaşlıq kanalları Silahlı Qüvvələrin təchizatı kimi mühüm əhəmiyyət kəsb edən strateji məsələdə rəsmi Bakının manevr imkanlarını, müstəqil hərəkət qabiliyyətini əhəmiyyətli dərəcədə artırır. 

HDQ-nin güclənən potensialı

Bununla yanaşı, dövlət başçısının da qeyd etdiyi kimi, Azərbaycan tək silah alıcısı yox, həm də güclü müdafiə sənayesi potensialına malik ölkə statusunu əldə etməyi başlıca hədəflərindən biri elan edib. Ali Baş Komandanın iştirakı ilə HDQ-nin balansına verilən SALVO silahlı insansız dəniz vasitələri, KAYRA kamikadze insansız dəniz vasitələri bu hədəfin reallığa çevrilməsi istiqamətində əməli addımların atıldığını göstərir. Türkiyənin aparıcı gəmiqayırma zavodlarından biri olan DEARSAN tərəfindən hazırlanmış silahlı pilotsuz nəqliyyat vasitəsi SALVO müasir dəniz və təhlükəsizlik əməliyyatları üçün nəzərdə tutulmuş çoxfunksiyalı platformadır. Döyüş tapşırıqlarına əlavə olaraq, platforma sahil və dayaz su əməliyyatları, sahil mühafizəsi missiyaları, sərhəd patrulu, axtarış-xilasetmə əməliyyatlarına dəstək, qaçaqmalçılıq və narkotik qaçaqmalçılığına qarşı mübarizə də daxil olmaqla müxtəlif missiyalarda istifadə edilə bilər. Qeyd edək ki, Azərbaycan HDQ həm də yerli müdafiə sənayesi tərəfindən hazırlanmış “Suqovuşan” və “Kalan” kiçik dəniz kamikadze dronlarına da sahibdir.

Dünyanın azsaylı ölkələri arasında

Hərbi Hava Qüvvələrinin balansında olan pilotsuz uçuş aparatları, kamikadze dronların uğurlu tətbiqindən sonra bu təcrübənin dəniz qüvvələrində də tətbiqi modern təchizat siyasətinin sistemli şəkildə həyata keçirildiyini bir daha təsdiqləyir. HDQ-nin balansına verilən bu vasitələrin ölkəmizdə istehsalı Azərbaycanın tək mülki gəmilər yox, artıq ən müasir hərbi dəniz vasitələri sahəsində də istehsal gücünün olduğunu göstərir. Bu addımla ölkəmiz dünyada azsaylı pilotsuz hərbi dəniz vasitələri istehsal etmək gücündə olan ölkələr sırasında yer alıb. 

Xəzərdəki strateji maraqlarımız

HDQ-nin hərbi potensialının gücləndirilməsi həm də ölkəmizin Xəzər dənizində milli maraqlarının ən yüksək səviyyədə müdafiəsi imkanlarını genişləndirir. Xəzərin Azərbaycan sektorunda dünyanın enerji təhlükəsizliyinə və ölkəmizin iqtisadi inkişafına mühüm töhfələr verən böyük neft-qaz platformaları fəaliyyət göstərir. Xəzərlə bağlı Azərbaycan üçün digər prioritet istiqamət isə son illərdə tranzit daşımalarla bağlıdır. Orta Dəhlizin mühüm tərkib hissəsi olan Transxəzər marşrutunun təhlükəsizliyinin təmini, etibarlı fəaliyyəti də Azərbaycanın strateji maraqları çərçivəsindədir. HDQ-nin müxtəlif növ dəniz dronları ilə silahlandırılması, Türkiyə şirkəti ilə birgə SALVO və KAYRA platformalarının istehsalı ölkəmizə Xəzər dənizindəki strateji maraqlarının qorunmasında əhəmiyyətli üstünlük verir.

Son illərdə ölkəmizin həyata keçirdiyi hərbi əməkdaşlıq siyasəti dünyanın bir çox aparıcı hərbi mərkəzləri tərəfindən diqqətlə öyrənilir. Azərbaycanın müasir təhdid və çağırışlara uyğun, ən müasir hərbi-texniki təchizat addımları bu sahədə nümunəvi modellərdən biri kimi təqdim edilir. Silahlı Qüvvələrimizin balansında ən müxtəlif silah sistemlərinin vahid platformada birləşdirilməsi, inteqrasiyası sözügedən sahədə Azərbaycanın həqiqətən də ən uğurlu ölkələrdən biri olduğunu təsdiqləyir. 

Azad Əliyev

banner

Oxşar Xəbərlər