• çərşənbə axşamı, 23 aprel, 15:37
  • Baku Bakı 24°C

Xarizmatik şəxsiyyət, fenomenal dövlət xadimi - FOTOLAR

06.05.23 01:00 1801
Xarizmatik şəxsiyyət, fenomenal dövlət xadimi - FOTOLAR

Mayın 10-da ümummilli lider Heydər Əliyevin 100 illiyini qeyd edəcəyik. Bu tarixi gün Azərbaycan xalqının qəlbində, xatirələrində hər zaman dərin ehtiram və sevgi ilə anılır. 2023-cü il Prezident İlham Əliyevin sərəncamı ilə “Heydər Əliyev ili” elan edilib. 

Ümummilli lider Heydər Əliyev XX əsr Azərbaycan tarixinin ən önəmli simasıdır. 1991-ci ildə müstəqilliyini yenidən bərpa edən Azərbaycanın dövlət kimi möhkəmlənməsində onun xidmətləri əvəzsizdir. Ulu öndər 1993-cü ildə prezident seçildikdən sonra Azərbaycanda siyasi sabitlik bərpa olunub, mühüm dövlət təsisatları yaradılıb. Dünyaşöhrətli siyasətçinin Azərbaycana rəhbərliyi dövründə ilk Konstitusiyamız qəbul edilib, parlament seçkiləri baş tutub, onun təşəbbüsü və səyi nəticəsində “Əsrin müqaviləsi” imzalanıb, Bakı-Tbilisi-Ceyhan neft boru kəməri layihəsinin əsası qoyulub. Vətəni, xalqı qarşısında misilsiz xidmətlərinə görədir ki, bu gün ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ölkəmizdə və onun hüdudlarından kənarda hər bir azərbaycanlının yüksək ehtiramı, dərin minnətdarlıq hissi ilə geniş qeyd olunur.

“Heydər Əliyev Azərbaycan dövlətçiliyini xilas edib”

Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, millət vəkili Cavid Osmanov ulu öndərin Azərbaycan tarixi və xalqı qarşısında xidmətlərindən söhbət açarkən bildirib ki, Heydər Əliyev istər sovetlər birliyi dövründə, istərsə də müstəqilliyimizin bərpasından sonrakı illərdə ölkəmizin intibahında mühüm rol oynayıb. Deputatın sözlərinə görə, 1993-cü ildə yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycanı dağılmaqdan və milli fəlakətdən qurtarıb: “Heydər Əliyev Azərbaycan dövlətçiliyini xilas edib. Ölkədə silahlı müxalifətin qarşısı alınaraq cəmiyyətin inkişafı dinc, demokratik yola yönəldilib. Ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin əsaslarını qoruyub saxlaya bilib. İflic vəziyyətinə düşmüş dövlət aparatı yenidən işləməyə başlayıb. Azərbaycan xalqının milli qüruru özünə qaytarılıb. Xalqın millət, torpaq, Vətən və bayraq sevgisi bərpa olunub. Ümummilli lider Heydər Əliyev ölkənin üzləşdiyi bir-birindən ağır problemlərin həll edilməsində, milli müstəqilliyin möhkəmlənməsində və dönməzliyin təmin edilməsində, müasir cəmiyyət quruculuğu işində etibarlı siyasi dayaq olub. Son dərəcə qısa zaman kəsiyində Azərbaycan cəmiyyəti əsrə bərabər inkişaf yolu keçib. Ulu öndərin hakimiyyətə qayıdışı millətin və dövlətin sabahına inamını bərpa edib. Ümummilli liderimizin siyasəti ilə xalqın amallarının üst-üstə düşməsi taleyüklü vəzifələrin uğurla həyata keçirilməsinə möhkəm zəmin yaradıb”.

Köklü islahatlar Azərbaycanın simasını dəyişdi

C.Osmanov vurğulayıb ki, ulu öndərin rəhbərliyi ilə cəmiyyət həyatının bütün sahələrində aparılan köklü islahatlar Azərbaycanın simasını dəyişdirib: “1995-ci ildə ümumxalq referendumu yolu ilə qəbul edilmiş ilk Konstitusiyamız dəqiq hakimiyyət bölgüsünü təsbit edib, vətəndaş cəmiyyətinin hüquqi bazasını yaradıb. Demokratik, azad seçkilər yolu ilə icraedici, qanunverici və məhkəmə hakimiyyətlərinin formalaşdırılması, milli dövlətçiliyin inkişafı, müasir dövlət quruculuğu prosesinin təməlini qoyub. İnsan hüquq və azadlıqlarının təmin edilməsi və etibarlı şəkildə qorunması sivil cəmiyyətin formalaşmasına təkan verib. Ölkədə bazar münasibətlərinə əsaslanan iqtisadi sistem təşəkkül tapıb. Aqrar islahatlar, özəlləşdirmə prosesi uğurla həyata keçirilib. Nəticədə əhalinin sosial rifahı nəzərəçarpacaq dərəcədə yaxşılaşmağa başlayıb. Ulu öndərimizin yürütdüyü daxili və xarici siyasət nəticəsində gündən-günə güclənən müstəqil Azərbaycan dövləti tezliklə beynəlxalq aləmdə özünə layiqli yer tutub”.

Siyasətin kamil bilicisi

Millət vəkili deyib ki, milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən haldır. Onun fikrincə, ulu öndər fəaliyyət göstərdiyi bütün sahələrdə özünü məhz lider kimi təsdiq edib: “Heydər Əliyev idarəetmənin ustadı və siyasətin kamil bilicisi idi. Dünya tarixi sübut edib ki, şəxsiyyətlərin gücü, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Azərbaycanın coğrafi cəhətdən kiçik ölkə olması faktı Heydər Əliyevin böyük siyasət adamı olaraq beynəlxalq miqyasda özünü təsdiq etməsinə mane ola bilməyib. Heydər Əliyev güclü xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və dövlət xadimi idi. Ulu öndərin ən böyük gücü dərin və universal biliyində, qətiyyətində, işgüzarlığında, qeyri-adi yaddaşında, tükənməz səbrində, uzaqgörənliyində və müdrikliyində idi. Ümummilli lider Heydər Əliyev kimi dahi, müdrik, dünya miqyasında mahir siyasətçi, nüfuzlu dövlət xadimi və şəxsiyyət olmasaydı Azərbaycanı 1918-1920-ci illərin aqibəti gözləyirdi. 2003-cü ildən Prezident İlham Əliyevin ulu öndər Heydər Əliyevin siyasi kursunu müasir dövrün tələbləri çərçivəsində uğurla davam etdirməsi Azərbaycanın davamlı inkişafını təmin edib”.

“İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”

Milli Məclisin deputatı Aydın Hüseynov isə bildirib ki, bu gün hər birimiz müstəqil Azərbaycanın yaşaması, qüdrətli dövlət kimi inkişafı üçün ümummilli lider Heydər Əliyevə minnətdarıq. Onun sözlərinə görə, 100 illik yubileyi Azərbaycan xalqı tərəfindən böyük ehtiram və sevgi ilə qeyd olunan Heydər Əliyev xalqımıza iqtisadi və siyasi cəhətdən güclü dövlət əmanət edib: “Ümummilli liderin xilaskarlıq missiyası Azərbaycan məhv olmaqdan, parçalanmaqdan xilas edib. Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkəmiz bəlalardan qurtulub, həmin dövrdə ulu öndərin həyata keçirdiyi mühüm işlər nəticəsində Azərbaycan inkişaf yoluna qədəm qoyub və dünyada tanınmağa başlayıb. Əgər həmin çətin dövrdə Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycan xalqının başına hansı faciələrin gələcəyini heç kim bilmirdi. 1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan parlamentinin sədri vəzifəsinə seçilməsi müasir tariximizdə dönüş nöqtəsi olub. Ölkə iqtisadiyyatı tənəzzül etdiyi bir vaxtda Heydər Əliyev belə bir devizlə çıxış edib: “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”. Həmin dövrdə ulu öndər Azərbaycanın gələcək inkişaf perspektivlərini çox dəqiq şəkildə müəyyənləşdirib. Heydər Əliyev ölkənin gələcəyinin, dövlətimizin inkişafının məhz iqtisadiyyatın inkişafından asılı olduğunu önə çəkib. Sevindirici haldır ki, ümummilli lider Heydər Əliyevin siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün ölkəmiz dövlət başçısının yorulmaz və qətiyyətli fəaliyyəti nəticəsində dünyanın sayılıb-seçilən ən güclü və qüdrətli dövlətlərindən birinə çevrilib. Bu isə o deməkdir ki, Heydər Əliyev siyasəti yaşayır, uğurla davam etdirilir”.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər