• çərşənbə axşamı, 15 oktyabr, 03:06
  • Baku Bakı 15°C

Xankəndidə tarixi gün

20.09.24 16:15 1805
Xankəndidə tarixi gün

Prezident İlham Əliyev: “Bilirəm ki, müəllimlər də böyük həvəslə bu işə başlayırlar və ümid edirəm ki, Qarabağ Universiteti bizim aparıcı ali məktəblərdən birinə çevriləcəkdir. Bunu etmək üçün bütün imkanlar var. İndi verilən məlumata görə, artıq altı fakültə yaradılıb. Növbəti illərdə Tibb fakültəsi də yaradılacaq”.

Prezident İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib. Dövlət başçısı universitetin müəllim və tələbə heyəti ilə görüşüb və çıxış edib.

90 mindən çox gənc müharibədə iştirak edib

Prezident öncə müəllim və tələbə heyətini, Azərbaycan xalqını Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib. "Bu günü biz birlikdə Xankəndidə qeyd edirik və əminəm ki, 20 Sentyabr bundan sonra Azərbaycanda geniş qeyd ediləcək", - İlham Əliyev deyib. 
Dövlət başçısı bildirib ki, düz bir il bundan əvvəl qəhrəman Azərbaycan Ordusu dövlət suverenliyini tam bərpa edib: "Bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha göstərdi. Bu günü bizə bəxş edən qəhrəman hərbçilərimizi hər zaman böyük minnətdarlıqla yad edirik. Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini daim qəlbimizdə saxlayırıq və saxlayacağıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Vətən müharibəsi və antiterror əməliyyatı keçirilərkən bizim 3 200-dən çox qəhrəman şəhidimiz şəhadət zirvəsinə ucalmışdır. Onların və digər qəhrəman hərbçilərimizin rəşadəti və vətənpərvərliyi Qələbənin əsas amilləridir. Vətən uğrunda İkinci Qarabağ müharibəsində 90 mindən çox gənc azərbaycanlı iştirak etmişdir".

“Hərbçilərimizlə fəxr edirik”

Prezident bildirib ki, bu gün dünyada bir çox yerlərdə müharibələr, hərbi münaqişələr, toqquşmalar gedir: "Müqayisə etmək üçün də kifayət qədər imkanlarımız var, məlumatlarımız var. 44 gün ərzində bu çətin coğrafiyada düşmənin 5-6, bəzi yerlərdə 7 müdafiə xəttini yararaq hər gün irəliyə getmək, itkilər verərək aşağıdan yuxarıya qalxmaq, Şuşa kimi alınmaz qalanı sıldırım qayalara dırmaşaraq ancaq yüngül silahlarla azad etmək, - müasir tarixdə hansı ordu buna bənzər qəhrəmanlıq, peşəkarlıq göstərmişdir! Bu, həqiqətdir.
Təbii ki, biz bu Qələbə ilə, haqlı olaraq hərbçilərimizlə fəxr edirik və əbədi fəxr edəcəyik".

Prezident bildirib ki, İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı nəticəsində Azərbaycan nəinki beynəlxalq hüququ, öz milli qürurunu bərpa etdi, həm də bütün dünyaya nümayiş etdirdi ki, ədalətsizlik əbədi davam edə bilməz: "Biz göstərdik ki, güclü iradə, peşəkarlıq, vətənpərvərlik, milli ruhda tərbiyə olunan gənc nəsil olarsa, heç bir qüvvə o xalqın qabağında dura bilməz - nə 6, 7, 8, 9, 10 müdafiə xətti, nə Ermənistan ordusunun coğrafi üstünlüyü, - çünki bütün təpələrdə onlar yerləşmişdi, - nə böyük dövlətlər, nə də Ermənistanı silahlandıran və onlara mənəvi və fiziki yardım göstərən dövlətlər", - Prezident bildirib. 

Dövlət başçısı deyib ki, xalqımız üçün gələcəkdə öz gücünə güvənmək, güclü olmaq, güclü dövlət qurmaq, heç kimdən asılı olmamaq, heç kimin qarşısında baş əyməmək əsas hədəflərdir: "Bunu təmin etmək üçün əlbəttə ki, dövlət siyasəti olmalıdır və var. Cəmiyyətdə birlik olmalıdır, bu da var. 44 günlük Vətən müharibəsi onu göstərdi ki, bəlkə də heç bir ölkədə bizim cəmiyyətimiz qədər birlik nümayiş etdirən cəmiyyət yoxdur. Bizdən sonra gələn nəsil, gənclər də bu yolla getməlidirlər". 

“Gənc nəsil bunu bilməlidir”

Prezident bildirib ki, müxtəlif Qərb ölkələrinin siyasətçiləri və yüksək vəzifə tutanlar, bəzi ölkələrin rəsmi nümayəndələri belə bir qəbuledilməz ifadələr işlədirlər ki, Azərbaycan Qarabağı zəbt edib: "Yəni, bu, ikiüzlülüyün, riyakarlığın zirvəsidir. Ölkə öz torpağını necə zəbt edə bilər?! Bizim müharibəmiz azadlıq müharibəsi idi. Yəni, bunu deyənlər, bizə qarşı ittihamlar irəli sürənlər də bunu yaxşı bilirlər. Sadəcə olaraq, ikili standartlar, ikiüzlülük, riyakarlıq, islamofobiya və xalqımıza olan düşmənçilik - biz bunu heç vaxt unutmamalıyıq və gənc nəsil bunu bilməlidir".

Qarabağ Universitetinin yaradılması tarixi hadisədir

Prezident Qarabağ Universitetinin fəaliyyətə başlamasından da danışıb. "Hesab edirəm ki, Qarabağ Universitetinin yaradılması tarixi hadisədir", - deyə dövlət başçısı bildirib. Onun sözlərinə görə, burada ölkəmizin hər bir bölgəsindən tələbə var: "Yüksək bal toplayan, o cümlədən 600-dən çox bal toplayan tələbələr bizimlə görüşdə iştirak edirlər və buraya böyük həvəslə gəlmişlər. Müəllim heyəti də formalaşdı. Bilirəm ki, müəllimlər də böyük həvəslə bu işə başlayırlar və ümid edirəm ki, Qarabağ Universiteti bizim aparıcı ali məktəblərdən birinə çevriləcəkdir. Bunu etmək üçün bütün imkanlar var. İndi verilən məlumata görə, artıq altı fakültə yaradılıb. Növbəti illərdə Tibb fakültəsi də yaradılacaq. Xocalıda Aqrar elmlər fakültəsi, Şuşada Turizm fakültəsi fəaliyyət göstərəcək. Yəni, bu, bir neçə şəhəri birləşdirən universitet olacaq. Əlbəttə ki, Qarabağa qayıdacaq keçmiş köçkünlər, onların uşaqları burada oxuyacaq və ölkəmizin hər bir yerindən gənclər buraya gələcəklər".

Dövlət başçısı bildirib ki, bu gün azad Qarabağda olmaq, tələbələrin gülər üzlərini görmək doğrudan da böyük xoşbəxtlikdir: "Bəlkə də bundan böyük xoşbəxtlik ola bilməz. Müəllimlərə, tələbələrə uğurlar arzulayıram. Yaxşı işləyin, yaxşı oxuyun ki, hər zaman Azərbaycan zəfər çalsın, hər zaman - əgər lazım olarsa, həm döyüş meydanında, həm iqtisadi sahədə, həm siyasi müstəvidə, hər bir yerdə Azərbaycan həmişə zirvələrdə olsun!".

Qeyd edək ki, Prezident İlham Əliyev Xankəndidə Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışında da iştirak edib.

 

banner

Oxşar Xəbərlər