çərşənbə, 17 Avqust, 17:19

Baku Bakı 35°C

"Xameneinin dedikləri saxtakarlıqdır" - RƏY

icon 919 icon 21 iyul 2022 | 14:30 "Xameneinin dedikləri saxtakarlıqdır" - RƏY

"İranın ali dini lideri Seyid Əli Xameneinin müharibədən sonra Tehranın sərgilədiyi yumşaq desək ədalətsiz mövqeyin davamıdır. Zəngəzur dəhlizi regionun bütün ölkələri, o cümlədən, İran üçün yeni iqtisadi imkanlar yaradır".

Bu sözləri "Report"a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib.

Onun sözlərinə görə, bununla yanaşı bu dəhlizin Avrasiyada İranın da yer aldığı nəqliyyat layihələrinin bir hissəsinə çevriləcəyini nəzərə alsaq, Tehran daha çox maraqlı olmalıdır:

"Lakin Xamenei başda olmaqla İran rəsmilərinin sərgilədiyi mövqe, Ermənistan sərhədini "qırmızı xətt" elan etmələri nəinki özünü İslam Respublikası adlandıran ölkənin mövqeyinə uyğun deyil, həmçinin məntiqə də sığmır. İranı narahat edən Qarabağın işğaldan azad edilməsindən sonra işğal dövründə nəzarətsiz qalan sərhəddən "boz zona" kimi istifadədən məhrum olması, Cənubi Qafqaza çıxışda böyük ölçüdə Azərbaycandan asılı vəziyyətə düşməsidir. Tehranda hesab edirlər ki, Zəngəzur dəhlizinin açılmasından sonra Ermənistanla sərhədin bağlanmaq riski ilə üzləşə bilər".

Ekspert qeyd edib ki, halbuki, Zəngəzur dəhlizi İrana Ermənistanla daha yaxşı iqtisadi əlaqələr qurmaq imkanı yarada bilər:

"Xamenei başda olmaqla İran rəsmilərinin iddiaları məntiqsizdir. İranı narahat məsələlər başqadır. Birincisi, Türkiyənin bölgədə güclənməsidir. Zəngəzur dəhlizi Ankaranın təsir imkanlarını genişləndirəcək. İkincisi, Türkiyə və Azərbaycanın Zəngəzur bölgəsində, ümumilikdə, Ermənistan üzərində təsirinin artmasıdır. Üçüncüsü, belə bir perspektivdə İranın regionda Azərbaycanla hesablaşmaq məcburiyyətində qalmasıdır. Bu, İranın yüz illərdir Azərbaycana qarşı apardığı siyasətin iflasa uğraması ilə nəticələnəcək. Xameneinin indi bu haqda danışması da regiondakı vəziyyətdən irəli gəlir. Artıq Türkiyə və Rusiya bölgədə 3+3 formatının qurulması prosesini sürətləndirmək niyyətindədir. Bu da 10 Noyabr razılaşmasının icrasından, Azərbaycan Ermənistan sərhədinin müəyyənləşməsinden keçir. Son proseslər də göstərir ki, bəyanatın bəndlərinin icrası aktuallaşıb. İran məhz buna görə indi məntiqsiz mövqeyini yenidən gündəmə gətirir".

Siyasi şərhçi bildirib ki, İran bölgədə Zəngəzur dəhlizinə mane olan əsas ölkə kimi çıxış edir:

"Ermənistan dəhlizin "yol məntiqi" ilə açılmasını istəyirdi, Avropa İttifaqı bu məsələdə Ermənistanın mövqeyindən çıxış etsə də, prosesə müdaxilə imkanı azdır. Brüsselin hazırda sərgilədiyi mövqe də konstruktiv yanaşmadı. İranın mövqeyi isə Ermənistann razilaşmaları icra etməməyə stimullaşdırır. Proseslərin mümkün inkişafı göstərir ki, İran sona qədər Zəngəzur dəhlizinə qarşı çıxmaq niyyətindədir. Lakin bölgədəki şərtlər, xüsusilə Rusiyanın Cənubi Qafqazla bağlı planları və bu perspektivdə türkiyə ilə birgə hərəkət etmək qərarı Zəngəzur dəhlizi 10 noyabr bəyanatında göstərildiyi kimi, “maneəsiz keçid” formasında açılacaq. Ermənistanın buna qarşı çıxması məsələnin hərbi yolla həllini aktuallaşdıra bilər və Rusiyanın strateji maraqlarını nəzərə alsaq, Moskvanın prosesə müdaxilə ehtimalı azdır. Bu, İran üçün də risklər yaradır, çünki məsələ hərbi yolla həll edilərsə, İranın maraqları nəzərə alınmaya bilər. Digər yol İranın da bu dəhliz üzərindəjki iştirakçılığının bu və ya digər formada təmin edilməsidir. Fikrimcə, Tehranın əsas istəyi də budur, prosesə qarşı çıxmaqla istəyinə nail olmaq istəyir. 3+3 formatının yaradılması planı fonunda İranın da maraqları hansısa formada qəbul edilə bilər".

A.Nərimanlı vurğulayıb ki, lakin bütün bunlar Xamenei də başda olmaqla İran rəsmilərinin sərgilədiyi mövqeyin yanlış olduğu reallığını dəyişdirmir: "Xameneinin Zəngəzur bölgəsində Ermənistan-İran sərhədini “min illik” kommunikasiya yolu adlandırması da yumşaq desək saxtakarlıqdır. Çünki 1920-ci ildə Zəngəzurun Ermənistana verilməsinə qədər bu bölgədə sərhəd yox idi, Xamenei İranın mövqeyini qəbul etdirmək naminə tarixi də saxtalaşdırır. Fikrimcə, belə mövqeyin davam etməsi Cənubi Azərbaycanda milli hərəkatın Tehrana etirazlarını aktuallaşdıra bilər. Hazırda Urmiya gölününü qurumasına etirazlar edilir, heç kim zəmanət verə bilməz ki, İranın Azərbaycana qarşı aqressiyasının artması nəticəsində bu etirazlar Tehran rejiminə qarşı daha sərt forma alsın".