• çərşənbə, 24 Aprel, 11:14
  • Baku Bakı 13°C

Xaincəsinə planlanan terror aktı 

28.01.23 06:00 1418
Xaincəsinə planlanan terror aktı 

Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücum terror aktı kimi qiymətləndirilir. Görüntülərdən aydın olur ki, qəhrəman mühafizə əməkdaşı olmasaydı, ölü sayı daha çox olacaq, səfirlik qan gölünə çevriləcəkdi. Bu hücumu həm də İranda aparılmış anti-Azərbaycan təbliğatın nəticəsi kimi də dəyərləndirmək olar. 

Yanvarın 27-də səhər saatlarında Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Azərbaycan XİN-in bu barədə yaydığı məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi - baş leytenant Əsgərov Orxan Rizvan oğlunu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.

Bu xain hücum barədə paylaşım edən Prezident İlham Əliyev Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu qınayıb, həlak olan zabitimizin ailəsinə və yaxınlarına başsağlığı verib. Dövlətimizin başçısı səfirliyə silahlı hücumu terror aktı kimi qiymətləndirib: “Bu gün Tehrandakı səfirliyimizə qarşı törədilmiş terror aktını şiddətlə qınayıram. Səfirliyin və səfirlik əməkdaşlarının mühafizəsini təmin edərkən həlak olan baş leytenant Əsgərov Orxan Rizvan oğlunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Bu terror aktının tezliklə araşdırılmasını və terrorçuların cəzalandırılmasını tələb edirik. Diplomatik nümayəndəliklərə qarşı terror hücumu qəbuledilməzdir!”

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva da instaqram hesabında paylaşım edərək Azərbaycanın İrandakı səfirliyinə terror hücumu zamanı həlak olan mühafizəçinin ailəsinə başsağlığı verib: “Bu gün Tehrandakı səfirliyimizə qarşı törədilmiş terror aktı zamanı həlak olmuş həmvətənimiz, baş leytenant Əsgərov Orxan Rizvan oğlunun doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin! Yaralıların tezliklə sağalması üçün dua edirəm. Uca Tanrı Azərbaycan xalqına yar olsun!”

Silahlı şəxs əvvəlcədən səfirliyi nəzarətdə saxlayıb

İran polisi və XİN-i hadisənin guya məişət zəminində törədildiyi görüntüsü yaratmağa çalışıb. Amma hadisə baş verən zaman səfirliyin qarşısında və içəridəki nəzarət kameraları Tehranın polis rəisinin yalan danışdığını, planlı şəkildə həyata keçirilən terror aktından ictimaiyyətin diqqətini yayındırmaq məqsədi güddüyünü ortaya qoydu. Müşahidə kameralarından qeydə alınan görüntülərdə açıq-aşkar görünür ki, silahlı şəxs əvvəlcədən səfirliyi nəzarətdə saxlayıb. Səfirliyin mühafizə rəisi öz avtomobilini diplomatik korpusun qarşısında saxlayıb içəri daxil olduqdan qısa müddət sonra terrorçuya məxsus avtomobil yüksək sürətlə əraziyə yaxınlaşır, hətta mühafizə rəisinin avtomobilini arxadan vuraraq səs-küy salır. Ardınca əlində avtomat avtomobildən düşərək birbaşa səfirliyə soxulur. Nə yaxınlıqda, nə də avtomobildə həmin vaxt azyaşlı uşaqlar görünmür. Deməli, terrorçu planlı şəkildə diplomatik korpusa məxsus avtomobili vurub qəza törətməklə, içəridəki mühafizəçilərin çölə çıxmasını, onların hamısını zərərsizləşdirərək maneəsiz şəkildə səfirliyin içərisinə daxil olmağı, diplomatik korpusda qarşısına çıxan hər kəsi qətlə yetirməyi planlaşdırıbmış. Amma səfirliyin mühafizə əməkdaşının böyük şücaət göstərərək əliyalın şəkildə avtomatlı şəxsin qarşısını alması terror aktının daha geniş miqyas almasını əngəlləyib. Səfirliyin içərisindəki müşahidə kamerasının görüntülərindən aydın olur ki, qəhrəman mühafizə əməkdaşımız olmasaydı, ölü sayı çox olacaq, səfirlik qan gölünə çevriləcəkdi. 

İranda diplomatik korpusların toxunulmazlığına zəmanət yoxdur

Bununla yanaşı, diqqət çəkən digər məqam səfirliyin qarşısındakı İran polisinin terrorçunun hücumuna qeyri-adekvat münasibətidir. İran polisinin gözü qarşısında diplomatik korpusa məxsus avtomobil vurulur, qəza törədilir, sükan arxasından əli avtomatlı şəxs düşərək səfirliyə soxulur, amma vəzifəsi səfirliyi qorumaq olan polis oturduğu “butka”dan bayıra çıxmır, əlini silahına atıb avtomatlı şəxsi zərərsizləşdirmək barədə düşünmür. Hadisəni törədən İran vətəndaşı Yasin Hüseynzadənin İranın xüsusi xidmət orqanları, ən əsası isə SEPAH-la əlaqəli olmasına dair ciddi şübhələr var.

Ümumilikdə rəsmi Tehranın açıqladığı məlumatlar İran xüsusi xidmət orqanları ilə bağlılığı olan terrorçunu hədəfdən yayındırmaq, yerli və beynəlxalq ictimaiyyətə yanlış ünvana istiqamətləndirmək cəhdidir. Bu həm də onu göstərir ki, İranda nəinki Azərbaycan səfirliyinin, ümumiyyətlə bütün diplomatik korpusların toxunulmazlığına zəmanət yoxdur. Tehran rejiminin xislətinə uyğun olaraq, istənilən zamanda istənilən xarici ölkə səfirliyinə qarşı oxşar terror aktı törədilə bilər. Törədilmiş terror aktını bu günə qədər İranda aparılmış anti-Azərbaycan təbliğatın və fəaliyyətin nəticəsi kimi də dəyərləndirmək olar.

İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi terror hücumu ilə əlaqədar olaraq Azərbaycan XİN-ə çağırılıb. Görüşdə törədilmiş silahlı basqının, terror aktının şiddətlə qınanıldığı, diplomatik nümayəndəliklərə qarşı bu kimi hücumların qəbuledilməz olduğu diqqətinə çatdırılıb.

İranın ali rəhbərliyi Azərbaycan xalqından üzr istəməlidir

Hadisəyə beynəlxalq hüquq nöqteyi-nəzərindən yanaşsaq, 1961-ci ildə qəbul olunan Vyana Konvensiyasına görə, diplomatik nümayəndəliklərin təhlükəsizliyini diplomatik nümayəndəliyin yerləşdiyi dövlət təmin etməlidir. Bütün dünya dövlətləri kimi İran da bu Konvensiyaya qoşulub və üzərinə beynəlxalq öhdəlik götürüb. Beynəlxalq hüquq prinsiplərinə görə baş vermis hadisədə İran dövləti məsuliyyət daşıyır və bunun cavabını verməlidir. İranın ali rəhbərliyi Azərbaycan xalqından üzr istəməlidir. Milli Məclisin Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Madər Musayev də “Report”a açıqlamasında deyib ki, İranın ali rəhbəri Azərbaycan xalqından üzr istəməlidir: "Mən bu terror aktında İranın ölkəmizə qarşı qarayaxma kampaniyası aparmasının da rolunu görürəm. Hesab edirəm ki, törədilmiş terror aktı bu günə kimi İranda aparılmış anti-Azərbaycan təbliğatının və fəaliyyətin nəticəsidir. Mən İran tərəfindən sözügedən terror hücumunu törədənlərin, habelə bu qanlı əməlin sifarişçilərinin ən qısa müddətdə müəyyən edilərək ən sərt şəkildə cəzalandırılmasını və İranın ali rəhbərinin də bu terror aktına görə Azərbaycan xalqından üzr istəməsini tələb edirəm!”

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər