• çərşənbə, 29 May, 03:10
  • Baku Bakı 20°C

Əvvəl Vaşinqton, sonra Brüssel - ŞƏRH

03.06.23 06:30 3428
Əvvəl Vaşinqton, sonra Brüssel - ŞƏRH

İyulun 21-də Brüsseldə Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında növbəti üçtərəfli görüş keçiriləcək. Bu barədə razılıq Kişineuda Fransa və Almaniya liderlərinin də qatıldığı qeyri-formal beştərəfli görüşdə əldə olunub.

“Avropa siyasi birliyi”nin 2-ci Zirvə toplantısı çərçivəsində Moldovanın paytaxtı Kişineuda Azərbaycanla Ermənistan arasındakı sülh danışıqlarının növbəti raundu keçirilib. Azərbaycan Prezidenti İlham Əliyevin əvvəlcə Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə üçtərəfli, ardınca isə Almaniya Kansleri Olaf Şolts və Fransa Prezidenti Emmanuel Makronun iştirakı ilə beştərəfli görüşləri baş tutub. Qeyri-rəsmi formatda, müsbət atmosferdə keçən beştərəfli görüşdə qərara alınıb ki, 21 iyulda Brüsseldə Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında növbəti üçtərəfli görüş keçirilsin. Bundan əvvəl isə xarici işlər nazirləri Vaşinqtonda bir araya gələcəklər. ABŞ paytaxtında əsas danışıqlar sülh müqaviləsi ilə bağlı olacaq.

Fransa və Almaniyanın qeyri-formal iştirakı

Kişineuda keçirilən görüşlərin nəticəsini “Kaspi” qəzetinə şərh edən Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq İlyas Hüseynov bildirib ki, Prezident İlham Əliyevin “Avropa siyasi birliyi”nin növbəti Zirvə toplantısında iştirak etməsi ölkəmizin artan nüfuzundan xəbər verir. Onun sözlərinə görə, Avropa ölkələrinin Azərbaycanla əməkdaşlığa səy göstərməsi də bunun nümunəsidir. Sammit çərçivəsində keçirilən görüşlərdən söhbət açan politoloq deyib ki, burada önəmli məqam beştərəfli görüşdən öncə Şarl Mişelin iştirakı ilə üçtərəfli görüşün keçirilməsidir: “Moskvada Azərbaycan, Ermənistan və Rusiya liderlərinin iştirakı ilə baş tutmuş üçtərəfli müzakirələrdən sonra bütün diqqət Kişineuya yönəlmişdi. Şarl Mişelin vasitəçiliyi ilə Moldova paytaxtında aparılan, daha çox koordinasiya xarakteri daşıyan bu danışıqlarda Fransa və Almaniyanın da iştirakı bütövlükdə qeyri-formal xarakter daşıyıb. Əsas müzakirələr Şarl Mişelin vasitəçiliyi ilə üçtərəfli formatda aparılıb. Bu görüşdə bir daha sülh müqaviləsi üzrə danışıqların intensivləşdirilməsinin vacibliyi vurğulanıb”.

1975-ci il xəritəsi əsasında delimitasiya

İ.Hüseynov deyib ki, Almaniyanın bu görüşdə iştirakı Fransa-Ermənistan pozucu tandeminə qarşı mühüm bir detal kimi də qiymətləndirilir: “Çünki Almaniya Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və sərhədlərin toxunulmazlığını dəstəkləyən dövlətdir. Avropa məkanı çərçivəsində Fransa ilə Almaniya bir-biri ilə rəqabət aparır. Berlin Cənubi Qafqazda cərəyan edən prosesləri yaxından izləyir. Tək onu söyləmək kifayətdir ki, son dövrlərdə prezident İlham Əliyevlə bərabər Ermənistan baş naziri Nikol Paşinyan da Almaniyaya səfər edib. Bu ölkənin dəstəyini qazanmağa çalışan Nikol istədiyinə nail olmayıb. Digər tərəfdən, Kişineu səfərində siyasi gündəliyə aid bütün məsələlər müzakirə olunub. Sərhədlərin delimitasiyası və demarkasiyası, anklavlar məsələsi, tarixi xəritələr, iqtisadiyyat və nəqliyyat əlaqələrinin bərpası, Qarabağ İqtisadi Zonasında olan ermənilərin reinteqrasiyası… Paşinyanın bildirdiyinə görə, tərəflər 1975-ci il xəritəsi əsasında delimitasiya prosesini təsdiqləyiblər. Burada anklavların, yəni Qazax rayonunun Ermənistan işğalı altında qalan 7, Sədərək rayonun 1 kəndinin Azərbaycana qaytarılması məsələsi yenidən gündəmə gəlir. Bu yaşayış məntəqələri bizim üçün strateji əhəmiyyət kəsb edir, qaytarılması prioritetdir. Bununla belə, detallı müzakirəyə ehtiyac duyulur”.

ABŞ Avropa İttifaqını dominant görmək istəmir 

Politoloq bildirib ki, ABŞ Avropa İttifaqını danışıqlarda dominant görmək istəmir. Onun fikrincə, bu səbəbdən rəsmi Vaşinqton danışıqlarda və regiondakı proseslərdə iştirakçılığını daha da genişləndirmək niyyətindədir: “İyulun 21-də Brüsseldə növbəti üçtərəfli görüş olacağı əvvəldən bəlli idi. Lakin bu görüşə qədər xarici işlər nazirlərinin 12 iyunda ABŞ platformasında növbəti görüşü olacaq. Bu da onu deməyə əsas verir ki, rəsmi Vaşinqton regionda vasitəçilik prosesinə ciddi şəkildə qoşulub. Bir müddət əvvəl xarici işlər nazirlərinin Vaşinqtonda - Arlinqtonda məhsuldar görüşləri olub. Belə görünür ki, ən mühüm nəticələr ABŞ meydançasında əldə olunur. Vaşinqton vasitəçilik səylərini daha da genişləndirmək niyyətindədir. Belə bir fonda Kişineuda keçirilən görüş yeni yanaşmadır. Artıq beştərəfli format da formalaşıb. Nə qədər tamamlayıcı görüş olsa da, rəsmi xarakter daşımasa da, oktyabrın 5-də İspaniyanın Qranada şəhərində bu formatın davam etdirilməsinə dair razılıq əldə olunub”.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər