• bazar, 22 Dekabr, 09:59
  • Baku Bakı 8°C

Vaşinqtonun “mini NATO” planı

26.08.23 03:30 2715
Vaşinqtonun “mini NATO” planı

ABŞ, Yaponiya və Cənubi Koreya vahid hərbi blok yaratmaq istiqamətində irəliləyirlər. Bu üç ölkənin Çinə qarşı yeni hərbi birlik - “mini NATO” yaradacaqları ehtimalı var. Çin hesab edir ki,  yeni hərbi birlik yaradılsa, bu, regiona dağıdıcı təsir göstərməklə yanaşı, yeni münaqişələrə də səbəb olacaq.

Həftəsonu dünyanın diqqəti Birləşmiş Ştatlar prezidentlərinin dünyaca məşhur iqamətgahı olan Kemp-Devidə yönələcək. Ağ Evin sahibi Cozef Bayden, Yaponiyanın baş naziri Fumio Kişida və Cənubi Koreya prezidenti Yun Suk El arasında görüşdə yeni hərbi birliyin yaradılması ətrafında müzakirələrin aparılacağı xəbərləri gündəmi tutub. ABŞ təkzib etməyə çalışsa da, üç ölkənin Çinə qarşı yeni hərbi birlik - “mini NATO” yaradacağı vurğulanır. Məhz buna görə görüş əhəmiyyətli hesab olunur. Bəllidir ki, Vaşinqton Şərqi Asiyada qeyri-rəsmi üçtərəfli ittifaq üçün daimi qurumlar yaratmaq niyyətini çoxdan ortaya qoyub. Üç ölkə bir-birini müdafiə etməyi öhdəsinə götürməsə də, bu, onların orduları arasında qarşılıqlı əlaqəni gücləndirəcək. Şübhəsiz ki, ilk növbədə hədəfdə Çin və Şimali Koreyadır (KXDR). Bayden tərəfdaşlarına Ukraynaya daha çox hərbi yardım üçün də təzyiq edəcək. 

Mehriban düşmənlər

Bayden administrasiyasının nöqteyi-nəzərindən əsas problemlərdən biri ABŞ-nin Asiyadakı iki müttəfiqi - Yaponiya və Cənubi Koreya arasında yaxınlaşmanı gücləndirməkdir. Bu, Vaşinqtonda qeyd edildiyi kimi, seysmik miqyasların dəyişməsinə bərabərdir. Axı Tokio və Seul uzun onilliklər ərzində bir-birilərinə güvənməyib, üstəlik, açıq şəkildə qarşılıqlı ittihamlar irəli sürüblər. Yaponiyanın Koreya üzərində 35 il davam edən müstəmləkə hökmranlığını da qarşı tərəf unutmayıb. Koreya Respublikası ötən həftə 1945-ci ildə Yaponiya hökmranlığından qurtuluş gününü qeyd edib. Tədbirlərdə Cənubi Koreya prezidenti “müstəmləkə hakimiyyətinin vəhşiliyinə” və Koreya xalqının əzablarına diqqət yetirməyib. Əvəzində Cənubi Koreya lideri Yaponiyanın indi ölkəsi ilə eyni dəyərlərə sadiq olan tərəfdaş olduğunu vurğulayıb. Həm Seul, həm də Tokio KXDR-dən gələn nüvə təhlükəsindən narahat olduqlarını dilə gətiriblər. 

Sammit Yaponiya və Cənubi Koreya üçün təhlükəlidir?

Çinin “Global Times” nəşri yazır ki, Kemp-Devid sammiti Yaponiya və Cənubi Koreya üçün təhlükəli ola bilər: “ABŞ, Yaponiya və Cənubi Koreya hərbi ittifaq kimi təhlükəsizlik blokuna doğru irəliləyir? Xeyr. Vaşinqtonun "qlobal təchizat zəncirinin qurulması" üçün genişləndirilmiş planları var. “Soyuq müharibə” Asiya-Sakit Okean regionuna öz kölgəsini çəkməyə başlayıb”. Bəzi analitiklər hesab edirlər ki, bu sammit ABŞ, Yaponiya və Cənubi Koreya arasında üçtərəfli hərbi əməkdaşlıq sisteminin qurulmasının başlanğıcı olacaq.

Kemp-Devid sammiti möcüzədir

Corctaun Universitetinin professoru və ABŞ prezident administrasiyasının keçmiş rəsmisi Dennis Vilder Kemp-Devid sammitinin möcüzə olduğunu deyib: “Axı əvvəllər amerikalılar çətin ki, Yaponiya və Cənubi Koreya liderlərini bir otağa cəlb edə bilərdilər. İndi də Seul-Tokio xətti boyunca münasibətlərin yaxşılaşdırılmasının təşəbbüskarı Cənubi Koreya və Yaponiya özləri olublar. Ancaq hər iki ölkənin lideri bunun üçün bədəl ödəyə bilər. Yaponiya və Cənubi Koreya vətəndaşlarının iki ölkənin yaxınlaşmasına müsbət yanaşdığına dair heç bir sübut yoxdur. ABŞ-də vəziyyət daha ciddidir. 80 yaşlı Bayden 2024-cü ildə yenidən seçilmək üçün namizəd olacaq. Onun üçün artıq saatın əqrəbi seçkiyə qalan vaxtı geri hesablayır”. 

Pekin təxribata çəkilir?

"Üçbucaq" üzvlərindən heç biri Pekini təxribata çəkmək istəmir. Lakin Pekin hesab edir ki, ABŞ onu diplomatik yolla təcrid etmək və düşmən hərbi müttəfiqlər şəbəkəsi ilə əhatə etmək istəyir. Çin mediası yazır ki, Kemp-Devid görüşünün məqsədi “mini NATO” yaratmaqdır. Bu, regiona dağıdıcı təsir göstərəcək və Şərqi Asiyada yeni münaqişələrə səbəb olacaq. Çin Beynəlxalq Münasibətlər Universitetinin professoru Li Haidong də bu qənaətdədir: “Mini NATO" mexanizmi Koreya yarımadasındakı nüvə və raket təhdidlərinin yaratdığı narahatlıq üzərində rüsvayçılıqla oynanılır. Amma "üçbucaq" bu problemi həll etmək istəmir. Əksinə, ABŞ bu real təhlükədən regionda dominant rolunu möhkəmləndirmək üçün istifadə etmək istəyir”.

Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Koreya və Monqolustan üzrə şöbəsinin müdiri Aleksandr Vorontsov isə qeyd edib ki, siyasətçilər bu "üçbucaq"dan əvvəllər də danışıblar: “Amma hərbi komponent zəif idi. Bayden dövründə hərbi əməkdaşlıq sürətlə inkişaf etməyə başladı. Dəniz təlimləri müntəzəm xarakter aldı. Məqsəd, məncə, hərbi-siyasi ittifaq yaratmaqdır. Ukraynaya öldürücü silahların birbaşa tədarükünə gəlincə, Cənubi Koreya və Yaponiya indiyədək bundan çəkiniblər. Lakin ABŞ "üçbucağ"a həm də anti-Rusiya diqqətini vermək istəyir. ABŞ bu iki müttəfiqinə təzyiqi artıracaq”. 

Bir faktdı da qeyd edək ki, Asiya-Sakit okean regionunda (APR) ABŞ-dən asılı olan bütün ölkələri birləşdirmək ideyası çoxdan mövcuddur. Bundan əvvəl Asiya-Sakit okean regionunda NATO kimi hərbi-siyasi blok yaratmaq cəhdləri artıq olub. Məsələn, 1955-1977-ci illərdə Cənub-Şərqi Asiya Müqaviləsi Təşkilatı (SEATO) fəaliyyət göstərib. Yaponiya və Cənubi Koreya həmişə Anqlo-Sakson təşkilatlarına qoşulmaq üçün ilk namizəd kimi görünürdülər. Sammit ərəfəsində məlumat var idi ki, Vaşinqton Tokio və Seulun AUKUS-a (Avstraliya, Böyük Britaniya və ABŞ-nin yaratdığı müdafiə ittifaqı) qoşulması imkanlarını müzakirə edəcək. Ancaq böyük ehtimalla bu, baş verməyəcək. Fakt budur ki, Yaponiya və Cənubi Koreya ABŞ-nin müttəfiqləri olsalar da, heç birinin ümumi ikitərəfli razılaşması yoxdur.

Ekspertlər hesab edirlər ki, bu cür üçtərəfli əməkdaşlıq çətin ki, regionun digər ölkələrini arxayınlaşdırsın. Əgər bu ittifaq formalaşsa, region ölkələrini iki kateqoriyaya ayıracaq: bir kateqoriya ABŞ, Yaponiya və Cənubi Koreya, digər kateqoriya isə kollektiv təhlükəsizlik sisteminin bir hissəsi olmayan, çox vaxt “yad” və “təhdidedici” kimi adlandırılan ölkələr olacaq. 

Azər Nuriyev

banner

Oxşar Xəbərlər