Vaşinqtonda tarixi razılaşmalar

Prezident İlham Əliyev: “Əminəm ki, Ermənistan və Azərbaycan barışmaq üçün özlərində cəsarət və məsuliyyət tapacaq, xalqlar da barışacaqlar. Biz qarşıdurma, konfrantasiya və qan tökülməsi olan səhifəni çevirib uşaqlarımıza parlaq və təhlükəsiz gələcəyi təmin edəcəyik”.
Avqustun 8-də Vaşinqtonda Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı mühüm və tarixi görüş keçirilib. ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona səfər edən Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan mühüm sənədlərə imza atıblar.
Azərbaycanın Naxçıvana tam çıxışı təmin ediləcək
ABŞ Prezidenti öncə tərəflərlə ayrı-ayrılıqda müzakirələr aparıb. Daha sonra ABŞ, Azərbaycan, Ermənistan liderləri üçtərəfli görüş keçiriblər. “Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanı belə mühüm sənədi imzalamaq üçün Vaşinqtona gəlmələri münasibətilə təbrik edirəm. Bir çox vasitəçilər Ermənistan-Azərbaycan münaqişəsinə son qoymağa çalışdılar və hamısı uğursuz oldu. Nəhayət, bu gün bu, bitəcək", - deyə Tramp bildirib. ABŞ Prezidenti qeyd edib ki, “Tramp marşrutu” Azərbaycanın Naxçıvana tam çıxışını təmin edəcək.
“Biz böyük bir tarix yazırıq”
Daha sonra çıxış edən Prezident İlham Əliyev Azərbaycan və Ermənistan xalqlarının tarixin qaranlıq səhifəsini çevirə və sülh şəraitində yaşaya biləcəklərinə ümidvar olduğunu bildirib. “Prezident Tramp Cənubi Qafqaza sülh gətirdi və buna görə ona minnətdarıq. Əminəm ki, Ermənistan və Azərbaycan barışmaq üçün özlərində cəsarət və məsuliyyət tapacaq, xalqlar da barışacaqlar. Biz qarşıdurma, konfrantasiya və qan tökülməsi olan səhifəni çevirib uşaqlarımıza parlaq və təhlükəsiz gələcəyi təmin edəcəyik. Ona görə də bu gün çox xoşbəxtəm, çünki biz böyük bir tarix yazırıq”, - deyə Azərbaycan Prezidenti qeyd edib.
Trampın sülhməramlı siyasəti daim xatırlanacaq
İlham Əliyev bildirib ki, Azərbaycan xalqı bir çox regionlara, o cümlədən Cənubi Qafqaza sülh gətirən ABŞ Prezidenti Donald Trampın sülhməramlı siyasətini daim xatırlayacaq: “Prezident Tramp və onun komandası, yaxın dostumuz cənab Uitkoff olmasaydı, Ermənistan və Azərbaycan yəqin ki, hələ də tükənməyən danışıqlar prosesində ilişib qalacaqdılar. Bu gün biz Qafqazda təkcə regionumuz üçün deyil, həm də Prezident Trampın haqlı olaraq qeyd etdiyi kimi, beynəlxalq sülhə və rifaha aparan “Tramp marşrutu” üçün böyük imkanlar açacaq, divarları yıxacaq, bir çox ölkələri birləşdirməyə imkanlar yaradacaq, investisiya, rifah və sabitliyi təmin edəcək sülhü bərqərar edirik”.
Prezident İlham Əliyev Nobel komitəsinə ABŞ Prezidenti Donald Trampla bağlı müraciət etməyi təklif edib.
“Keçmişi keçmişdə qoyaraq irəli baxırıq
Ermənistanın Baş naziri Nikol Paşinyan da tarixi anlar yaşandığını qeyd edib: “Həqiqətən də tarixi bir gündür və bu, bizim ölkələrimiz və regionumuz üçün uğurdur. Dünya da bundan qazanacaq, çünki bu, sülh içində yaşayan bir region və daha ədalətli bir dünya deməkdir”.
N.Pşainyan bildirib ki, Ermənistan və Azərbaycan ikitərəfli münasibətlər baxımından fundamental bir mərhələyə qədəm qoyur. “Keçmişi keçmişdə qoyaraq irəli baxırıq”, - deyə o vurğulayıb. N.Paşinyan vurğulayıb ki, bəyannamələrin imzalanması Cənubi Qafqazda sülh, təhlükəsizlik, firavanlıq və iqtisadi əməkdaşlıq səhifəsi açıldığına inam və təminat verir.
Birgə bəyannamədə nələr var?
Görüşdə Prezident İlham Əliyev, Prezident Donald Tramp və Baş nazir Nikol Paşinyan Azərbaycan Respublikasının Prezidentinin və Ermənistan Respublikasının Baş nazirinin Vaşinqtonda keçirilmiş görüşünə dair Birgə Bəyannaməni imzalayıblar. Sənəddə deyilir: “Biz, Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş Naziri 8 avqust 2025-ci il tarixində Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində görüşərək, aşağıdakıları bəyan edirik:
Biz və Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in razılaşdırılmış mətninin tərəflərin xarici işlər nazirləri tərəfindən paraflanmasına şahidlik etdik. Bu kontekstdə, biz Sazişin imzalanması və yekun olaraq ratifikasiyası üçün əlavə tədbirlərin görülməsinin davam etdirilməsinə ehtiyac olduğunu qəbul etdik və ölkələrimiz arasında sülhün təmin edilməsi və gücləndirilməsinin vacibliyini vurğuladıq;
Biz, həmçinin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk Prosesi və onunla əlaqəli strukturlarının bağlanmasına dair Azərbaycan Respublikasının xarici işlər naziri və Ermənistan Respublikasının xarici işlər naziri tərəfindən ATƏT-ə birgə müraciətin imzalanmasına şahidlik etdik. Biz ATƏT-in bütün iştirakçı dövlətlərini bu qərarı qəbul etməyə çağırırıq;
Biz regionda və onun qonşuluğunda dövlətlərin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyasına hörmət əsasında sülhün, sabitliyin və rifahın təşviqi üçün iki ölkə arasında ölkədaxili, ikitərəfli və beynəlxalq nəqliyyatın təmini məqsədilə kommunikasiyaların açılmasının əhəmiyyətini bir daha təsdiq etdik. Bu səylər Azərbaycan Respublikasının əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını və Ermənistan Respublikası üçün beynəlxalq və ölkədaxili bağlantılar üzrə qarşılıqlı faydaları ehtiva edir;
Ermənistan Respublikası Ermənistan Respublikasının ərazisində “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) bağlantı layihəsi üçün çərçivənin müəyyən edilməsi məqsədilə Amerika Birləşmiş Ştatları və qarşılıqlı müəyyən edilmiş üçüncü tərəflər ilə əməkdaşlıq edəcəkdir. Biz bu məqsədə ən qısa zamanda nail olmaq üçün xoş niyyətlə səy göstərməyə dair qətiyyətimizi təsdiq edirik;
Biz BMT Nizamnaməsi və 1991-ci il Almatı Bəyannaməsinə uyğun olaraq, keçmiş münaqişənin əsiri olmayan parlaq gələcək yoluna qədəm qoyulmasına olan ehtiyacı qəbul edirik. Dərin insan iztirablarına səbəb olmuş münaqişədən sonra nəhayət ki, beynəlxalq sərhədlərin toxunulmazlığı və ərazi əldə olunması üçün güc tətbiq etmənin yolverilməzliyi əsasında dövlətlərimizin qonşuluq münasibətlərinin qurulmasına başlaması üçün şərtlər yaradılmışdır. Yenidən təftiş mövzusu olmayan və heç bir zaman olmayacaq bu reallıq dövlətlərimiz arasında düşmənçilik səhifəsinin bağlanmasına yol açır. Biz indi və gələcəkdə hər hansı bir qisas cəhdini qətiyyətlə rədd edir və istisna edirik;
Biz bu Zirvə görüşünün regionda qarşılıqlı hörmət və sülhün irəlilədilməsi üçün möhkəm təməl təşkil edəcəyinə əminliyimizi ifadə edirik;
Biz bu vacib Zirvə görüşünə ev sahibliyi çərçivəsində səmimi qonaqpərvərliyə və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında ikitərəfli əlaqələrin normallaşdırılmasının irəlilədilməsinə vacib töhfələrinə görə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa dərin minnətdarlığımızı ifadə edirik.
Bu Bəyannamə 8 avqust 2025-ci il tarixində Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində imzalanmışdır”.
“Səfərimin yekunlarından məmnunam”
Görüşlərin sonunda Azərbaycan mediasına müsahibə verən Prezident İlham Əliyev ABŞ-yə səfərinin yekunlarından məmnun olduğunu bildirib. Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampla görüş çox səmimi, dostluq şəraitində keçib.
