• şənbə, 10 May, 06:33
  • Baku Bakı 15°C

Ulu Öndərin xeyirxahlıq missiyasının daşıyıcısı

10.05.25 02:06 81
Ulu Öndərin xeyirxahlıq missiyasının daşıyıcısı

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Fond azərbaycançılıq məfkurəsinin təbliğinə, habelə ölkədə sosial rifahın yüksəldilməsinə, elm, təhsil, mədəniyyət, idman sahələrinin inkişafına əhəmiyyətli töhfə verib.

Humanizm prinsiplərinə sadiq qalmaq, bəşəriyyətə daha çox fayda vermək, heç bir qarşılıq gözləmədən insanlara diqqət və qayğı ilə yanaşmaq, köməyə ehtiyacı olanlara yardım etmək Ümummilli Lider Heydər Əliyevin istər SSRİ dövründə, istərsə də müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə fəaliyyətinin əsas qayəsini təşkil edib.

Ulu Öndərin xeyirxahlıq missiyası bu gün görkəmli dövlət xadiminin adını daşıyan Heydər Əliyev Fondu tərəfindən davam etdirilir. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Fond azərbaycançılıq məfkurəsinin təbliğinə, habelə ölkədə sosial rifahın yüksəldilməsinə, elm, təhsil, mədəniyyət, idman sahələrinin inkişafına əhəmiyyətli töhfə verib. Fond Ulu Öndərin ideyalarını böyük əzmlə və sədaqətlə həyata keçirir. Bunu Fondun 21 illik fəaliyyətinə nəzər saldıqda da görmək mümkündür.

500-ə yaxın məktəb binası inşa edilib və yenidən qurulub

2005-ci ildən həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində 100 mindən çox şagirdin təhsil aldığı 500-ə yaxın məktəb binası inşa edilib və yenidən qurulub. Sonradan proqram dövlət tərəfindən dəstəklənərək üç mindən çox məktəb təmir olunub və ya yenidən qurulub. Təhsilin keyfiyyətinin artırılmasına xidmət edən “Təhsilə dəstək” layihəsi artıq illərdir ki, uğurla davam edir. Fondun həyata keçirdiyi proqramlar çərçivəsində uşaq bağçaları üçün yeni binalar tikilib, 40-dək uşaq müəssisəsi əsaslı şəkildə təmir edilib.

Proqramdan 200-dən çox şəxs faydalanıb

Təbii ki, görülən işlər təhsillə kifayətlənmir. Fondun səhiyyə sahəsində proqram və layihələri sayəsində Bakıda Psixonevroloji Uşaq Mərkəzi, Talassemiya Mərkəzi, Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqlar üçün Reabilitasiya Mərkəzi, Daun Sindromlu Uşaqların Reabilitasiya Mərkəzi, Autizm Spektr Pozuntulu Uşaqlar üçün Bərpa Mərkəzi və bir sıra digər tibb müəssisələri inşa olunub. 2004-cü ildən başlayaraq “Diabetli uşaqlara ən yüksək qayğı” layihəsi çərçivəsində 14 yaşınadək pasiyentlər hər il dərman preparatı ilə təmin edilib. 2015 və 2020-ci illərdə həyata keçirilmiş “Koxlear implantasiya” proqramından 200-dən çox şəxs faydalanıb. Görmə məhdudiyyətli uşaqlar üçün respublika internat məktəbində müvafiq mərkəz istifadəyə verilib, Naxçıvan, Gəncə və Yevlaxda regional informasiya mərkəzləri yaradılıb.

Hərbçilər yüksək texnologiyalı protezlərlə təmin olunub

Heydər Əliyev Fondu pandemiya ilə mübarizəyə də önəmli töhfələr verib. Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargahın işinə dəstək olaraq 2020-ci ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın tapşırığına əsasən, müxtəlif ölkələrdən gətirilən tibbi ləvazimatlar müvafiq tibb müəssisələrinə təqdim olunub.

Fond təhsildə fərqlənən, valideyn himayəsindən məhrum uşaqları, şəhid ailələrini, müharibə veteranlarını və müharibə əlillərini hər zaman diqqət mərkəzində saxlamağa çalışır. İstər 2016-cı ilin aprel döyüşlərində, istərsə də 2020-ci il Vətən müharibəsində yaralanmış hərbçilərimiz yüksək texnologiyalı protezlərlə təmin olunub.

Uşaq və yeniyetmələrdə idmana marağın artırılması məqsədilə bir çox təhsil müəssisələrində idman zalları, futbol meydançaları, yeni salınan parklarda mini stadionlar, idman qurğuları ilə təchiz olunmuş sahələr yaradılıb. Olimpiya və Paralimpiya oyunlarında medal qazanmış idmançılar Heydər Əliyev Fondunun təqaüdlərinə və diplomlarına layiq görülüblər.

2016-cı ildən Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Küləyə qalib gəl” şüarı altında “Bakı Marafonu”nda minlərlə insan iştirak edir.

Mədəni irsimizin qorunması...

Heydər Əliyev Fondunun fəaliyyətinin digər mühüm aspekti mədəni irsimizin qorunması, tanıdılması və multikultural dəyərlərimizin təbliğidir. Ötən müddətdə Fondun təşəbbüsü ilə Beynəlxalq Muğam Mərkəzi, Müasir İncəsənət Muzeyi, Azərbaycan Xalça Muzeyi və bir sıra digər mədəniyyət obyektləri inşa olunub. Dünyanın bir sıra ölkələrində Azərbaycan Mədəniyyət Mərkəzləri yaradılıb. Beynəlxalq Muğam Festivalı, Qəbələ Beynəlxalq Musiqi Festivalı və digər beynəlxalq festivallar mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə öz töhfəsini verir.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şuşa şəhəri erməni işğalından azad edildikdən sonra Heydər Əliyev Fondu tərəfindən Vaqif Poeziya Günləri və “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı keçirilir. Heydər Əliyev Fondunun təşkil etdiyi ədəbiyyat və incəsənət festivalları artıq ölkə hüdudlarını aşaraq beynəlxalq ictimaiyyətin diqqətini cəlb edir. Buna misal olaraq Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı, Beynəlxalq Kulinariya Festivalını qeyd etmək olar.

Müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında dialoqun dərinləşməsinə xüsusi əhəmiyyət verən Heydər Əliyev Fondu “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsini həyata keçirir. Fond Almaniyada Berlin qəsrinin, Bolqarıstanda “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun, Vatikanda katakombaların, Romanın Kapitolini muzeyi və digər tarixi abidələrin bərpası və təmirinə də öz töhfəsini verib.

 

İşğaldan azad olunmuş ərazilərimizdə bərpa-quruculuq işləri

İşğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən bərpa-quruculuq işlərində də Fond fəal iştirak edir. Ötən müddət ərzində Fond artıq bir sıra mədəniyyət abidələrinin bərpasını başa çatdırıb. Şuşa şəhərində Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, Mehmandarovların malikanə kompleksi, Saatlı məscidi, İncəsənət qalereyası, Xalça muzeyi, Yuxarı Gövhər Ağa məscidi, Xan qızı bulağı və digər tarixi binaların və abidələrin bərpasına dəstək verilib.

Aygün Əziz

banner

Oxşar Xəbərlər