Türkiyə MSK-nın sədri: "Prezident seçkilərinə seçicilərin çox böyük marağı var"
Bu gün Azərbaycanda keçirilən prezident seçkilərinə seçicilərin çox böyük marağı var və seçkilər şəffaf şəkildə keçirilir.
“Report”un xəbərinə görə, bunu seçkiləri müşahidə etmək üçün Azərbaycanda olan Türkiyə Yüksək Seçim Kurulunun (YSK) sədri Ahmet Yener deyib.
“Səhər sırada gözləyən seçiciləri görəndə əmin olduq ki, vətəndaşlar səsverməyə çox maraqlıdır və onların səsverməsi üçün lazımi şərait yaradılıb. Məntəqə üzvləri çox peşəkar davranır. Getdiyimiz məntəqələrdə mətbuat nümayəndələrini, müşahidəçiləri gördük. Qadın seçicilərin marağı daha çoxdur və bu, bizi sevindirir", - YSK sədri bildirib.
Qeyd edək ki, Azərbaycanda bu gün növbədənkənar prezident seçkiləri keçirilir. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparır.