• bazar, 06 Oktyabr, 04:47
  • Baku Bakı 16°C

Türk dünyasının ürəyi Şuşada döyünür

06.07.24 00:25 2068
Türk dünyasının ürəyi Şuşada döyünür

Mədəniyyət paytaxtımız Şuşa Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünə ev sahibliyi edir. Yekunda təşkilatın inkişafı və qarşıda duran məqsədlərin həyata keçirilməsi baxımından mühüm əhəmiyyət daşıyan Qarabağ Bəyannaməsi qəbul ediləcək. 

Zirvə görüşü çərçivəsində Prezident İlham Əliyev bir sıra ikitərəfli görüşlər keçirib. Dövlət başçısı TDT-nın Baş katibi Kubanıçbek Ömüralıyevlə görüşündə qeyri-rəsmi Zirvə toplantısının müntəzəm xarakter daşıyacağına ümidvar olduğunu deyib.

 Zirvə görüşünün əhəmiyyətinə toxunan Baş katib TDT-nın yalnız rəsmi deyil, eyni zamanda, qeyri-rəsmi Zirvə toplantısını da ölkələrimiz arasında əməkdaşlığın və tərəfdaşlığın daha da dərinləşməsinə xidmət göstərən amil kimi qiymətləndirib. Zirvə toplantısının nəqliyyat, əlaqələr, iqlim dəyişikliyi kimi çox vacib mövzulara həsr olunduğunu və bu məsələlər üzrə türk dövlətləri arasında əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini qeyd edib. O, nəqliyyat və əlaqələr sahələrində çoxtərəfli əməkdaşlığın önəminə toxunub və bunun Türk dünyasının güclənməsinə əməli töhfə verəcəyinə əminliyini bildirib. Kubanıçbek Ömüralıyev bu xüsusda Orta Dəhlizin əhəmiyyətini vurğulayıb.

Prezident İlham Əliyev Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarla da görüşüb. E.Tatar bu Zirvə toplantısının nəqliyyat, əlaqələr və iqlim fəaliyyəti kimi çox aktual məsələlərə həsr olunduğunu vurğulayıb. O, 2022-ci ilin noyabrında Səmərqənddə keçirilmiş TDT-nın Zirvə toplantısında Şimali Kipr Türk Cümhuriyyətinin bu təşkilatda müşahidəçi statusunu almasından sonra əlaqələrin inkişafından məmnunluğunu bildirib.

Dövlət başçısı həmçinin Türkiyənin xarici işlər naziri Hakan Fidanı da qəbul edib. Görüşdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla əldə edilmiş razılığa əsasən, Türkiyənin dövlət başçısının Türkiyə-Niderland matçını izləmək üçün Almaniyaya səfər etməsi ilə əlaqədar Şuşada keçiriləcək Zirvə toplantısında qardaş Türkiyəni bu ölkənin vitse-prezidentinin təmsil edəcəyi vurğulanıb.

banner

Oxşar Xəbərlər