Təxribatlar normallaşma prosesinə ciddi zərbə vurur - ŞƏRH
Ermənistanın təxribatlarının qarşısının alınması və regionda dayanıqlı sülh şəraitinin yaranması üçün beynəlxalq birliyin əməli addımlar atması çox vacibdir. Sülhün əldə olunması istiqamətində göstərilən beynəlxalq səylərə baxmayaraq, Ermənistan paralel olaraq təxribatlarını davam etdirir. Son günlərdə isə bu təxribatların intensiv xarakter alması normallaşma prosesinə ciddi zərbə vurur, vəziyyəti gərginləşdirir, tərəflər üçün əlavə maneələr yaradır. Ermənistan sərhəddə törətdiyi təxribatlara görə hüquqi məsuliyyət daşıyır.
Bunu Milli Məclisin deputatı Sevil Mikayılova deyib.
S.Mikayılova deyib: "Dünən gecə saatlarında müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilər və təminat yolları minalanıb. Ermənistan silahlı qüvvələri bununla yanaşı, Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki mövqeləri müxtəlif çaplı silahlar, minaatanlardan intensiv atəşə tutub. Təbii ki, düşmən tərəfi layiqli cavabını alıb. Ermənistan silahlı qüvvələrinin ölkəmizin ərazisinə və suverenliyinə qarşı hərbi təhlükələri dəf olunub. Azərbaycan Ordusu artıq sərhəd zolağında delimitasiyası keçirilmədiyi məlum olan bir sıra mühüm strateji mövqelərə və yüksəkliklərə nəzarəti təmin edib".
Deputat əlavə edib ki, 10 noyabr üçtərəfli Bəyanatının icra olunması Ermənistan üçün şərtdir, bu sənədi imzalamaqla Ermənistan öz üzərinə beynəlxalq öhdəlik götürüb və onun yerinə yetirilməsi mütləqdir. Bu tip təxribatlarla Ermənistan mənfur məqsədlərinə çatmayacaq. Əl atdıqları hər təxribat onlara baha başa gəlir, Azərbaycan əvvəlcədən də bəyan etdiyi kimi, öz suveren hüquqlarını bərpa edəcək - ya hərb, ya da sülh yolu ilə, fərq etməz. Bu reallığı dərk etmədikcə Ermənistan yalnız itkilər verməklə öhdəliklərini yerinə yetirməyə məcbur olacaq. Baş vermiş təxribat, qarşıdurma və itkilərə görə Ermənistan hərbi-siyasi rəhbərliyi məsuliyyət daşıyır.
“Bu vəziyyətdə döyüş meydanında öz məğlubiyyətini ört-basdır etmək istəyən Ermənistan ənənəvi olaraq yalan informasiyalar yaymaqla ictimaiyyəti çaşdırmaqda davam edir. Bu vəziyyətdə, təbii ki, daha diqqətli olmalıyıq. Müdafiə Nazirliyi və digər dövlət orqanlarının rəsmi xəbərlərinə istinad edilməlidir. Vətəndaşlarımız ayıq-sayıq olmalıdır. Xüsusən, kütləvi informasiya vasitələri ictimai maraqları, dövlət təhlükəsizliyini rəhbər tutaraq yalnız rəsmi məlumatları paylaşmalıdırlar, məhz rəsmi mənbələrdən yayılan xəbərlər səhihdir, informasiya təhlükəsizliyinin təmin olunması üçün əvəzsizdir", - Sevil Mikayılova vurğulayıb.
Sosial media istifadəçilərinin də diqqətli olmasının vacibliyini bildirən deputat bildirib ki, yayılan xəbərlərlə bağlı məsuliyyətli olmaq lazımdır: "Xüsusən, Ermənistan mediasına və sosial şəbəkələrin erməni seqmentinə istinad edilməsi yolverilməzdir. Ordumuzun mövqeləri və hərbi texnikalar barədə hər hansı video və ya məlumatın sosial şəbəkələrdə paylaşılmasının ağır nəticələri ola bilər. Bu, istənilən halda düşmənin yalan, təxribat dəyirmanına su tökməkdən başqa bir şey deyil".