• şənbə, 21 Sentyabr, 07:19
  • Baku Bakı 20°C

Suverenliyimiz milli sərvətimizdir

21.09.24 04:58 60
Suverenliyimiz milli sərvətimizdir

Bölgəmizdə sülh yolunda başlıca əngəl sayılan münaqişə ocağı birdəfəlik söndürülüb. Qanunlarımız bütün ərazilərimizdə tətbiq edilir. Suveren ərazilərimizdə heç bir xarici dövlətin hansısa missiyası yoxdur, separatizmin izləri silinir, açdığı yaralar bağlanılır, viran qoyulmuş doğma yurdlarımız öz gücümüzlə bərpa edilir.

Prezident İlham Əliyev Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, hər il sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək.

23 saatlıq antiterror tədbirləri

Xatırladaq ki, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Silahlı Qüvvələrimiz cəmi 23 saat ərzində Qarabağ iqtisadi rayonu ərazisində məskunlaşmış və dövlətimizin suverenliyini təhdid edən separatçı rejim və onun silahlı dəstələrinə qarşı genişmiqyaslı antiterror tədbirləri həyata keçirib. Prezidentin Sərəncamında da vurğulandığı kimi, antiterror tədbirlərinin başlıca məqsədi Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpası idi. Azərbaycan ordusu Ali Baş Komandanın qarşıya qoyduğu vəzifəni çox qısa bir müddətdə, cəmi 23 saatda yüksək peşəkarlıqla yerinə yetirdi. Uzun illər ərzində sərvətlərimizi talayan, dinc sakinlərə qarşı amansızlıqlar törədən, hərbi və bəşəri cinayətlərə imza atan separatçı xuntanın rəhbərləri həbs edilərək Bakıya gətirildi. İndi onlar təcridxanada Azərbaycan qanunları ilə suveren ərazilərimizdə törətdikləri cinayətlərə görə ədalət məhkəməsində cavab verəcəkləri günü gözləyirlər. 

Son bir ildə ilk dəfə olaraq Azərbaycan Respublikasının qanunları bütün ərazilərimizdə tətbiq edilir, ölkəmizin hər bir qarışı özümüzün nəzarətindədir. Suveren ərazilərimizdə heç bir xarici dövlətin hansısa missiyası yoxdur, separatizmin izləri silinir, açdığı yaralar bağlanılır, viran qoyulmuş doğma yurdlarımız öz gücümüzlə bərpa edilir. Sərhədlərimizdə Azərbaycan əsgəri keşik çəkir.  

Beynəlxalq hüquq və ədalətin təntənəsi

Sirr deyil ki, bu gün Azərbaycanın bütün əraziləri üzərində suverenliyini tam təmin etməsi, sərhədlərini nəzarətə götürməsi və ən əsası, daxilindəki separatizm ocağını söndürməsini ölkəmizə qarşı olan qüvvələr həzm edə bilmirlər. Hər fürsətdə təzyiq mexanizmi formalaşdırmağa səy göstərirlər. Lakin reallıq və faktlar bu iddiaların hamısının əsassız olduğunu sübut edir. Bu baxımdan Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin məlum ittihamlarla bağlı rəsmi açıqlaması diqqət çəkir. 

"Ötən il sentyabrın 19-20-də Silahlı Qüvvələrimiz tərəfindən cəmi 24 saatdan az bir müddətdə öz suveren ərazilərimizdə aparılan antiterror tədbirləri beynəlxalq hüquqa, o cümlədən beynəlxalq humanitar hüquqa tam uyğun şəkildə həyata keçirilib. Azərbaycanın öz torpaqları üzərində suverenliyini bərpa etməsi tarixinin ən şanlı səhifələrindən biri olmaqla yanaşı, beynəlxalq hüquq və ədalətin təntənəsidir", - deyə XİN-in bəyanatında deyilir. 

Yəni Azərbaycan öz suveren ərazilərində separatizm ocağını söndürərkən belə, hüququn aliliyini, beynəlxalq humanitar prinsipləri əsas tutur. Bu, rəsmi Bakının həyata keçirdiyi daxili və xarici siyasətin əsasını təşkil edir. 

Sülh yolunda əngəl qalmadı

Bir günlük antiterror tədbirləri əslində Azərbaycanın dövlət olaraq üzləşdiyi bir çox problemləri birdəfəlik həll etmiş oldu. Ən başlıcası, suverenliyini tam bərpa etmiş Azərbaycan özündən əmin, tam müstəqil siyasət yürüdən bir aktor olaraq qəbul edilir. Artıq ölkəmizə qarşı münaqişə kartı, nəzarətsiz sərhədlər anlayışından istifadə edərək hansısa süni əngəllər yaratmaq, bizimlə bağlı qapılar arxasında təzyiq dili ilə danışmaq dövrü birdəfəlik bağlanılıb. Bu qapını Azərbaycan dövləti, xalqı Silahlı Qüvvələrinin, şəhidlərinin hesabına, onların canı-qanı bahasına bağlayıb. Heç bir məkrli qüvvə bir daha bu qapıdan içəri daxil olmağa, hətta boylanmağa belə cəsarət etməyəcək.   
Bölgəmizdə sülh yolunda başlıca əngəl sayılan münaqişə ocağı birdəfəlik söndürülüb. Ölkəmizə qarşı ərazi iddiaları irəli sürənlər aldıqları ikiqat cavab zərbəsindən sonra hələlik sözdə də olsa ərazi bütövlüyümüzü və suverenliyimizi tanıdıqlarını bəyan edirlər. İndi əsas məsələ bu bəyanatların sülh müqaviləsi formasında hüquqi qiymət almasıdır. Antiterror tədbirləri həmin qüvvələrə başqa çıxış yollarının olmadığını göstərəcək ən layiqli dərs oldu desək, yanılmarıq. 

Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir 

Prezident İlham Əliyevin Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında Sərəncamında da qeyd edildiyi kimi, hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir: "Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir”.

Xalq olaraq, dövlət olaraq bu milli sərvəti qorumaq, gələcək nəsillərə əmanət qoymaq və ən əsası, güclü, müstəqil və suverenliyi, ərazi bütövlüyü tam təmin edilmiş Azərbaycan qurmaq başlıca vəzifəmizdir. 

Azad Əliyev

banner

Oxşar Xəbərlər