Şuşada dördüncü yaşayış kompleksinin təməli qoyulub

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Şuşaya səfəri çərçivəsində təməli qoyulan dördüncü yaşayış kompleksinin layihəsi çərçivəsində 16 binanın inşası nəzərdə tutulub. İndiyədək Şuşada 450 mənzildən ibarət 23 bina sakinlərin istifadəsinə verilib.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşaya səfər ediblər.
16 binanın inşası nəzərdə tutulub
Mayın 9-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada inşa ediləcək dördüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər.
Bildirilib ki, Şuşa şəhərində dördüncü yaşayış kompleksinin layihəsi çərçivəsində 16 binanın inşası nəzərdə tutulub. Kompleksin ümumi sahəsi 6,2 hektardır. Ümumilikdə yaşayış kompleksində 274 mənzilin inşası planlaşdırılır. Binalarda bir, iki, üç, dörd və beşotaqlı mənzillər olacaq. Yaşayış kompleksinin ərazisində zəruri sosial infrastruktur yaradılacaq.
Qeyd edək ki, indiyədək Şuşada 450 mənzildən ibarət 23 bina sakinlərin istifadəsinə verilib. Növbəti mərhələdə daha üç layihənin icrası nəzərdə tutulur. Dövlət və özəl tərəfdaşlığı çərçivəsində şəhərin mərkəzi küçəsində 10 yaşayış kompleksi inşa edilir. Onların sırasına mehmanxana, ofis binaları və digər obyektlərin tikintisi daxildir. İndiyədək Şuşaya 376 ailə, ümumilikdə 1409 nəfərdən artıq keçmiş məcburi köçkün qayıdıb.
Daşaltı kənd məscidinin açılışı
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa rayonunun Daşaltı kənd məscidinin açılışında da iştirak ediblər.
Daşaltı kənd məscidinin təməli 2021-ci ilin noyabrında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulub. Məscid kəndin mərkəzində milli memarlıq üslubunda inşa edilib. İkiminarəli məscid ümumi memarlıq kompozisiyası, planlaşdırma və bədii-dekorativ xüsusiyyətlərinə görə Qarabağ memarlıq məktəbinin ənənələrinə uyğun inşa olunub. Hündürlüyü 22,5 metr olan minarələr layihələndirilərkən Yuxarı Gövhər Ağa məscidinin minarələrinin formasından istifadə olunub. İkimərtəbəli məsciddə eyni vaxtda 150-dən çox insan ibadət edə biləcək.
Daşaltı kənd məscidinin inşası Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərimizdə maddi-mədəniyyət abidələrimizin, dini ocaqlarımızın bərpası və yenilərinin tikilməsi ilə bağlı verdiyi tapşırıqlara uyğun həyata keçirilib.
“Daşaltı kəndinin yenidən qurulması layihəsi”
Dövlət başçısına və birinci xanıma “Daşaltı kəndinin yenidən qurulması layihəsi” çərçivəsində görüləcək işlər barədə də məlumat verilib. Bu layihə yerli memarlıq irsinə sadiqlik, ekoloji davamlılıq və müasir turizm infrastrukturu ilə kənd həyatını birləşdirir. Ümumi sahəsi 65 hektara yaxın olan Daşaltı kəndində 80 otaqlı 5 mərtəbəli hotel binası, kotteclər, ticarət və ictimai obyektlər, o cümlədən, informasiya mərkəzi, sərgi binası, emalatxana inşa ediləcək. Layihəyə əsasən, təbiət və tarixlə vəhdət təşkil edən, geniş turizm imkanları olan kənd məkanının yaradılması nəzərdə tutulur.
Şuşa Müalicə-Sağlamlıq Mərkəzi istifadəyə verilib
Şuşaya səfəri çərçivəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışında da iştirak ediblər.
Bu tibb ocağının təməli 2021-ci ilin noyabrında Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulub. Altı korpusdan ibarət olan mərkəz 90 çarpayılıqdır. Burada terapiya, pediatriya, cərrahiyyə və digər şöbələr fəaliyyət göstərəcək. Mərkəzdə, həmçinin konsultativ poliklinika, uşaq poliklinikası, şüa-diaqnostika, funksional diaqnostika, fizioterapiya və tibbi bərpa şöbələri, klinik diaqnostik laboratoriya yaradılıb. Şuşa Müalicə-Sağlamlıq Mərkəzi müasir standartlara cavab verən tibbi avadanlıq, o cümlədən kompüter tomoqrafiyası, rəqəmsal teleskopik rentgen, rəqəmsal stasionar USM cihazları ilə təchiz olunub. Bunlar isə öz növbəsində Mərkəzə müraciət edənlərin müayinə və müalicəsini yüksək səviyyədə aparmağa geniş imkanlar yaradır.
Tibb ocağının ərazisində Gigiyena və Epidemiologiya Mərkəzi, hemodializ və digər korpuslar inşa olunub. Mərkəzin xidmətlərindən, eyni zamanda, ətraf şəhər və rayonların əhalisi də istifadə edə biləcək.
Qeyd edək ki, Prezident və birinci xanım “Qoç Ət” Kəndli Fermer Təsərrüfatı MMC-nin Xocalının Xanabad kəndindəki heyvandarlıq kompleksinin, “Azərişıq” ASC-nin “Xocalı” yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında da iştirak ediblər.
