• bazar, 28 Sentyabr, 22:23
  • Baku Bakı 19°C

Sülhə, yoxsa qeyri-müəyyənliyə gedən yol?

27.09.25 03:25 495
Sülhə, yoxsa qeyri-müəyyənliyə gedən yol?

BMT Baş Assambleyasının 80-ci sessiyası daha çox Fələstinin dövlət olaraq tanınması ilə yadda qaldı. Ekspertlər qeyd edirlər ki, bu, ilk baxışda Fələstin üçün siyasi-diplomatik uğur kimi görünə bilər. Amma bu uğurun praktik müstəviyə keçməsi real deyil. 

Dünyanın diqqəti bu həftə Nyu-Yorka - BMT Baş Assambleyasının 80 illik yubileyinə və 80-ci sessiyasına yönəldi. Assambleyanın 80-ci sessiyasında əsas diqqət Fələstin probleminə yönəldildi. Daha doğrusu, bu toplantı daha çox Fələstinin dövlət olaraq tanınması ilə yadda qaldı. 

ABŞ və Avropadan fərqli mövqe

ABŞ Prezidenti Donald Tramp BMT mənzil-qərargahında müsəlman ölkələrinin liderlərinin iştirakı ilə baş tutan zirvə toplantısında çıxışında Qəzzada müharibəni bitirəcəyinə söz versə də, onun tanınmasına toxunmadı. Birləşmiş Ştatlar hesab edib ki, Fələstin ərazilərinin dövlət quruluşu məsələləri yalnız İsrail-Fələstin danışıqları çərçivəsində həll olunmalıdır. Trampdan fərqli olaraq, Fransa Prezidenti Emmanuel Makron BMT Baş Assambleyasının kürsüsündən Fələstin dövlətini rəsmən tanıdığını açıqladı. Bu bəyanat Fransa və Səudiyyə Ərəbistanının BMT-nin Nyu-Yorkdakı qərargahında təşkil etdiyi sammitdə səsləndirildi. Sammit İsrail-Fələstin münaqişəsinin ''iki dövlət'' prinsipi əsasında həllinə həsr olunub. Bir gün öncə isə Böyük Britaniya, Avstraliya, Kanada və Portuqaliya da Fələstin dövlətini tanıdıqlarını bildiriblər. Malta, Andorra, Belçika, Lüksemburq və San-Marino da bu addımı atıb. Almaniya və İtaliya isə Fələstin dövlətinin tanınmasına dair çağırışları dəstəkləməyib. 

80-ci sessiyaya qədər Fələstin dövlətinin müstəqilliyini BMT-yə üzv olan 193 dövlətin 152-si, həmçinin BMT-də müşahidəçi statusunda olan Vatikan və Sahara Ərəb Respublikası tanıyıb. 

Göründüyü kimi, dünya ölkələrinin əksəriyyəti bir tərəfdə, ABŞ və İsrail isə qarşı tərəfdədir. Lakin istənilən halda, baş verənlər Fələstinin uğurudur. Muxtariyyətin rəhbəri Mahmud Abbasın sözlərinə görə, hazırda əsas prioritetlər Qəzza zolağında atəşkəsin təmin olunması, münaqişə bölgəsinə humanitar yardımın çatdırılması, bütün girov və məhbusların azad edilməsi, İsrail qoşunlarının tamamilə geri çəkilməsi və bərpa prosesinə başlanmasıdır. 

İsrailə gəldikdə, ölkə Fələstin dövlətini tanımamaq məsələsində heç vaxt olmadığı qədər qətiyyətlidir.

Tanınma prosesində Ərdoğan amili

Sözsüz ki, tanınma prosesində qardaş Türkiyənin rolu da xüsusi qeyd edilməlidir. Prezident Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 80-ci sessiyasının faktiki olaraq Fələstin məsələsi üzərində qurulmasına müvəffəq olub. Elə özü də çıxışlarında əsas diqqəti bu məsələyə yönəldib. O, Fələstini tanıyan ölkələrə təşəkkür edib. Hələ bu qərarı qəbul etməyən dövlətləri də tez bir zamanda bu addımı atmağa çağırıb. Ərdoğanın BMT-də çıxışı sərtliyi ilə seçilib. Onun sözlərinə görə, Qəzzada öldürülən dinc əhalinin sayı 60 mini keçib. Ölənlərin 20 mindən çoxu uşaqlardır. 

Fələstinin tanınması sülhə yol açacaqmı?

Bəs Fələstinin sürətli tanınması regionda sülhə yol açacaqmı? Çoxları hesab edir ki, ABŞ və İsrailin razılığı olmadan ciddi dəyişikliyə nail olmaq çətindir. Qərb dövlətlərində Fələstinin dövlət müstəqilliyini tanıması tendensiyası artsa da, bu siyasi, diplomatik, hətta hüquqi dəstəyin İsrail-Fələstin, yaxud İsrail-HƏMAS müharibəsinin yaxın zamanda başa çatması ilə nəticələnəcəyi inandırıcı görünmür. Maraqlı bir məqam da var: Fələstini tanıyan dövlətlər onun sərhədlərini hansı əsaslarla qəbul edirlər? 1949-cu ildə keçmiş Fələstin ərazisində iki dövlətin yaradılması və Qüdsə ayrıca status verilməsi ilə müəyyən olunmuş sərhədlər nəzərdə tutulur, yoxsa 1967-ci il müharibəsindən sonrakı reallıqlar? Bu, hələ də tam aydın deyil və yəqin ki, yaxın zamanlarda daha dəqiq bəlli olacaq. İsrailin siyasətinə nəzər salanda görürük ki, Təl-Əviv prosesi yalnız mövcud danışıqlarla yekunlaşdırmaq istəmir. 

Ekspertlər qeyd edirlər ki, bu tanımalar ilk baxışda Fələstin üçün siyasi-diplomatik uğur kimi görünə bilər. Amma bu uğurun praktik müstəviyə keçməsi real deyil. Ən çox da ABŞ-nin İsrailin mövqeyini dəstəkləməsi vəziyyəti çətinləşdirir. Prosesin yeni gərginlik və qarşıdurmalarla müşayiət olunacağına da eyham vurulur.

Müstəqil dövlətə gedən yol

Məlumat üçün bildirək ki, İsrail-Fələstin münaqişəsi 75 ildir davam edir. Ərazi 1920-1948-ci illərdə Millətlər Liqası adından verilən mandatla Böyük Britaniya tərəfindən idarə olunan Fələstin adlanıb. 1947-ci il noyabrın 29-da BMT Baş Assambleyası Fələstin ərazisində yəhudi və ərəb dövlətlərinin qurulması haqqında 181 saylı qərar qəbul edib. Qərara əsasən, Fələstinin 54 faizi yəhudi, 45 faizi isə ərəb dövlətinin payına düşürdü. Qüds şəhərinin yerləşdiyi qalan bir faiz ərazi isə beynəlxalq ərazi olmalı idi. Fələstin dövlətinin yaradılmasına gəldikdə, bu, 1988-ci il noyabrın 15-də Əlcəzairdə Fələstin Milli Şurasının fövqəladə iclasında elan edilib. 

Azər Nuriyev 

 

banner

Oxşar Xəbərlər