• şənbə, 08 Avqust, 05:58
  • Baku Bakı 28°C

Sülhə aparan tarixi razılaşmalar

08.08.26 04:52 15
Sülhə aparan tarixi razılaşmalar

Tarixi Vaşinqton görüşündən sonra Azərbaycan və Ermənistan arasında real sülh mövcuddur. Hələlik tam rəsmi status qazanmasa da, mövcud vəziyyət həm Bakının, həm də İrəvanın maraqlarına cavab verir.

Cənubi Qafqazda sülh gündəliyini rəsmiləşdirən tarixi Vaşinqton razılaşmalarının bir ili tamamlanır. 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Donald Tramp və Ermənistan Baş naziri Nikol Paşinyanla görüşü çərçivəsində xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsini paraflayıblar. Bununla da Azərbaycan və Ermənistan arasında de-fakto sülhün əsası qoyulub.

Uzaqgörən siyasətin məntiqi nəticəsi

Beləliklə, 30 ildən artıq müddətdə işğal, dağıntılar, on minlərlə insanın həyatını itirməsinə səbəb olan qanlı müharibə dövrü yerini rəsmən sülh dövrünə vermiş oldu. Bu dövrün Azərbaycanın ərazi bütövlüyü, suverenliyinin tam bərpası, sərhədlərinin öncə işğalçı, daha sonra isə məğlub ölkə adını alan Ermənistan tərəfindən rəsmən tanınması ilə yekunlaşması Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi, diplomatik zəkası və uzaqgörən siyasətinin təntənəli qələbəsi idi. Tarix boyunca güclü sərkərdələr, dövlət xadimləri olsa da, onlardan çox az qismi əldə etdikləri zəfəri siyasi sülhə çevirməyi bacarıb. 44 günlük Vətən müharibəsi və bir günlük antiterror əməliyyatları ilə adını Azərbaycanın tarixinə qızıl hərflərlə yazdıran müzəffər Ali Baş Komandan İlham Əliyev qısa zaman kəsiyində dünyanın ən güclü dövlətinin paytaxtında Vaşinqton bəyannaməsinə imza atmaqla bunu reallaşdırdı. 

Bakının diplomatik zəfəri

İşğal faktına son qoyan Azərbaycan tək döyüş meydanında qələbə qazanmadı. Eyni zamanda Cənubi Qafqazda şərtlərini özünün diktə etdiyi yeni geosiyasi reallıqlar yaratdı. Bir çoxları bu reallıqları ilk anda qəbul etmək istəməsə də, Prezident İlham Əliyevin dahiyanə strategiyası hər kəsi ölkəmizin mövqeyi, statusu ilə hesablaşmağa vadar etdi. 2025-ci ilin avqustunda imzalanan Vaşinqton bəyannaməsi isə bu strategiyanın pik həddi idi. Dünyanın super gücünün Azərbaycanın mövqeyini, milli maraqlarını, həmçinin Cənubi Qafqazdakı reallıqları, sülh gündəliyini qəbul etməsi, Azərbaycan və Ermənistan arasındakı sülh gündəliyinə Ağ Ev rəhbəri Donald Trampın da öz imzası ilə şahidlik etməsi rəsmi Bakının diplomatik zəfərinin göstəricisi idi. 

Donald Trampın sülhə töhfəsi

Prezident İlham Əliyev də 4-cü Qlobal Şuşa Media Forumunda çıxışında ABŞ-nin və Prezident Donald Trampın sülh prosesindəki rolunu yüksək dəyərləndirib. Dövlət başçısı qeyd edib ki, Prezident Trampın bu günə qədər və bugünkü yanaşması ilə ondan əvvəlki administrasiyaların siyasəti arasında çox ciddi fərq var idi. Belə ki, ATƏT-in Minsk qrupunun bütün fəaliyyəti münaqişənin həllinə deyil, işğalın sonsuz olmasına xidmət edirdi: “Prezident Trampın yanaşması isə tamamilə fərqli idi. O, sülhsevər, dünyanın müxtəlif bölgələrində sülhün bərqərar olunmasına çalışan bir liderdir. Özünün də qeyd etdiyi kimi, o, səkkiz münaqişənin həllinə töhfə verib. Bu, onun xarakterini, baxışlarını və siyasətini əks etdirir.
Bizim məsələdə Prezident Trampın rolu Azərbaycan ilə Ermənistan arasında sülh sazişi üzrə danışıqların yekun mərhələsində xüsusilə mühüm oldu. Prezident Tramp və onun komandası bu prosesə qoşularaq elə bir çərçivə formalaşdırdılar ki, nəticədə sülh mümkün oldu”.

Zəngəzur dəhlizi ilə bağlı proseslər sürətləndirilib

Vaşinqton görüşlərindən keçən bir il müddətində Azərbaycan və Ermənistan arasında sülh gündəliyi ilə bağlı çox ciddi addımlar atılıb. Öncə onu qeyd edək ki, ABŞ danışıqlarında əldə olunmuş razılaşmalar əsasında Zəngəzur dəhlizi ilə bağlı proseslər sürətləndirilib. Hansı ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa əlaqəni təmin edəcək. Bu addım həm də regional iqtisadi inteqrasiya, bağlantıların tam gücü ilə işə düşməsi istiqamətində müstəsna əhəmiyyətə malikdir. Azərbaycan rəhbərliyi sülh gündəliyinə sadiqliyini nümayiş etdirərək bağlantıların bərpası istiqamətində önləyici addımlar da atıb. İşğal faktına görə Ermənistana tətbiq edilən tranzit embarqosu ləğv edilib. Bu gün Ermənistan Azərbaycanın dəmiryolu vasitəsi ilə özünə lazım olan minlərlə ton məhsulu əldə etmək imkanı əldə edib. Digər tərəfdən, Azərbaycan Ermənistanın enerji təhlükəsizliyinə də ciddi töhfə verməkdədir. Hazırda Azərbaycan Gürcüstan vasitəsi ilə Ermənistana yanacaq məhsullarının ixracını həyata keçirir ki, indiki qeyri-sabit mühitdə bu, Ermənistan daxilində yanacaq məhsullarının qiymətlərinin sabit qalmasında, hətta 20 faizdən çox ucuzlaşmasında katalizator rolunu oynayır. Ən əsası isə, Vaşinqton görüşündən keçən müddətdə sərhəddə heç bir insident qeydə alınmayıb. 

Qarşılıqlı təmaslar

İki ölkə arasında siyasi və digər təmaslar da intensiv xarakter alıb. İcraedici orqanların təmsilçiləri səviyyəsində qarşılıqlı səfərlər reallaşdırılır. Sərhədlərin delimitasiyası komissiyasının üzvlərinin görüşləri mütəmadi mahiyyət alıb. Həmçinin iki ölkə arasında etimad mühitinin gücləndirilməsi üçün qeyri-hökumət təşkilatları səviyyəsində qarşılıqlı səfərlər də reallaşır. Buraya parlament sədrləri və deputatlar səviyyəsində keçirilən görüşləri də əlavə edə bilərik. 

Beləliklə, tarixi Vaşinqton görüşündən sonra Azərbaycan və Ermənistan arasında həqiqətən də sülh mövcuddur. Hələlik tam rəsmi status qazanmasa da, mövcud vəziyyət həm İrəvanın, həm də Bakının maraqlarına cavab verir. Bu prosesin məntiqi yekunu isə Vaşinqton Bəyannaməsi və orada əldə olunan razılaşmaların mahiyyətinə uyğun şəkildə Ermənistan tərəfindən ölkəmizə qarşı ərazi iddialarına birdəfəlik son qoyulmasını şərtləndirir.

Azad Əliyev   

banner

Oxşar Xəbərlər