“Sülh yalnız Tramp dövründə əldə edilə bilərdi”

Azərbaycan və Ermənistan liderləri Vaşinqtonda tarixi saziş imzalayıblar, belə bir hadisə yalnız Donald Trampın administrasiyası dövründə baş verə bilərdi, çünki o, ideoloji məqsədlər güdmür və sülhməramlı və danışıqçı kimi fəaliyyət göstərir.
"Report"un məlumatına görə, bunu Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov Britaniya nəşri "GB News"ə müsahibəsində bildirib.
"Mənə elə gəlir ki, Tramp səmimi şəkildə münaqişələri sona çatdırmağa çalışır. Əslində, o, sülhməramlı və sövdələşmə mütəxəssisidir və bu, başqalarının istədiyindən çox fərqlənir", - deyə E.Süleymanov bildirib.
Diplomatın sözlərinə görə, Cənubi Qafqazda vəziyyətin nizamlanmasında vasitəçi kimi çıxış etməyə çalışan Ağ Evin bütün keçmiş liderləri Azərbaycan və Ermənistan arasındakı münaqişənin başa çatmasını əsas məqsəd kimi qoymayıblar. Onlardan fərqli olaraq, Tramp komandasının yanaşması real nəticəyə yönəlib.
