• cümə, 26 Aprel, 20:04
  • Baku Bakı 22°C

Sözdə sülhü dəstəkləyən Ermənistanın ikiüzlü siyasəti - ŞƏRH

27.03.23 19:07 532
Sözdə sülhü dəstəkləyən Ermənistanın ikiüzlü siyasəti - ŞƏRH

Ermənistanın Azərbaycana qarşı torpaq iddiası və respublikamızın mədəniyyətinə və tarixinə sahiblənmək xülyası artıq bir həqiqətdir. Ermənilər tarix boyu bu çirkin siyasətlə məşğul olublar. Onlar digərilərinə qarşı işğalçı siyasət yürütsələr də, özlərini dünyaya sülhsevər və beynəlxalq hüququn normalarına əməl edən ölkə kimi tanıtmağa çalışırlar.

Bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

O bildirib ki, Azərbaycan 2020-ci ildə Zəfər qazanaraq ərazi bütövlüyünü bərpa etdi. Ermənistanı kapitulyasiya aktına imza atmağa məcbur edən ölkəmiz öz suveren hüquqlarını qorumaq iqtidarında olduğunu bütün dünyaya sübut etdi.

“Qalib ölkə olmasına baxmayaraq, Azərbaycan sülhsevər ölkə olduğunu nümayiş etdirir və qarşı tərəfi sülh sazişinin imzalanmasına dəvət edir. Sazişin imzalanması ərazi bütövlüyünün tanınması, sərhədlərin toxunulmazlığı və bir-birinin daxili işlərinə qarışmamaqdan keçir. Ermənistan sülh sazişinə sözdə etiraz etməsə də, ölkəmizə qarşı ikiüzlü siyasət yürüdür. Rəsmi İrəvan bir tərəfdən sülh sazişinin bağlanması ilə bağlı bəyanatlar səsləndirir, digər tərəfdən müvəqqəti olaraq Rusiya sülhməramlı kontingentinin yerləşdiyi əraziyə özünün hərbçilərini yerləşdirir, silah-sursat daşıyır. Qarabağda öz hərbi bazasını yaratmaqla məşğul olan bu ölkə Azərbaycanın ərazi bütövlüyünü tanımamaq üçün müxtəlif yollara və təxribatlara əl atır.

Ermənistan hərbçiləri mütəmadi olaraq sərhəddə təxribatlar törətməkdə davam edirlər. Bu təxribatların nəticəsidir ki, martın 5-də bizim iki sərhədçimiz Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazidə şəhid oldu. Bir neçə gün əvvəl azərbaycanlılar üçün çox əziz olan Novruz bayramında bir əsgərimiz yaralandı. Azərbaycanın atdığı addımla əlaqədar olaraq qarşı tərəf dəfələrlə xəbərdar edilib. Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə telefon danışığında qarşı tərəfi məlumatlandırması bir daha onu göstərir ki, Azərbaycan hər zaman beynəlxalq hüququn normalarına riayət edir”, - deyə A.Mirzəzadə vurğulayıb.

Deputat diqqətə çatdırıb ki, Azərbaycan beynəlxalq ictimaiyyətə ölkə daxilində dağ yolları ilə ərazilərimizə silah-sursat daşınması barədə təkzibedilməz faktlar ortaya qoyur və Ermənistandan bu halların qarşısının alınmasını tələb edir.

A.Mirzəzadə qeyd edib: “Azərbaycan gözləyirdi ki, Ermənistan 44 günlük Vətən müharibəsindəki məğlubiyyətdən nəticə çıxaracaq və Azərbaycanın suverenliyinə hörmətlə yanaşacaq. Əlbəttə ki, nəticə olmadıqda Azərbaycan Laçın-Xankəndi yoluna alternativ Ermənistan tərəfindən hərbi-strateji yol çəkilməsinin qarşısını aldı və həmin yola nəzarəti üzərinə götürdü. Bu, Azərbaycanın öz ərazisində suveren hüquqlarının müdafiəsindən başqa bir şey deyil və buna tam hüququ vardır”.

Deputatın sözlərinə görə, aparılan əməliyyat nəticəsində Azərbaycan ərazisinə qanunsuz silah və sursat daşınmasının qarşısı alındı. Bununla da ölkəmiz ərazisində yeni bir gərginlik ocağının yaranmasına imkan vermədi və prinsip etibarilə öz ərazisində qeyri-qanuni hallara yol verməyəcəyini göstərdi.

“Ermənistan bundan nəticə çıxarmalıdır və yürütdüyü çirkin siyasətin acı nəticələrini bir daha dadmamaq üçün ağlını başına toplamalıdır”, - deyə Aydın Mirzəzadə vurğulayıb. (Azərtac)

banner

Oxşar Xəbərlər