“Siz bizim üçün nümunəsiniz”
Bakıda səfərdə olan Gürcüstanın Baş naziri İrakli Kobaxidze Prezident İlham Əliyevə təşəkkür edib: “Siz regionda fərqli bir Lidersiniz və bizim üçün də nümunəsiniz. Siz ölkənizə dövlətinizin mənafelərini qorumaqla rəhbərlik edirsiniz”.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycana səfər edib. Baş nazir səfər çərçivəsində Prezident İlham Əliyev tərəfindən də qəbul edilib. Təkbətək görüşdən sonra tərəflər mətbuata birgə bəyanatla çıxış ediblər.
Son on ayda üçüncü səfər
Prezident İlham Əliyev bildirib ki, bu, Gürcüstan baş nazirinin son on ayda ölkəmizə üçüncü səfəridir: “Bu fakt özlüyündə Gürcüstan-Azərbaycan əlaqələrinin nə qədər dərin və mənalı olduğunu göstərir.
Bu səfərin xüsusi əhəmiyyəti var. Çünki Gürcüstanda keçirilmiş parlament seçkilərindən sonra bu, Sizin ilk xarici səfərinizdir. Fürsətdən istifadə edərək, təmsil etdiyiniz “Gürcü Arzusu” Partiyasının seçkilərdəki qələbəsi münasibətilə Sizi bir daha səmimiyyətlə təbrik edirəm və Sizə, bütün komandanıza yeni uğurlar arzulayıram. Parlament seçkilərindən sonra ilk səfərinizi Azərbaycana həyata keçirməyiniz, təbii ki, Gürcüstan-Azərbaycan əlaqələrinin nə qədər yüksək səviyyədə olmasından xəbər verir”.
Qonşular üçün nümunəvi münasibətlər
Dövlət başçısı bildirib ki, bu gün Gürcüstan-Azərbaycan əlaqələri bütün istiqamətlər üzrə uğurla inkişaf edir: “Hesab edirəm ki, bizim siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər. İqtisadi sahədə yaxşı nəticələr var. Azərbaycan Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayə qoyub”. Prezident İlham Əliyevin sözlərinə görə, energetika sahəsində iki ölkə arasındakı əməkdaşlıq həm ölkələrimiz üçün, həm daha böyük, geniş coğrafiya üçün xüsusi əhəmiyyət daşıyır: “Birgə həyata keçirdiyimiz neft-qaz layihələri bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin əsasını təşkil edir. Təkcə onu demək kifayətdir ki, Gürcüstan tranziti vasitəsilə Azərbaycan hazırda 11 ölkəyə öz təbii qazını ixrac edir, ildən-ilə ixrac artır. Keçən il bu, 25 milyard kubmetrə çatmışdır və bunun 10 faizi - ümumi ixracımızın 10 faizi Gürcüstanın payına düşür. Mənə verilən məlumata görə, Gürcüstanın istehlak etdiyi təbii qazın 80 faizdən çoxu Azərbaycan mənşəlidir. Yəni, bu, doğrudan da çox böyük, xüsusi əhəmiyyətə malik olan layihədir və getdikcə bizim qaz ixrac coğrafiyamız genişlənəcək”.
Yaşıl enerji və Orta Dəhliz
Yaşıl enerji layihəsindən də danışan Prezident deyib ki, layihə uğurla icra edilir. Bütün digər layihələr kimi, bu layihənin də uğurla başa çatması şansı böyükdür. “Sizinlə təkbətək söhbət əsnasında bağlantıları və Orta Dəhliz layihəsini müzakirə etdik. Bizim ölkələrimiz burada da yaxın tərəfdaşlar kimi fəaliyyət göstərirlər. Bizim müvafiq qurumlarımızın koordinasiya şəklindəki fəaliyyəti bu layihəni də əminəm ki, uğurla başa çatdıracaq. Burada, əlbəttə ki, biz bir çox qonşularla təmasda olmalıyıq və bu təmaslar var. Bu da böyük coğrafiyanı əhatə edən layihədir və yenə də Gürcüstanla Azərbaycan burada Avropa ilə Asiya arasındakı körpü rolunu uğurla oynayır”, - Prezident İlham Əliyev bildirib.
Dövlət başçısı qonşu ölkədə keçirilən parlament seçkilərinin nəticələrinə də münasibət bildirib: “Sizin partiyanızın qələbəsi bütövlükdə Cənubi Qafqazın bundan sonra sabit region olması üçün xüsusi əhəmiyyət daşıyır və biz bu qələbəyə Sizin dostunuz, qardaşınız kimi sevinirik”.
Strateji və milli maraqlara hörmət
Gürcüstanın Baş naziri İrakli Kobaxidze isə Prezident İlham Əliyevə təşəkkür edib: “Siz regionda fərqli bir Lidersiniz və bizim üçün də nümunəsiniz. Siz ölkənizə dövlətinizin mənafelərini qorumaqla rəhbərlik edirsiniz. Bu gün burada olmaq məndə böyük şərəf və məmnunluq doğurur”.
Baş nazir bildirib ki, dostluğumuzun, qardaşlığımızın tarixi ənənələri var və bu qardaşlıq məhz strateji tərəfdaşlığın təməli üzərində dayanır: “Mən əminəm ki, bu tərəfdaşlıq gələcəkdə də eyni ruhda inkişaf edəcəkdir. Vacib məqam odur ki, biz hər birimizin strateji və milli maraqlarına hörmətlə yanaşırıq. Biz ölkələrimizin ərazi bütövlüyünü və suverenliyini qəti şəkildə dəstəkləyirik. Cənab Prezident, bu dəstəyə görə şəxsən Sizə və Azərbaycana təşəkkür edirəm”.
Baş nazir deyib ki, Cənubi Qafqazda sülh, sabitlik və təhlükəsizlik müstəsna əhəmiyyətə malikdir: “Bir daha Sizi əmin etmək istəyirəm ki, biz bu sabitliyi təmin etmək üçün maksimum səy göstərməyə hazırıq”.
Yeni səfirlik binası inşa olunacaq
Qeyd edək ki, yanvarın 17-də Bakıda Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun və Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin sədrliyi ilə iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 10-cu iclası keçirilib. Vurğulanıb ki, ötən dövr ərzində Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı keyfiyyətcə yeni mərhələyə yüksəlib. İki ölkə arasında fəal siyasi dialoq təqdir edilib, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəkdən məmnunluq ifadə olunub. Ərazi bütövlüyü məsələsində qarşılıqlı dəstək xüsusi vurğulanıb. Azərbaycan ilə Gürcüstanın birgə həyata keçirdiyi meqalayihələr uğurlu regional əməkdaşlıq nümunəsi kimi dəyərləndirilib. İclasın yekununda Baş nazirlər Əli Əsədov və İrakli Kobaxidze Azərbaycan ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 10-cu iclasının Protokolunu imzalayıblar.
Azərbaycanın və Gürcüstanın baş nazirləri Əli Əsədov və İrakli Kobaxidze Gürcüstanın Bakıda səfirliyinin yeni binasının tikintisi üçün ayrılmış torpaq sahəsinə də baxış keçiriblər.
Torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin göstərişinə uyğun olaraq Nazirlər Kabinetinin 2023-cü il tarixli Sərəncamı ilə ayrılıb. Torpaq sahəsi Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti ilə Bəşir Səfəroğlu küçəsinin kəsişməsində yerləşir.