• çərşənbə axşamı, 25 fevral, 20:09
  • Baku Bakı 4°C

Sevgi və böyük diqqət nümayişi 

25.02.25 14:31 0
Sevgi və böyük diqqət nümayişi 

Prezident İlham Əliyevin işğaldan azad edilən rayonlara səfərləri tək yeni yaşayış kompleksləri, infrastruktur, sosial obyektlərin açılışı ilə çərçivələnmir. Dövlət başçısı həm də vaxtilə izləri silinməyə çalışılan tarixi irsimizi yenidən bərpa edir.

Prezident İlham Əliyev növbəti dəfə Ağdam, Xankəndi və Xocalıya səfər edib. Dövlət başçısı işğaldan azad edilmiş ərazilərin bərpası, infrastruktur layihələri ilə yerində tanış olub, müvafiq tapşırıqlarını verib. Bu səfər də özünün zənginliyi, verilən bəyanatlar və doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlərlə keçirilən görüşlərdəki səmimi anlarla yadda qalıb.

“Yüzlərlə kənd artıq öz sahiblərini gözləyir”

Antiterror tədbirləri nəticəsində azad olunmuş Ballıca kəndinə ən qısa müddətdə qayıdışın təmin edilməsi, burada yaradılan şərait xüsusi vurğulanmalıdır. Bu gün Müzəffər Ali Baş Komandan vaxtilə məcburi köçkün kimi görüşdüyü sakinlərin Ballıcadakı evlərində qonaq olur, onlarla bir süfrə arxasında səmimi söhbət edib, arzu və diləklərini dinləyir. Dövlət başçısı Azərbaycanı qələbəyə aparan uzun yola qısa ekskurs edərək bu illər ərzində ölkəmizin, xalqımızın işğalla heç bir halda barışmadığını, lazımi anı və məqamı gözlədiyini xatırladır. Bu məsələdə Xocalının xüsusi bir yeri olduğunu bildirir. “İndi İkinci Qarabağ müharibəsindən dörd il keçibdir, baxın nə qədər böyük işlər görüldü, hər yerdə, təkcə Xocalı rayonunda yox. Halbuki Xocalı şəhərini bərpa etmək bizim ən başlıca borcumuz idi. Çünki müharibədən və işğaldan, Birinci Qarabağ müharibəsinin çətin vəziyyətindən əziyyət çəkən ən çox elə xocalılılar olmuşdur, onlara qarşı soyqırımı törədilmişdi. Ona görə Xocalını azad etmək hər zaman gündəlikdə duran məsələ idi. İkinci Qarabağ müharibəsi 2020-ci il noyabrın 10-da dayanandan sonra yenə də bütün köçkünlər bilirdilər ki, Xocalı azad olunmayana qədər biz işimizi bitmiş hesab etməyəcəyik. Nəinki Xocalı, Xankəndi də, Ağdərə, Xocavənd və Əsgəran rayonları da işğalçılardan tam azad edildi. Yüzlərlə kənd artıq öz sahiblərini gözləyir”, - dövlət başçısı Ballıca sakinləri ilə görüşdə deyib. 

Ən kiçik məqamlar belə diqqətdə saxlanılır

Prezident sakinlərlə görüşdə ən kiçik məqamları belə diqqətində saxlayır. Onun Ballıca sakinlərinin ev təsərrüfatlarını inkişaf etdirmək üçün ayrıca örüş yerlərinin ayrılması, sosial-iqtisadi rifah halının yaxşılaşdırılması ilə bağlı tapşırıqları dərhal yerinə yetirilir. Doğma yurdlarına qayıdan sakinlərin daimi iş yerləri ilə təmin olunması istiqamətində addımlar atılır. Elə Xankəndidə yeni istifadəyə verilən tikiş fabriki kimi. “Bu gün mən tikiş fabrikinin fəaliyyəti ilə tanış oldum. Artıq 200-dən çox işçi var. Özü də əksəriyyəti, demək olar ki, mütləq əksəriyyəti qadınlardır. Qadınlar üçün də iş yerləri yaradılıb”, - Prezident bildirir. Bu, əslində işğaldan azad olunmuş ərazilərdə məşğulluğun təminin kiçik bir nümunəsidir. 

Xankəndidə Zəfər parkı

Vaxtilə separatizm yuvası olmuş, Vətən müharibəsində tarixi zəfərə imza atan Prezident İlham Əliyevin siyasi iradəsi, qətiyyəti sayəsində azad edilmiş Xankəndidə Zəfər parkının təməlqoyma mərasimi Azərbaycan vətəndaşlarında ayrı bir duyğu, qürur hissi yaradır. Xankəndi şəhərində Zəfər parkının salınması məqsədilə 12,9 hektar ərazidə söküntü işlərinin aparılması nəzərdə tutulub. Ölkəmizdə yaradılan Zəfər parkları xalqımızın Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın, qazandığı möhtəşəm tarixi Qələbənin, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasının rəmzidir.

İndi Xankəndidə Qarabağ Universiteti fəaliyyət göstərir, burada mindən artıq tələbə təhsil alır. Bu gənclərin vətənpərvər, milli ruhda ölkəsinə layiqli vətəndaş olaraq yetişdirilməsində Xankəndindəki Zəfər parkının da mənəvi əhəmiyyəti olduqca böyükdür.    

Prezident tariximizi də özümüzə qaytarır

İşğal zamanı tamamilə yer üzündən silinən, yalnız xarabalıqları qalan Ağdam şəhəri də hazırda yenidən qurulur. Dövlət başçısı hər fürsətdə görülən işlər barədə Azərbaycan xalqını məlumatlandırır, bərpa-quruculuq prosesinin şəxsən onun nəzarəti altında, ən yüksək səviyyədə həyata keçirildiyini əyani şəkildə göstərir. “Dünən mən Ağdam rayonunda idim. Ağdam şəhəri sıfırdan inşa edilir və gözəl şəhər olacaq”, - Azərbaycan Prezidenti deyir. “Ağdam Residence” yaşayış kompleksi, Ağdam şəhərində 1268 mənzilli 2-ci yaşayış kompleksində aparılan tikinti işləri ilə tanışlıq ən qısa zamanda ağdamlıların da öz doğma yurdlarına layiqli şəkildə qayıdışının təmin olunacağının xəbərçisidir. Dövlət başçısının işğaldan azad edilən rayonlara səfərləri tək yeni yaşayış kompleksləri, infrastruktur, sosial obyektlərin açılışı ilə çərçivələnmir. Prezident İlham Əliyev həm də Azərbaycan tarixini onun özünə qaytarır. Vaxtilə izləri silinməyə çalışılan tarixi irsimizi yenidən bərpa edir. Bu baxımdan Əsgəran qala-kompleksinin konsepsiya layihəsi xüsusilə qeyd olunmalıdır.  

Dövlətimizin qüdrətinin göstəricisi

Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bütün bu işləri Azərbaycan dövləti yalnız öz gücünə, öz imkanları hesabına həyata keçirir. Bu, əslində dövlətimizin qüdrətinin, iqtisadi inkişafının, müstəqilliyinin göstəricisidir. Bu, Azərbaycan xalqının öz Liderinə olan dərin sevgisinin, etimadının, inamının təzahürüdür.

Bu, Ballıcada, Şuşada, Laçında, Kəlbəcərdə sadə vətəndaşlarla onların evində oturaraq səmimi söhbət edən, Vətən müharibəsindəki tarixi qələbəmizdən sonra yalnız bu ərazilərdə hazırlanan baldan yediyini açıq ürəklə etiraf edən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətinin, siyasi iradəsinin, uzaqgörənliyinin bəhrəsidir.  

Azad Əliyev 

banner

Oxşar Xəbərlər