• cümə axşamı, 20 mart, 18:00
  • Baku Bakı 7°C

Sərsəngdən Umudluya yeni yol

20.03.25 05:02 131
Sərsəngdən Umudluya yeni yol

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdərə rayonuna səfər ediblər. Səfər çərçivəsində Həsənriz kəndində sakinlərlə görüşüb, fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olublar.

İşğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri, məskunlaşdırma prosesi sürətlə davam edir. Novruz bayramı ərəfəsində doğma yurdlarına qayıtmağın sevincini bu dəfə Ağdərə rayon sakinləri yaşadılar. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Ağdərə rayonuna səfəri, sakinlərlə görüşü bu anları onlar üçün daha da unudulmaz edib. 

İlk hərbi qələbələrimizdən biri

Səfər çərçivəsində Ağdərə rayonunun Suqovuşan kəndində inşa olunan yaşayış kompleksinin istifadəyə verilməsi mərasimi keçirilib, yeni mənzillərə köçən sakinlərə evlərin açarları təqdim olunub. Kəndə köçlə bağlı ümumilikdə 180 ailə (591 nəfər) siyahıya alınıb. 2,3 hektar sahədə yaradılan kompleks beşmərtəbəli olmaqla beş yaşayış binasından ibarətdir. Bu binalarda ümumilikdə bir, iki, üç və dördotaqlı 190 mənzil var.

Kənddə yararsız vəziyyətdə olan 144 şagird yerlik tam orta məktəbin binasında da əsaslı təmir işləri aparılıb. Bundan əlavə, ümumi gücü 7,8 meqavat olan “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik stansiyaları yenidənqurmadan sonra istifadəyə verilib. 

Dövlət başçısı sakinlərlə görüşü zamanı bildirib ki, burada yaşamaq üçün bütün şərait var: “Bu kənd İkinci Qarabağ müharibəsinin ilk həftəsində işğalçılardan azad edilmişdir. Bu, bizim birinci əhəmiyyətli uğurlarımızdan, hərbi qələbələrimizdən biri idi. Bildiyiniz kimi, 44 gün ərzində bizim Ordumuz, bütün Silahlı Qüvvələrimiz ancaq irəliyə gedirdi və hər bir kəndin, hər bir qəsəbənin azad olunması Ordumuza, bütün xalqımıza əlavə ruh verirdi. Özü də böyük yaşayış məntəqəsinin işğalçılardan azad edilməsi xüsusi əhəmiyyətə malik idi. Suqovuşan kəndi birinci kənd idi ki, işğalçılardan azad edildi”. 

“Suqovuşanın çox böyük strateji əhəmiyyəti var”

Dövlət başçısı qeyd edib ki, bu kəndin əhəmiyyəti təkcə bununla məhdudlaşmır: “Çünki bildiyiniz kimi, bunun çox böyük strateji əhəmiyyəti var. Bax, bu kəndin ətrafında və su anbarının ətrafında yerləşən bütün mövqelərdə qanunsuz silahlı birləşmələr, Ermənistan ordusunun şəxsi heyəti yerləşmişdi. Hərbi nöqteyi-nəzərdən bu kəndi işğalçılardan azad etmək həm böyük qəhrəmanlıq tələb edirdi, həm də fədakarlıq tələb edirdi. Bizim hərbçilərimiz də öz canlarından keçərək, özlərini güllələrin qabağına verərək, bu şərəfli missiyanı yerinə yetirdilər. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

Suqovuşanda məscid də istifadəyə verilib 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Suqovuşan kəndində məscidin açılışında da iştirak ediblər.

Eyni vaxtda 100-ə yaxın insanın ibadət edə biləcəyi məscidin birinci mərtəbəsi kişilər, ikinci mərtəbəsi isə qadınlar üçün nəzərdə tutulub. Məscidin həyəti də yaşıllaşdırılıb. İbadət ocağının daxilində xüsusi bəzək elementlərindən istifadə olunub.

Xatırladaq ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2022-ci ilin martında bu ibadət ocağının təməlqoyma mərasimində iştirak ediblər.

Bu məsciddə yaradılan şərait bir daha təsdiqləyir ki, milli-mənəvi dəyərlərimizin qorunması və inkişaf etdirilməsi Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Dövlətimizin başçısının təşəbbüsünə və tapşırıqlarına əsasən, paytaxtda və ölkəmizin bölgələrində onlarla məscid, dini məbəd, tarixi abidə və ziyarətgah inşa edilib və ya əsaslı şəkildə bərpa edilib.

Qeyd edək ki, işğal zamanı məscidlərimiz də vəhşiliklə dağıdılıb, 67 məsciddən 65-i məhv edilib. İşğaldan azad olunmuş ərazilərimizdə hazırda aparılan geniş quruculuq işləri çərçivəsində yeni məscidlərin inşası da mühüm yer tutur. Suqovuşan kəndindəki məscidin tikintisi, eyni zamanda, ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması ilə bağlı görülən işlərin ardıcıl xarakter aldığını göstərir.

Həsənrizdə Novruz tonqalı

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdərənin Həsənriz kəndində sakinlərlə birlikdə Novruz tonqalını alovlandırıblar, fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olublar.

Dövlət başçısı bildirib ki, burada da evlər bərpa edilib, yeni evlər də tikiləcək. İndi, birinci mərhələdə 163 ailə yerləşəcək.

İlham Əliyev buraya köç edəcək insanların məşğulluq məsələsi ilə bağlı görülən işlərlə də maraqlanıb. Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov bildirib ki, Həsənriz böyük kənd olduğuna görə burada 13 təsərrüfat subyekti ilə, obyektlərlə bağlı müraciətlər olub. Dövlət başçısı qeyd edib ki, sakinlərə əkin sahələri də verilməlidir.

Qeyd edək ki, Prezident İlham Əliyevin Ağdərə rayonuna səfəri çərçivəsində Sərsəng su anbarından Ağdərə rayonunun Umudlu kəndinə gedən avtomobil yolunun yenidənqurmadan sonra açılışı da reallaşıb. 

Prezident İlham Əliyevin ötən il imzaladığı Sərəncama uyğun olaraq, Sərsəng su anbarından Ağdərə rayonunun Umudlu kəndinə gedən avtomobil yolunun yenidən qurulması işləri yüksək səviyyədə həyata keçirilib.

Dördüncü texniki dərəcəli avtomobil yolunun uzunluğu 9,4 kilometr, hərəkət zolaqlarının eni isə 6 metrdir. Yolda nəqliyyatın rahat və təhlükəsiz hərəkəti üçün zəruri işlər görülüb.

Azərbaycanın dövlət siyasətində yol infrastrukturunun yaxşılaşdırılması prioritet istiqamətlərdəndir. Dövlətimizin başçısının tapşırıq və göstərişlərinə əsasən, yol təsərrüfatının bərpası, yenidən qurulması və müasir standartlara uyğunlaşdırılması istiqamətində işlər işğaldan azad olunmuş ərazilərdə də sürətlə davam etdirilir. Bu ərazilərdə icra olunan yol layihələri yenidən öz doğma torpaqlarına qayıdan əhalinin həyat şəraitinin yaxşılaşdırılması, iqtisadi əlaqələrin gücləndirilməsi və təhlükəsiz nəqliyyat şəbəkəsinin təmin edilməsi baxımından da önəm daşıyır.

 

banner

Oxşar Xəbərlər