• şənbə, 22 Avqust, 05:36
  • Baku Bakı 26°C

Şərəfli missiyanın müasir davamçısı

22.08.26 04:00 23
Şərəfli missiyanın müasir davamçısı

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, Birinci xanım Mehriban Əliyeva ölkəmizin sosial-iqtisadi, siyasi və mədəni həyatında bir çox uğurlara imza atıb. O, Prezident İlham Əliyevin ən yaxın silahdaşıdır.

Bəşər sivilizasiyasına böyük töhfələr vermiş Azərbaycan xalqı milli mentalitetində qadına, qadınlığa yüksək münasibətilə fərqlənib. Zəngin tarixi irsimizdə qadınlar müdriklik və qəhrəmanlıq mücəssəməsi kimi hörmətlə xatırlanıblar. Tarix boyu qadınlarımızın funksiyası sadəcə sədaqətli ömür-gün yoldaşı, fədakar ailə başçısı, qayğıkeş ana, gələcək nəsillərin tərbiyəçisi olmaqla yekunlaşmayıb. Zərif cinsin nümayəndələri tarixin müxtəlif dövrlərində kişilərlə çiyin-çiyinə öz xalqına və dövlətinə xidmət edib, həyatın bir çox sahələrində təmsil olunub, uğurlu fəaliyyətləri ilə diqqət çəkiblər. Hökmdar və sərkərdə Tomris, diplomat Sara Xatun, şairə Məhsəti Gəncəvi, xeyriyyəçi Xurşidbanu Natəvan, Şərqin ilk qadın təyyarəçisi Leyla Məmmədbəyova, akademik Zərifə Əliyeva və başqaları cəsarəti, müdrikliyi, istedadı ilə seçilən görkəmli qadın şəxsiyyətlərdir. Onlar Azərbaycanda qadın hərəkatının formalaşması və inkişafı, nəticə etibarilə təmsil olunduqları cəmiyyətin, dövlətin tərəqqisi yolunda xüsusi missiya həyata keçiriblər.

Prezident İlham Əliyevin ən yaxın silahdaşı

Müasir dövrümüzdə bu missiya Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Birinci xanım Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir. Hərtərəfli fəaliyyəti ilə müstəqil dövlətimizin yorulmaz cəfakeşinə çevrilən Mehriban Əliyeva ölkəmizin sosial-iqtisadi, siyasi və mədəni həyatında bir çox uğurlara imza atıb. O, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin ən yaxın silahdaşı kimi işğaldan azad olunan torpaqlara çoxsaylı səfərlər edib, Qarabağ və ətraf rayonların yaşayış məntəqələrinin bərpasında, keçmiş məcburi köçkünlərin ata-baba yurdlarına qovuşmasında mühüm rol oynayıb. 

Dağıdılan tarixi-memarlıq abidələrimizin bərpası

Qarabağ və Şərqi Zəngəzura səfərlər çərçivəsində vandalizmə məruz qalan tarixi-memarlıq abidələrimizin bərpasına da böyük önəm verilib. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən təkcə Şuşada Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, Bülbülün və Üzeyir Hacıbəylinin Şuşa şəhərindəki ev-muzeyləri, Mehmandarovların malikanə kompleksi, Şuşa Yaradıcılıq Mərkəzi, Şirin su hamamı, Milli Xalça Muzeyinin Şuşa filialı, həmçinin Pənahəli xan küçəsindəki bir sıra binalar yüksək səviyyədə bərpa olunub.

Dini dəyərlərə hörmət

Mehriban Əliyeva dini-ibadətgah evlərinin bərpasını da diqqət mərkəzində saxlayıb. Heydər Əliyev Fondu tərəfindən Şuşada Saatlı, Mamayı, Çöl Qala, Aşağı və Yuxarı Gövhər Ağa məscidləri, Ağdamda Cümə məscidi tarixi simasını qorumaqla bərpa olunub, Zəngilanda yeni məscid kompleksi inşa edilib. Qeyd etmək yerinə düşər ki, bu işlər sadəcə Qarabağ və Şərqi Zəngəzuru əhatə etmir. Təkcə son altı ildə paytaxt Bakıda, Gəncə şəhərində, eləcə də İsmayıllı, Şamaxı, Quba və sair rayonlarda uşaq incəsənət məktəbləri və tam orta məktəblər, xarici dillər təmayüllü gimnaziya, uşaq bağçaları üçün yeni binalar tikilib, müasir yaradıcılıq mərkəzləri, tədris və xidmət kompleksi, səhiyyə obyektləri istifadəyə verilib. 

Bundan başqa, Lahıcdakı Bədöyün məscidində, Şamaxıdakı Pirsaat Baba ziyarətgah-məscid kompleksində, Əhmədli qəsəbəsindəki 120 yaşlı məsciddə əsaslı təmir-bərpa işləri görülüb. Birinci vitse-prezidentin tarixi-memarlıq abidələrimizin təmir-bərpasına xüsusi diqqətlə yanaşmasına son nümunə kimi, Naxçıvan Muxtar Respublikasına dövlət başçısı ilə birlikdə səfəri çərçivəsində “Əcəmi seyrangahı” istirahət kompleksində memar Əcəmi Naxçıvaninin abidəsinin açılışında iştirak etməsini, Möminə xatun türbəsində aparılan bərpa və konservasiya işləri ilə tanış olmasını göstərmək olar. Bu, bir daha sübut edir ki, Mehriban xanım Əliyeva ölkəmizin hər bir regionuna, oranın tarixinə, insanlarına, maddi-mədəni irsinə həssaslıqla yanaşır. Bölgələrə səfərləri çərçivəsində keçmiş məcburi köçkünlərlə, şəhid ailəsi üzvləri və qazilərlə şəxsən görüşür, onların evində qonaq olur və fikirlərini dinləyir, ölkə vətəndaşlarının sosial problemlərinin həllinə, rifah halının daha da yaxşılaşmasına dəstək olur.

Rəqəmsal İnkişaf Şurasının fəaliyyəti

Onu da qeyd etmək yerinə düşər ki, rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində fəaliyyətin təkmilləşdirilməsi müasir dövrümüzün tələbidir. Məhz bu tələbdən irəli gələrək, Prezident İlham Əliyevin cari ilin fevral ayında imzaladığı sərəncamlarla Rəqəmsal İnkişaf Şurası yaradılıb, Mehriban xanım Əliyeva Şuranın sədri təyin olunub, rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı təsdiqlənib. İyunun 29-da Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib. İclasda çıxış edən Birinci vitse-prezident vurğulayıb ki, Şuranın əsas vəzifəsi müxtəlif dövlət qurumlarının fəaliyyətini əlaqələndirməkdən, vahid yanaşma formalaşdırmaqdan və qəbul edilən qərarların vaxtında və səmərəli həyata keçirilməsinin icra olunmasını təmin etməkdən ibarətdir. 

Demokratik, hüquqi, sivil, dünyəvi dövlət quruculuğunda fəal iştirak edən, Azərbaycan dövlətçiliyinin güclənməsinə töhfə verən, bir çox uğurlu yerli və beynəlxalq layihələrə imza atan Mehriban xanım Əliyevanın sədrlik etdiyi Şura qarşıya qoyulan bu vəzifələrin də öhdəsindən gələcəkdir. 

Ərturan İSMAYIL

banner

Oxşar Xəbərlər