• şənbə, 18 Yanvar, 12:03
  • Baku Bakı 9°C

Şəhidlərimizi ehtiramla anırıq...

18.01.25 05:39 95
Şəhidlərimizi ehtiramla anırıq...

Bu gün 20 Yanvar şəhidləri müqəddəs and yerimiz olan Şəhidlər Xiyabanından arzuladıqları Azərbaycana qürurla baxırlar. Çünki bu zirvəyə, möhtəşəm qələbəyə, bütöv Azərbaycana aparan mübarizlik yolunun başlanğıcını məhz onlar qoydular.

Azərbaycan xalqının azadlıq uğrunda mübarizliyini, qətiyyətini dünyaya tanıdan qanlı 20 Yanvar faciəsinin üzərindən 35 il keçir. Hər il “qara yanvar” adlandırdığımız bu gündə böyükdən kiçiyə milyonlarla Azərbaycan vətəndaşı Şəhidlər Xiyabanına axın edərək azadlıq mübarizəmizin ölməz qəhrəmanlarına ehtiramını bildirir. 

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin birbaşa əmri ilə keçmiş sovet ordusunun hərbi bölmələri ağır texnikalarla Bakıya daxil olaraq azadlıq mübarizəsi uğrunda ayağa qalxan əliyalın Azərbaycan xalqına qarşı misli görünməmiş qətliam törədib. Bu bəşəri cinayət, dəhşətli terror aktı nəticəsində 147 Azərbaycan vətəndaşı şəhid olub, 638 nəfər yaralanıb və xəsarət alıb, 841 nəfər qanunsuz olaraq həbs edilib. 

Sovet blokadasını dağıdan çıxış 

Bu faciəni dünyadan gizlətmək və başqa don geyindirmək məqsədi ilə SSRİ rəhbərliyinin tətbiq etdiyi misli görünməmiş informasiya blokadasının yarılması, Azərbaycan xalqının başına açılan bu müsibətin beynəlxalq aləmə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin böyük xidmətləri var. 20 Yanvar hadisələrindən dərhal sonra Ulu Öndər oğlu İlham Əliyevlə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək keçirdiyi mətbuat konfransında bu vəhşiliyi kəskin şəkildə pisləyib, əliyalın xalqa qarşı törədilən terroru hüquqa, demokratiyaya, insanlığa qarşı zidd aksiya adlandırıb. Məhz Heydər Əliyevin SSRİ-nin repressiya aparatına meydan oxuyaraq 20 Yanvar həqiqətlərini Moskvadan dünyaya bəyan etməsi faciə ilə bağlı Azərbaycan üzərindən qanlı oyunlar qurmaq istəyənlərin planlarını alt-üst edib. 

Bu hadisələrə siyasi-hüquqi qiymətin verilməsi də Ulu Öndərin adı ilə bağlıdır. Ümummilli Lider Heydər Əliyev Azərbaycanın ən çətin anında xalqın arzusu və tələbi ilə ikinci dəfə ölkə rəhbərliyinə qayıtdıqdan sonra 1994-cü il yanvar ayının 5-də 20 Yanvar faciəsinin dördüncü ildönümünün keçirilməsi ilə bağlı Fərman imzalayıb. Fərmanda Milli Məclisə faciəyə tam siyasi-hüquqi qiymət verməsi tövsiyə olunurdu. 1994-cü il mart ayının 29-da Heydər Əliyevin gərgin əməyinin nəticəsi olaraq “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” adlı xüsusi qərar qəbul edilib. Bununla da Azərbaycan xalqının məruz qaldığı dəhşətli faciəyə - 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilmiş oldu.

Müstəqillik yolunun ilk məşəli

20 Yanvar Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi olmaqla yanaşı, müstəqillik uğrunda mübarizə yolunda məşəl rolunu da oynadı. Bu hadisələrdən sonra Azərbaycanda xalq hərəkatının mahiyyəti kəskin şəkildə dəyişməyə başladı. Bir tərəfdən sovet hakimiyyətinin amansızlığı, digər tərəfdən isə Qarabağda erməni terrorunun baş qaldırması, ərazilərimizdə separatizm ocaqlarının yaranması xalqımızı müstəqillik əzmindən döndərə bilmədi. 

Artıq bu arzu gerçəkləşib

Bu gün Azərbaycan xalqı 20 Yanvar şəhidlərini ardıcıl beş ildir ki, qalib dövlətin vətəndaşları olaraq yad edir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz 20 Yanvar faciəsinə rəvac verən, bəlkə də bu hadisələrin əsas səbəbi olan “böyük Ermənistan” faşizm ideologiyasına sarsıdıcı zərbə endirdi. Dövlətimizin ərazi bütövlüyü, suverenliyi tam bərpa olundu. Xankəndidə, Şuşada, Kəlbəcərdə, Xocalıda Azərbaycan bayrağı dalğanlandırıldı. Bütöv, müstəqil və azad, güclü Azərbaycan 1990-cı il 20 yanvarda sovet tanklarının qarşısına əliyalın çıxaraq qəhrəmanlıq dastanı yazan şəhidlərimizin son və ən böyük arzusu idi. Artıq bu arzu gerçəkləşib. Yenə də minlərlə şəhidlərimizin, qazilərimizin qanı-canı bahasına. Bu gün Azərbaycan öz şəhidlərini qürurla, başı dik, alnı açıq bir şəkildə ehtiramla anır.  

Onlar Azərbaycana qürurla baxırlar

20 Yanvar şəhidlərinin övladları, sevdikləri bu gün sabit, inkişaf edən, ictimai-siyasi həmrəyliyin hökm sürdüyü güclü Azərbaycanda yaşayırlar. Bu gün 20 Yanvar şəhidləri müqəddəs and yerimiz olan Şəhidlər Xiyabanından arzuladıqları, xəyalları olan Azərbaycana qürurla baxırlar. Çünki bu zirvəyə, möhtəşəm qələbəyə, bütöv Azərbaycana aparan mübarizlik yolunun başlanğıcını məhz onlar qoydular. İşğala son qoyan, sərhədlərimizi bütövləşdirən Silahlı Qüvvələrimizdə xidmət edən vətənpərvər gənclik məhz onların qəhrəmanlıq dastanları ilə yetişdi. 30 illik işğal dövründə hər bir vasitə ilə möhkəmləndirilmiş, “keçilməz sədd” adlandırılan maneələri dəf etmək üçün daim irəliyə gedən Azərbaycan əsgərinin ölümə meydan oxumaq qüdrətinin mayasında da 20 Yanvar şəhidlərinin cəsarəti, qorxmazlığı, mətinliyi dayanırdı. 
Həmin hadisələrdən 35 ilə yaxın bir müddət keçsə də, 20 Yanvar faciəsi unudulmur və unudulmayacaq. Çünki bir millətin qan yaddaşı silinməz, pozulmaz qələmlə yazılır. Azərbaycan xalqının qan yaddaşında əbədiyyətə qədər özünə yer edən 20 Yanvar faciəsi dövlət müstəqilliyimizin hansı çətinliklərlə, hansı qurbanlarla əldə edildiyinin bir örnəyidir. 

Azad Əliyev

banner

Oxşar Xəbərlər