• çərşənbə axşamı, 10 dekabr, 14:45
  • Baku Bakı 7°C

Sağlam əməkdaşlığa söykənən əlaqələr - ŞƏRH  

27.05.23 00:30 1284
Sağlam əməkdaşlığa söykənən əlaqələr - ŞƏRH  

Azərbaycan Qərb və onun hərbi gücü NATO üçün əhəmiyyətlidir. Ancaq rəsmi Bakı təhlükəsizlik qayğıları və regionda Rusiya ilə həmsərhəd olmasından dolayı rəsmi Moskva ilə əməkdaşlığın ruhunu da zədələməkdən qaçır.

ABŞ Prezidenti Co Bayden 28 May - Müstəqillik Günü münasibətilə azərbaycanlı həmkarı İlham Əliyevi təbrik edib.

Təbrik məktubunda Azərbaycanla ABŞ arasındakı əməkdaşlıq Rusiya-Ukrayna müharibəsi fonunda qiymətləndirilib və Bakı-Vaşinqton əlaqələrinin təhlükəsizlik sahəsindəki perspektivinə işarələr verilib.

“Qarşıdan gələn ildə təhlükəsizlik və iqtisadi əməkdaşlığımızın dərinləşdirilməsi də daxil olmaqla, tərəfdaşlığımızı daha da gücləndirməyi həvəslə gözləyirəm”, - deyə Bayden bildirib.

Bu, NATO və onun lideri ABŞ-nin rəsmi Bakı ilə münasibətlərinin xarakterini fərqli şəkildə səciyyələndirməyə imkan verir. Bunu internet resurslarında çıxan məlumatlarda da sezmək olur. Azərbaycan-NATO əməkdaşlığının kökləri daha sağlam və dərindir.

Həmin dərinliklərdə “üzmək” üçün Azərbaycanın iki mühüm sənədində əks olunan müddəalara nəzər salmaq lazımdır.

Bunlar çox mühüm və Azərbaycanın NATO ilə münasibətlərinin rəngini açan xarakterə malikdir. Söhbət Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyasından və Hərbi Doktrinasından gedir.

Belə ki, Konsepsiya dövlətin müstəqilliyini, ərazi bütövlüyünü və demokratik inkişaf yolunu, strateji seçimi kimi Avroatlantik məkana inteqrasiyasını, bununla yanaşı tarazlaşdırılmış xarici siyasətin çoxşaxəliliyini vurğulayır. Azərbaycanın bu tutumu onu Avroatlantik təhlükəsizlik arxitekturasının ayrılmaz bir halqası halına gətirir.

Hərbi Doktrinada isə qeyd edilir ki, Azərbaycan yerləşdiyi regionun da daxil olduğu Avroatlantik məkanda təhlükəsizlik sisteminin yaradılması üzrə səyləri dəstəkləyir, NATO ilə qarşılıqlı maraqlar əsasında əməkdaşlığı davam etdirir.

Bunlar Azərbaycanın NATO-nun çətiri altındakı regionlarda təhlükəsizliyə öz töhfəsini verməsi ilə nəticələnir. Alyans isə rəsmi Bakının bu mövqeyini qiymətləndirir, onun milli maraqlarını dəstəkləmək məcburiyyətində qalır.

Əks tezislər mənasızdır

Bəli, sual oluna bilər ki, bəs Azərbaycan Qərb və onun hərbi gücü NATO üçün bu qədər əhəmiyyətlidirsə, onda niyə ikili mövqelərlə üzləşir? Bunun çox sadə bir açıqlaması var. Qərbin özündə ikitirəlik var, məsələn, bir qisim Azərbaycanı, Türkiyəni strateji tərəfdaş hesab etsə də, digəri özünün şəbəkəsi altında fəaliyyət göstərən şəxslərə əks tezislər ötürür və beləcə münasibətlərə neqativ fonlar verilməyə cəhdlər olur. 
Bunlar münasibətlərə o qədər də təsir etmir, mənasızdır, çünki strateji şəkilləndirmədə Azərbaycanla NATO daha da irəliyə doğru gedən əməkdaşlıq modeli qururlar. Hətta Alyans öz üzvü olan Türkiyənin Cənubi Qafqaz regionundakı hərbi-siyasi mövcudiyyətini böyük ölçüdə müsbət qiymətləndirir.

Bu dəyərləndirmə Azərbaycana olan münasibətin pozitiv axara doğru sürüşdürülməsinə səbəb olur və NATO-nun iki nəhəngi - ABŞ və Böyük Britaniyanın münasibəti də burada xüsusi rol oynayır.

Vaşinqton-London ikilisi üçün Xəzər amili    

Vaşinqton-London ikilisi üçün Xəzər dənizinin təhlükəsizliyi, Azərbaycanın quru sərhədlərinin əmin əllərdə olması vacibdir. Çünki ölkəmizin yerləşdiyi coğrafiya Şərq-Qərb geosiyasi marşrutunda mühüm əlaqələndirici teldir.

Britaniya “gizli əl”dir, ABŞ isə onun maraqlarına xidmət edən supergüc. Buna görə də Azərbaycanın rəsmi Vaşinqonla əməkdaşlıq xəttindəki hərbi cəhətlər daha aşkar şəkildə görünür.

ABŞ Azərbaycanın hərbi dəniz təhlükəsizliyi üçün imkanlarını artırır. Vaşinqton Rusiya-Ukrayna müharibəsi səbəbilə yaranan çatların regiondakı maraqlarına xələl gətirməməsi üçün dəridən-qabıqdan çıxır. ABŞ-nin mövqeyi NATO-nun Azərbaycan üçün artan maraqlarına yeni elementlər gətirir. Məsələn, indi hərbi dəniz əməliyyatlarının keçirilməsi üçün hazırlıqlarda rəsmi Bakıya dəstək verilir.

Bundan əlavə, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin, Dövlət Sərhəd Xidmətinin sualtı əməliyyatları və sahilyanı kəşfiyyatı həyata keçirmək imkanları NATO-nun dəstəyi ilə mütənasib şəkildə qurulur.

Azərbaycan təhlükəsizlik qayğıları və şimal küləkləri

Bununla belə, Azərbaycan təhlükəsizlik qayğıları və regionda Rusiya ilə həmsərhəd olmasından dolayı rəsmi Moskva ilə əməkdaşlığın ruhunu da zədələməkdən qaçır. Çünki qlobal vəziyyət mürəkkəbdir. Üstəgəl Rusiyanın regiondakı təsir imkanları tam yox olmayıb. Həm də Kremlin Bakı ilə əməkdaşlığı dərinləşdirmək planları Azərbaycanın yararınadır.

Azərbaycan iki güc – NATO və Rusiya arasında düzgün balansı saxlamağa çalışır. Regionda İranın artan təxribatları da Bakını daha incə siyasət yürütməyə təşviq edir.

Azərbaycanın düşünülmüş balansı Qərb-Rusiya qarşıdurması, buna qarışan Çin amili arasında sıxılmamaq üçündür. Hərçənd ki, Bakı milli-təhlükəsizlik maraqlarından irəli gələn mövqeyini bütün platformalarda açıq şəkildə ifadə edir.

Türkiyənin də hərbi-siyasi dəstəyi Bakı üçün əlavə stimuldur. Bu, bir yerə qədər Qərbdə narahatlıq yaratsa da, bəlli nöqtədən sonra NATO-nun maraqlarını əks etdirir.

Çünki NATO-nun regiondakı aktiv üzvü Türkiyədir. Türkiyə Alyansın Cənubi Qafqazda Rusiyanın maraqlarına qarşı tarazlayıcı gücüdür. 

NATO ilə əməkdaşlıq məqbul variantlar üzrə gedir 

Azərbaycanın Ermənistan üzərindəki qələbədən sonra NATO ilə əməkdaşlığı məqbul variantlar üzrə gedir. Perspektiv təhlükəsizlik baxımından daha yaxşı proqnozlar vəd edir. Əməkdaşlıqdakı yeni mərhələ əsas istiqamətlər üzrə bacarıqları və qarşılıqlı fəaliyyəti irəliyə doğru aparacaq.

Hesab etmək olar ki, Azərbaycan-NATO qarşılıqlı ehtiyacları gələcək missiyalar üçün bir sıra imkanlar hazırlayacaq.

Lakin Azərbaycan Qərbin “Rusiyadan uzaqlaş, mənə tərəf əyil” tezisləri ilə razı olmayacaq. Çünki praktiki balans siyasəti Azərbaycanın xarici kursunun təməlidir.

Aqşin Kərimov 

banner

Oxşar Xəbərlər