• çərşənbə, 29 May, 03:44
  • Baku Bakı 20°C

Rusiyanın öz imzasına hörmətsizliyi - ŞƏRH

25.03.23 13:45 718
Rusiyanın öz imzasına hörmətsizliyi - ŞƏRH

Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində sülhməramlıların birbaşa nəzarəti altında Xankəndi-Kosalar-Mirzələr-Turşsu yolunun çəkilməyə başlanması, habelə Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə etməklə qeyri-qanuni erməni silahlı birləşmələrinin sülhməramlıların himayəsində döyüş mövqelərinə hərbi daşımaları davam etdirməsi açıq təxribatdır və bölgədə gərginliyi artıraraq yeni hərbi qarşıdurmaya rəvac verir.

Bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov söyləyib.

Onun sözlərinə görə, Ermənistan tərəfinin Azərbaycanın Qarabağ iqtisadi rayonunda qanunsuz fəaliyyətlər həyata keçirməsi Azərbaycan Müdafiə Nazirliyinin yaydığı bəyanatda da ifadə olunduğu kimi, sülhməramlı kontingentin üzərinə düşən vəzifə borcunu yerinə yetirməməsi və üçtərəfli Bəyanatın müddəalarını kobud şəkildə pozmasıdır. Sülhməramlı komandanlığın və Rusiya Müdafiə Nazirliyinin bu davranışı təəssüf doğurur və ilk növbədə, Rusiya dövlətinin özünün imzasına hörmətsizlikdir.

“Etiraf etməliyik ki, Rusiya sülhməramlılarına Azərbaycan cəmiyyətində yanaşma birmənalı deyil. Bu cür qeyri-adekvat davranışlar isə kontingentin fəaliyyətini, ümumiyyətlə, şübhə altına alır və sülhməramlıların əsl “məramı” ilə bağlı haqlı suallar ortaya çıxır. Üstəlik nəzərə alsaq ki, sülhməramlıların bölgəyə gəlişinin hüquqi bazisi olan normativ müddəanın – 4-cü maddənin özünün legitimliyi barədə mübahisəli məqamlar var, yəni prosesin reallaşması üçün müəyyən olunan şərtlər ödənmir, bu suallara haqq qazandırmamaq da mümkün olmur.

Bildiyiniz kimi, 10 noyabr üçtərəfli Bəyanatının 4-cü maddəsində qeyd edilir ki, Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Bəyanatın imzalanmasından təqribən iki il yarım keçməsinə, yəni Rusiya Federasiyasının sülhməramlı kontingentinin səlahiyyət müddətinin təqribən yarısının başa çatmasına baxmayaraq, üçtərəfli razılaşmanın bu bəndinin şərtləri hələ də icra olunmayıb”, - deyə Bəhruz Məhərrəmov vurğulayıb.

O əlavə edib ki, bu gün Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazilərində hələ də Ermənistanın fərari ordusunun hissələri qalmaqdadır. Habelə Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdə hələ də qeyri-qanuni erməni silahlı birləşmələri mövcuddur və qeyd edilən qanunsuz fəaliyyətlərini davam etdirir, faktiki olaraq yeni təcavüzkar hərbi aktlara hazırlaşırlar.

Müşahidə olunan bu təhlükəli tendensiyanın başda sülh və sabitlik mühitinin formalaşması olmaqla bölgə üçün yaxşı heç nə vəd etmədiyini diqqətə çatdıran deputat əlavə edib: “Ermənistanın revanşist niyyəti aydındır, lakin problem daha çox əvvəldə də qeyd etdiyimiz kimi, üçtərəfli Bəyanatın qarantoru olan Rusiyanın sülhməramlı kontingentinin sərgilədiyi davranışlarla bağlıdır. Xüsusən kontingentin komandanlığı Ermənistan ordusunun bölgədəki qalıqları və qeyri-qanuni erməni silahlı birləşmələrinin təcavüzkar niyyətlərini görməzdən gəlməklə və onlara açıq dəstək verməyə başlamaqla bölgədə gərginliyin artmasına zəmin yaratmaqdadır. Çox təəssüflə qeyd etməliyik ki, Rusiya sülhməramlıları missiyası ermənilərdən daha çox erməniləşməklə tədricən özünü sovetlər birliyinin 366-cı alayı kimi aparmaqdadır. Lakin hər kəs anlamalıdır və təbii olaraq da anlayır ki, siyasi və iqtisadi cəhətdən tam müstəqil olan Azərbaycan 1990-cı illərin Azərbaycanı deyil. Regionda yeni reallığı biz özümüz diktə edirik və 44 günlük savaş və sonrakı dövr bunun əyani sübutudur. İkincisi, biz bütün dünya dövlətləri, o cümlədən Rusiya Federasiyası ilə bərabərhüquqlu tərəfdaşlığa malikik və şəxsən Rusiya rəhbərinin tutduğu mövqe, Azərbaycanın ərazi bütövlüyünə verdiyi rəsmi dəstəyi çox yüksək qiymətləndiririk, Rusiya ilə münasibətlərimizin inkişafı və dərinləşməsində maraqlıyıq. Lakin sülhməramlıların Rusiya ilə Azərbaycan arasında mövcud yüksək səviyyəli münasibətlərin ruhuna daban-dabana zidd olan davranışlarına susmaq və ya dözümlü yanaşmaq kimi bir öhdəliyimiz yoxdur. Ötən il noyabrın 8-də Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə hərbçilər qarşısında çıxışında da ifadə etdiyi kimi, “Qarabağ bizim torpağımızdır. Rus sülhməramlılar orada müvəqqəti yerləşiblər, 2020-ci ilin 10 noyabr Bəyanatında onların müddəti göstərilir". Bu mənada müvəqqəti missiyanın özfəaliyyəti, Rusiya Müdafiə Nazirliyinin isə qeyri-adekvat davranışları, ilk növbədə, Moskvanın özünün maraqlarına zərbə vurmaqdadır.

O ki qaldı Ermənistana, Prezident İlham Əliyevin Zəfər Günü Şuşadan bəyan etdiyi kimi, “əgər ermənilər sülhməramlılara, yaxud digər kiməsə bel bağlayırlarsa, yenə də faciə ilə üzləşəcəklər".

banner

Oxşar Xəbərlər