• şənbə, 15 Noyabr, 15:10
  • Baku Bakı 16°C

Rusiya səfiri XİN-ə çağırıldı

15.11.25 04:41 138
Rusiya səfiri XİN-ə çağırıldı

Ukraynanın paytaxtı Kiyev şəhərinə raket və dron hücumları nəticəsində "İsgəndər" tipli raketlərdən biri Azərbaycan səfirliyinin ərazisinə düşüb. Bununla bağlı Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və ona müvafiq nota təqdim edilib.

Noyabrın 14-də Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Volodimir Zelenski Rusiyanın raket zərbəsi nəticəsində Azərbaycanın Ukraynadakı səfirliyinin inzibati binasının növbəti dəfə raket zərbəsinə məruz qalmasını qınayıb və bu hadisə ilə bağlı ciddi narahatlığını bildirib.

Bu cür hücumlar qəbuledilməzdir

Dövlətimizin başçısı da öz növbəsində ölkəmizin Ukraynadakı səfirliyinin binasının növbəti dəfə raket zərbəsinə məruz qalmasını pisləyib və bununla əlaqədar ciddi narahatlığını ifadə edib, beynəlxalq hüququn norma və prinsiplərinə əsasən, diplomatik nümayəndiliklərə qarşı bu cür hücumların qəbuledilməz olduğunu vurğulayıb.

Telefon söhbəti zamanı Volodimir Zelenski ölkəmizin Ukraynaya humanitar dəstəyinə görə təşəkkürünü bildirib. Dövlət başçıları, həmçinin ikitərəfli əlaqələrə dair fikir mübadiləsi aparıblar.

Rusiya səfirinə nota təqdim edilib 

Bu arada, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb və ona nota təqdim olunub. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, görüş zamanı, noyabrın 14-də təqribən gecə saat 1:00-da Ukraynanın paytaxtı Kiyev şəhərinə raket və dron hücumları nəticəsində "İsgəndər" tipli raketlərdən birinin səfirliyin ərazisinə düşməsi ilə bağlı kəskin etiraz bildirilib və ona müvafiq nota təqdim edilib.

Son partlayış nəticəsində səfirliyin ərazisinin hasarının bir hissəsinin tamamilə dağıldığı, konstruksiyaların, xidməti avtomobillərin, inzibati binanın və səfirliyin konsulluq şöbəsinin zədələndiyi, həmçinin diplomatik nümayəndəliyin ərazisinə ciddi ziyan vurulduğu, xoşbəxtlikdən bu zərbənin insan itkisinə səbəb olmadığı qarşı tərəfə bildirilib.

Raket hücumları əvvəllər də baş verib

Beynəlxalq hüququn norma və prinsiplərinə zidd olan bu kimi raket hücumlarının əvvəllər də baş verdiyi xatırlanıb. Xüsusilə, 2022-ci il 10 mart tarixində Azərbaycan Respublikasının Xarkov şəhərindəki Fəxri Konsulluğunun binasına aviazərbə nəticəsində inzibati binanın ciddi dağıntılara məruz qaldığı və xidməti avtomobilin yararsız hala düşdüyü qeyd edilib.
Bununla yanaşı, 2024-cü il yanvarın 2-də Rusiya tərəfindən "Kinjal" raketi ilə həyata keçirilən hava zərbəsi nəticəsində səfirliyin inzibati binasından təqribən 35 addım məsafədə diametri təxminən 3 metr olan krater yarandığı və yer səthindən 8 metr dərinlikdə detonasiya baş vermədiyi üçün partlamamış sursat aşkar edildiyi bildirilib.

2025-ci il avqustun 28-də isə Azərbaycanın Ukraynadakı səfirliyinə təxminən 50 metr məsafədə endirilmiş hava zərbəsi nəticəsində səfirliyin inzibati binasının və konsulluq şöbəsinin, səfirin rezidensiyasının zədələndiyi, həmçinin diplomatik nümayəndəliyin ərazisinə ciddi ziyan dəydiyi diqqətə çatdırılıb.

Eyni zamanda, 8 və 18 avqust 2025-ci il tarixlərində Odessa vilayətində SOCAR şirkətinin neft bazasına dron hücumları edildiyi, nəticədə işçilərin xəsarət aldığı infrastruktura böyük zərər vurulduğu xatırlanıb.

Faktların yaratdığı açıq sual

Bütün bu faktların, raket hücumlarının məqsədli olması barədə suallar yaratdığı vurğulanıb. Eyni zamanda, bütün bu faktlara dair Rusiya tərəfinə əvvəllər rəsmi notalarla məlumat verildiyi, həmçinin Ukraynadakı diplomatik təmsilçiliklərimizin yerləşdiyi binaların koordinatlarının hələ 2022-ci ilin aprel ayında Rusiya tərəfinə təqdim edildiyi, koordinatların Rusiya Müdafiə Nazirliyi tərəfindən nəzərə alınacağının bildirildiyi xatırlanıb.

Görüşdə, diplomatik təmsilçiliklərimizə bu kimi hücumların qəbuledilməz olduğu diqqətə çatdırılıb, Rusiya tərəfindən məsələ üzrə müvafiq araşdırma aparılması və ətraflı izahat verilməsi tələb olunub.

banner

Oxşar Xəbərlər