• şənbə, 30 Noyabr, 20:41
  • Baku Bakı 8°C

Revanş arzusundan doğan silahlanma - ŞƏRH

03.12.22 00:30 1325
Revanş arzusundan doğan silahlanma - ŞƏRH

Azərbaycan Ermənistanın hərbi büdcəsini kəskin artırmasını, silah alışı ilə bağlı son addımlarını diqqətlə izləyir.  Ermənistanın sülh danışıqlarından qaçması, Fransaya arxalanması, Hindistandan yeni partiya silahlar alması, İranın zərbə dronlarına maraq göstərməsi onun gələcək planlarının məzmununu açır. 

Hərb meydanında acı məğlubiyyətə düçar olmuş dövlətin yenidən baş qaldırmaq üçün vurnuxmaması üçün diktə edən tərəf ona bir neçə istiqamətdən əlavə zərbələr endirməlidir.

Strateji ağlı və praqmatik yanaşması olan məğlub ölkə keçmişdən süzülüb gələn mifik obrazlardan və iddialardan əl çəkməli və özünü gələcəyə kökləməlidir.

Təəssüflər olsun ki, Azərbaycanı özünün əbədi düşmən kimi xarakterizə edən Ermənistan üçün bu fikirləri söyləmək çətindir, çünki rəsmi İrəvan tarixin müxtəlif mərhələlərində ermənilərin yaratdığı əsatirlərin əlində əsir-yesirdir.

Ermənistan dərs çıxarmır

Azərbaycana 44 günlük müharibədə biabırçı şəkildə uduzan, postmünaqişə dövrünün tənzimlənmə mərhələlərində istər sərhəd zonasında, istərsə də diplomatik arenalarda ardıcıl və sistemli məğlubiyyətlərdən nəsibini alan Ermənistan olanlardan dərs çıxarmır.

Bunun əvəzinə Azərbaycan və Türkiyənin yaratdığı qorxu səbəbi ilə mürgüləyən ərazi iddiaları sevdasını oyatmaq üçün nəzəri ideyaları əməli müstəviyə daşıyır.

Düzdür, canlarına qorxu elə hopub ki, bu isterika Yer kürəsinin məhv olma anına qədər onların xarakterində qalacaq, lakin yenə də nələrəsə ümid edib Qarabağ müharibəsinin nəticələrini dəyişməyə çalışırlar.

Ermənistanın hakimiyyət zümrələrində elə dairələr var ki, onlar Azərbaycanın qarşısına keçməyin ağılsızlıq olduğunu dərk edirlər, lakin bu, böyük ideoloji sunaminin içərisində itib-batan bir neçə damla səviyyəsindən o tərəfə keçməyib.

Hərbi xərclərdəki məkr

Ona görə də, Ermənistan 2023-cü il üçün dövlət büdcəsində hərbi xərcləri artıraraq onu 1.3 milyard dollar həddinə qaldırmağı planlaşdırır ki, bu da 2018-ci illə müqayisədə iki dəfə çoxdur.

Ermənistanın Azərbaycanla sülh danışıqlarından qaçması, revanşist hissləri qidalandıran Fransaya arxalanması, Hindistandan yeni partiya silahlar alması, İranın zərbə dronlarına maraq göstərməsi fonunda müdafiə xərclərinin həcmini genişlətməsi onun gələcək planlarının məzmununu açır.

Ermənistan sürətlə öz taktiki və strateji itkilərini, iqtisadi bataqlıqdakı çırpıntılarını aradan qaldırmaqdan ötrü İranın zərbə dronlarına əşhədü ehtiyac duyur.

Azərbaycan növbəti münaqişəyə həssas olan Cənubi Qafqaz regionundakı qlobal çəkişmələri, Ermənistanın bundan istifadə edib Bakıya qarşı qisasçılıq hissinə düşməsini nəzərə aldığından İrəvanın silah bazarlarına olan marağının ülvi amallara xidmət etmədiyini başa düşür.

Azərbaycan nə edir?

Azərbaycan həm siyasi, həm diplomatik, həm də kəşfiyyat imkanları vasitəsilə Ermənistana silah trafikini izləməlidir və nəticənin İrəvanın bədnam maraqlarına uyğun olmamasına çalışmalıdır.

Hərçənd ki, Azərbaycan ordu arsenalı, canlı qüvvə, yüksək dəqiqlikli silahlar, kəşfiyyat və pilotsuz zərbə aparatları, elit bölmələr sayəsində Ermənistandan qat-qat üstündür. Yəni İrəvanın Azərbaycana strateji təhlükə yarada biləcək həddə qədər silahlanması üçün illər lazımdır, amma Bakı ehtiyatı əldən vermir və situativ də olsa başağrısı ilə üzləşmək istəmir.

Çünki İrəvan Azərbaycan-Türkiyə ittifaqına qarşı Hindistan-Ermənistan-İran triosunun birliyinə nail olmaq üçün dəridən-qabıqdan çıxır, lakin bu nə hipotetik, nə də praktiki olaraq perspektiv potensiala malikdir.

Ən azından nəzərə alınmalıdır ki, Azərbaycanla Türkiyənin yaratdığı hab,  Bakının Rusiya ilə isti münasibətləri, Qərbdəki Britaniya kimi “gizli müttəfiqi”, ABŞ kimi tərəfdaşı, Çinlə artan temp üzrə əməkdaşlığı Ermənistana siyasi sərmayə yatırmaq istəyənlərə bir xəbərdarlıq nişanəsidir.

Bu nişanın tələblərinə məhəl qoymamaq Ermənistana arxa-dayaq olmaq istəyənlərin İrəvanın revanşı üçün xərclədiyi pulları havaya sovurması deməkdir. Bu baxımdan düşünmək olar ki, Azərbaycanın sülh istəməyən qonşusuna dəstəyin də bir limiti olacaq.

Azərbaycan həm Rusiya mərkəzli, həm də Avropa İttifaqının nüvəsində dayandığı danışıqlar masasını dağıtmaq istəyən Ermənistana öz öhdəliklərini xatırlatmaq üçün tələblərinin qeyri-müəyyən müddətə təxirə salınmadığını göstərməlidir.

Azərbaycan hələ ki strateji təmkinini qoruyub saxlayır və Ermənistana nəfəs vermək istəyənlərin girmək istədiyi yolun təhlükəli olduğunu diplomatik məzmunla çatdırır.

Yeni Dehlidə Azərbaycan və Hindistan xarici işlər nazirlikləri arasında keçirilən siyasi məsləhətləşmələr Bakının siyasi-diplomatik yollara hələ də üstünlük verdiyinin göstəricisidir.  

Hindistan “Zəngəzur”da olmaq istəyir

Hindistanın mövqeyində köklü dəyişiklik gözləmək əbəs olsa da, onun müəyyən mərhələlərdə Ermənistana arxa çevirməsi mümkündür, çünki strateji maraqları bunu tələb edir.

Qazandığı güclə dünya nəhəngindən birinə çevrilən Hindistan da iqtisadi üfüqlərdə gələcək üçün işıq saçan layihələri cəlbedici görür. Zəngəzur dəhlizi Şərq-Qərb marşrutu ilə yanaşı, Hindistanın pay sahibi olduğu Şimal-Cənub beynəlxalq nəqliyyat koridoruna inteqrasiya edilə bilər ki, bu da Yeni Dehlinin aqressiyalarına son qoyar.

Ermənistan Azərbaycanın başlatdığı sülh və təhlükəsizlik prosesinin önünə tıxac vurmaq niyyətlərindən əl çəkməlidir, heç olmasa diqqətdə saxlamalıdır ki, Zəngəzur dəhlizi layihəsi qlobal tədarük zəncirlərində yeni həlqə olacaq və bütün güclər burada öz maraqlarını təmin etməyə çalışacaq.

Buna müxtəlif üsullarla maneə yaradan, gah İrana, gah  Fransaya, gah da başqa tərəflərə sürüşən Ermənistan unutmamalıdır ki, Azərbaycanın sərhədlərə dair, sülh və təhlükəsizlik modelinə aid strateji baxışları eyni zamanda qlobal missiyaya xidmət edir. Ona görə də, Ermənistan hazırkı tempi saxlasa, Azərbaycan hərbi güc tətbiq etməli olacaq. 

Aqşin Kərimov

 

 

 

 

 

banner

Oxşar Xəbərlər