• bazar ertəsi, 16 sentyabr, 23:02
  • Baku Bakı 25°C

Rəsmən müttəfiq olduq

24.08.24 06:18 2209
Rəsmən müttəfiq olduq

Prezident İlham Əliyev özbəkistanlı həmkarı Şavkat Mirziyoyevin dəvəti ilə Özbəkistana dövlət səfəri edib. Səfər çərçivəsində imzalanan sənədlərlə iki ölkə arasındakı münasibətlər rəsmən müttəfiqlik səviyyəsinə qaldırılıb.  

Avqustun 23-də Daşkənddəki “Kuksaroy” dövlət iqamətgahında Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva qarşılayıblar.
Daha sonra dövlət başçılarının məhdud tərkibdə görüşü olub. Görüşdə Azərbaycan ilə Özbəkistan arasında münasibətlərin strateji müttəfiqlik xarakteri daşıması məmnunluqla vurğulanıb, enerji, nəqliyyat, turizm sahələrində əməkdaşlıq müzakirə olunub, beynəlxalq və regional məsələlər ilə bağlı fikir mübadiləsi aparılıb. 

Avqustun 23-də prezidentlərin iştirakı ilə Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın birinci iclası keçirilib. Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması mərasimi olub, daha sonra dövlət başçıları mətbuata birgə bəyanatla çıxış ediblər. 

"Biz bu gün tarix yazdıq"

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfərini iki ölkə arasında çoxəsrlik dostluq münasibətlərinin inkişafında tarixi hadisə adlandırıb və dövlətlərarası qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsində yeni mərhələnin başlandığını bildirib: “Bu gün hörmətli İlham Heydər oğlu ilə müttəfiqlik münasibətlərinə dair müqavilə imzaladıq. Bu sənəd dövlətlərarası qarşılıqlı fəaliyyətimizin möhkəmləndirilməsində yeni səhifənin açılması ilə əlamətdar olacaq. Biz bununla çoxplanlı tərəfdaşlığımızın hərtərəfli inkişafı kursuna möhkəm sadiqliyimizi təsdiq etdik”.

Onun sözlərinə görə, Özbəkistanın müttəfiqlik münasibətləri saxladığı ölkələrin sayı çox azdır, amma indiyədək heç bir ölkə ilə bu cür qısa müddətdə belə müqavilə imzalanmayıb: “Biz bu gün tarix yazdıq. Bu tarix öz təcəssümünü Azərbaycan və Özbəkistan xalqlarının rifahında tapacaq”.

"Sosial layihələr bugünkü Özbəkistanın simasıdır"

Azərbaycan Prezidenti İlham Əliyev özbəkistanlı həmkarı Şavkat Mirziyoyevlə mətbuata bəyanatında Özbəkistanın sürətli inkişafını qeyd edib. Dövlət başçısı deyib: “Müxtəlif dövrlərdə, xüsusən son illər Özbəkistana dəfələrlə səfər etmişəm və Şavkat Miromonoviçin rəhbərliyi ilə özbək xalqının həyata keçirdiyi möhtəşəm dəyişiklikləri əyani şəkildə görmüşəm. Şəhərlər gözəlləşir, sənaye fəal inkişaf edir. Daşkəndə ötən səfərimdə biz birlikdə böyük sənaye kompleksində olduq. Bütün bunlar müdrik siyasətin nəticəsidir. Xarici investisiyaların cəlbi, əlverişli biznes mühitinin yaradılması, sosial-iqtisadi inkişafa dair aparılan gündəlik iş, çoxlu sayda sosial layihələr bugünkü Özbəkistanın simasıdır”.

Yüksək siyasi nüfuza malik ölkə

Dövlət başçısı bildirib ki, Özbəkistan təkcə regionda deyil, həm də dünya miqyasında yüksək siyasi nüfuza malik olan ölkəyə çevrilib. “Özbəkistan təkcə regionda deyil, həm də dünya miqyasında yüksək siyasi nüfuza malik ölkəyə çevrilib. Biz buna səmimi-qəlbdən sevinirik. Şavkat Miromonoviçin müdrik siyasətinin son təzahürü özbək idmançılarının Yay Olimpiadasında tarixi uğuru oldu. Onlar çoxlu medal qazandılar, onlardan 8-i qızıldır. Həmçinin müsəlman ölkələri arasında birinci və dünyada 13-cü yeri tutdular. Bu, tarixi nailiyyətdir”, - Prezident İlham Əliyev deyib.

"Biz rəsmən Özbəkistanın müttəfiqi olduq"

Prezident iki ölkə arasında imzalanan sənədlərdən danışıb. Bildirib ki, bu gün Azərbaycan və Özbəkistan rəsmən müttəfiq oldular. Dövlət başçısı vurğulayıb: “Bu gün biz rəsmən müttəfiqlər olduq. Əslində, razı olardım ki, bu, tarixi məqamdır. Müttəfiqlik münasibətlərinə dair müqavilə iki ölkənin imzalaya biləcəyi ali səviyyədə beynəlxalq sənəddir. Biz bu gün Daşkənddə həqiqətən də münasibətlərimizin yeni fəslini deyil, kitabını yazırıq. Bu gün iki qardaş xalq, iki müstəqil, güclü, suveren, nüfuzlu dövlət rəsmi müttəfiq oldu. Bu, çox mühüm xarici siyasət addımıdır və gələcək illərdə münasibətlərimizi, həmçinin bir çox hallarda regional siyasəti müəyyən edəcək”.

İlham Əliyev bildirib ki, regionlarımızda müsbət proseslər Daşkənd ilə Bakı arasında səmərəli əməkdaşlıqdan asılıdır. 

Xankəndidə yüngül sənaye müəssisəsi

Azərbaycan Prezidenti mətbuata bəyanatında bildirib ki, özbəkistanlı həmkarıyla danışıqlarda işğaldan azad olunmuş Xankəndi şəhərində yüngül sənaye müəssisəsinin yaradılması layihəsini müzakirə edib.

“Yalnız mühüm olan bir layihəni ayrıca qeyd etmək istərdim. Bu, işğaldan azad olunmuş Xankəndi şəhərində yeni yüngül sənaye müəssisəsinin yaradılması ilə bağlıdır. Bu, xalqlarımızın qardaşlığının və dostluğunun daha bir rəmzidir. Biz həmişə - istər işğal dövründə, istərsə də İkinci Qarabağ müharibəsi illərində və sonra özbək xalqının qardaş dəstəyini hiss etmişik. Mən bu gün bu barədə danışmışam, Özbəkistan ilk ölkədir ki, Prezidentin təşəbbüsü ilə bizə təkcə mənəvi dəstək göstərməklə yanaşı, həm də azad olunmuş ərazilərin bərpasında kömək edib”, - Prezident bildirib. 

Azərbaycan-Özbəkistan İnvestisiya Fondu

İqtisadi əlaqələrin digər istiqamətlərinə də toxunan Prezident İlham Əliyev bildirib ki, Azərbaycan və Özbəkistan birgə İnvestisiya Fondunun kapitalını artırmalıdırlar. “İkitərəfli gündəliyi və üçüncü ölkələrə investisiyalarla çıxışı artıracağıq. Qardaş ölkələr, müttəfiqlər kimi inamla, layiqincə, çiyin-çiyinə addımlayırıq və irəliləməyə davam edəcəyik”, - o deyib. 

Səfər çərçivəsində Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin hər iki ölkənin işgüzar dairələrinin nümayəndələri ilə görüşü keçirilib.

Həmçinin, Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva avqustun 23-də Daşkənddə Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva ilə görüşüb. Birinci xanımlar Daşkənddə “Mexrli” məktəbi ilə tanış olublar, Özbəkistanın Xalq rəssamı Akmal Nurun əsərlərindən ibarət sərgi ilə tanış olub və Özbəkistan milli geyimlərindən ibarət kolleksiyaya baxıblar.

 

banner

Oxşar Xəbərlər