cümə, 09 Iyun, 09:33

Baku Bakı 18°C

Qondarma dövlətin insanlıq suçu - VİDEO

icon 213 icon 25 may 2023 | 21:26 Qondarma dövlətin insanlıq suçu - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

Kaspi.az xəbər verir ki, “Ermənilərin azərbaycanlılara qarşı işgəncə növləri” adlı süjetdə Rusiya və Avropadan olan havadarların, türk düşmənlərinin yardımı ilə ermənilərə qurulan qondarma dövlət yarandığı tarixdən mülki azərbaycanlılara qarşı törədilən vəhşiliklərdən, indiki Ermənistan ərazisindən məcburi didərgin düşən azərbaycanlılara dəyən ziyandan söz açılır.

Bildirilir ki, bu proseslər zamanı ermənilər Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın yüzlərlə yaşayış məntəqəsini yerlə-yeksan edib, 30 minə yaxın evi dağıdıb və yandırıb, qoca, uşaq və qadınların da daxil olduğu 140 min insanı vəhşicəsinə qətlə yetirib, 750 mindən çox azərbaycanlı didərgin salınıb: “Təkcə 1988-ci ildə Ermənistandan 250 min azərbaycanlı məcburən qaçqın vəziyyətə düşüb. Ermənistanın bu qanunazidd və insanlıqdan uzaq fəaliyyəti nəticəsində azərbaycanlılar 8 min kvadrat kilometr ərazidən, 172 yaşayış məntəqəsindən, yəni tarixi torpaqlarından çıxarılıblar. Bu cinayət zamanı 216 azərbaycanlı qətlə yetirilib, o cümlədən 2 nəfərin başı kəsilib. 13 nəfər yandırılıb, 1 nəfər asılıb, 3 nəfər doğranıb. Bununla digər əsir və girovlara göz dağı verilib”.

Həmçinin qeyd olunur ki, 1988-ci ildən bu günə kimi Ermənistanda bir nəfər azərbaycanlının yaşamaması işğalçı “dövlətin” apardığı soyqırımın, etnik təmizləmə siyasətinin təsdiqi olduğu vurğulanır: “Ermənilər və havadarları saxta “soyqırımı” ideyası ilə türklərə daim təzyiq ediblər. Ancaq azərbaycanlıların Ermənistandan məcburi köçürülməsi, yaxud qovulması uzaq tarix deyil və unudulmağa çalışılır. Boş qalan yurd yerləri, dağıdılmış evlər, 35 ildir əkilməyən, şumlanmayan torpaqlar tarixi, faciəni təsdiqləyən faktlardır. Bu məsələlərdə dünyanın gözü sanki kor kimi görünür. Ədalətlini yox, ədalətsizi qoruyur, ona dəstək verir. Bütün bu haqsızlıqlar 30 il Qarabağda və ətraf rayonların işğalı zamanı davam etdi. Bu mənzərə 35 ildir Qərbi Azərbaycandan didərgin salınan azərbaycanlıların hüquqlarının pozulmasında da aydın görünür.

Diqqətə çatdırılır ki, vaxtilə Azərbaycan Qaçqınlar Cəmiyyəti, hazırda isə Qərbi Azərbaycan İcmasının hesablamalarına görə, 1988-ci ildə Ermənistandan qovulan qaçqınlara dəyən ümumi maddi ziyan 20 milyard ABŞ dollarından çoxdur: “Beynəlxalq qiymətləndirmə standartlarına görə, 33-35 ildən sonra bu rəqəm 1 trilyon ABŞ dollarını keçib. Soydaşlarımıza dəyən mənəvi ziyanın qədəri isə ölçüyə gəlməzdir”.

Süjet bu fikirlə tamamlanır: “Ermənistanın dəyən maddi və mənəvi ziyanın ödənilməsi barədə düşünməsi qaçılmazdır. Çünki, bu, “Türksüz Ermənistan” ideyasının müəlliflərinə, onların yaxın və uzaq xaricdəki havadarlarına əsl dərs olacaq.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş mayın 25-də saat 19:30-da Baku Tv-nin efirində və 21:00-da isə Youtube kanalında yayımlanıb.